Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2892/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikilinin və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.ƏLəkbərov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikilinin və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi ziyan tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı tikilinin və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qızı, Cavabdeh2 kürəkəni, Sevda Muradova isə onların qızı, yəni onun nəvəsidir. Oğlu Ədalət 1983-cü ildə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsini tutmuş və çəpərə almışdır. Cavabdehlər onun yazılı razılığı olmadan onun əkib becərdiyi torpaq sahəsinə daxil olmuş, keyfiyyətli bar verən ağacları kəsdirmişlər. Hətta ondan 26.12.2019-cu ildə şər-böhtanlarla iddia ərizəsi yazdırmışlar. Eləcə də cavabdehlər qonşuları da bezdirmişlər. Cavabdehlər onun şərəf və ləyaqətini alçaltmış və onu təhqir etmişlər. Onlar onu tutdurmaqla hədələmiş, oğurluq və narkomanlıqda təqsirləndirmişlər. 102-yə zəng edib onu tutdurmaqla hədələyirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil gətirmədən, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçıya cavabdehlər tərəfindən maddi ziyanın vurulmasının heç bir dəlil ilə sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-52/2020 saylı 16.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı gözəllik salonu və evin sökülməsi, maddi və mənəvi zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədə müəyyən edilmişdir ki, cavabdehlərin inşa etdikləri tikili ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumatlandırma icraatı qaydasında məlumat verilmiş və həmin orqan tərəfindən bununla bağlı cavabdehlərə etiraz edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Cavabdeh1 aid tikilinin eskiz layihəsindən görünür ki, həmin sahədə bir mərtəbəli tikilinin inşası nəzərdə tutulmuşdur. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Cavabdeh1 ünvanlanmış 22.06.2018-ci il tarixli məktubunda Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 102 kv.metr sahədə tikilinin inşası məqsədilə müraciətə baxıldığı qeyd edilmişdir. İşə əlavə olan Sumqayıt Bələdiyyəsinin İddiaçı ünvanlanmış 29.03.2019-cu il tarixli, 872 nömrəli məktubundan görünür ki, onun torpaq sahəsinin fərdi ev tikintisi üçün rəsmiləşdirilməsi barədə müraciətinə cavab olaraq sahəyə yerində baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi şəhərin baş planına əsasən fərdi ev tikintisi üçün nəzərdə tutulmamışdır. Bu səbəbdən müraciətin müsbət həlli Sumqayıt Bələdiyyəsinin imkanı xaricindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 13.11.2018-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə idarəyə müraciət etdikdən sonra onun müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli tikilinin yerləşdiyi ərazi zəbt olunmuş torpaq sahəsi olmaqla tərəflərdən heç birinin mülkiyyətində deyildir. Onların həmin torpaq sahəsi və tikililərə dair hər hansı hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı tikilinin sökülməsi barədə iddia qaldırmağa hazırki iş üzrə iddiaçının subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi tələbi ilə çıxış etmək üçün öncə həmin tikililərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya digər qanuni əsaslarla istifadəsində olduğunu və yaxud həmin tikililərin onun hər hansı hüquqlarını pozduğunu sübut etməlidir. Lakin, tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi olmaqla, nə iddiaçının, nə də ki, cavabdehlərin mülkiyyətindədir. Yəni, iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. Eyni zamanda iddiaçı cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş gözəllik salonunun və kanalizasiya xəttinin onun hansı hüquq və maraqlarına toxunduğunu, həmin tikililərin inşa edilməsi nəticəsində onun hansı hüquqlarının pozulduğunu əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Vurulmuş maddi və mənəvi ziyanla bağlı iddia tələbinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində ona dəymiş zərərin məbləğini göstərməmişdir. Eyni zamanda iddiaçı ona cavabdehlərin hansı təqsirli hərəkətləri nəticəsində maddi, eləcə də mənəvi ziyan dəydiyini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 17 iyun 2021-ci il tarixli 2(060)-3165/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2892/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2892/2021
01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver