Məhkəmə qərarları › İş №2(105)-2900/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2900/2021

27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2900/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-3890/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-3890/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilib, Cavabdeh 1850 manat və 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-3890/2021 saylı qətnaməsinin qismən – 1850 manat məbləğində pul tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1850 manat və 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsalandırmışdır ki, onun Cavabdeh ilə dostluq münasibətləri var və həmişə münasibətləri yaxşı olmuşdur. O, 2014-cü ilin yanvar ayından 2019-cu ilin dekabr ayına kimi Almaniya Respublikasında yaşamış və orada işləmişdir. Azərbaycan Respublikasında bir nəfər şəxs ona 1850 manat və 2950 manat Evro pul verməli idi. Həmin vaxt o, Cavabdeh xahiş etmişdir ki, həmin pulu alıb saxlasın və Azərbaycan Respublikasına qayıdanda pulu ona verər. Cavabdeh həmin şəxsdən 1850 manat və 2950 Evro pulu almış, lakin bu günə kimi ona qaytarmamışdır. Hər dəfə istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmır. Ona görə də, o, cavabdehin barəsində Sumqayıt Şəhər Prokurorluğuna şikayət etmiş və ona müraciətinin mülki xarakterli olduğu izah edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 16 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə tam, obyektiv və hərtərəfli araşdırma və qiymətləndirmə aparmadan baxmış və qətnamə qəbul etmişdir. Bu halda isə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz dəlil və etirazlarının əsaslarını məhkəmədə sübut etməlidir. Bu işdə iddiaçının əlində onun ona borclu olmağı barədə hər hansı bır sübut olmamışdır. Qanuna əsasən məhkəmədə sübut kimi yazılı və şifahi sübutlar-qəbz, müqavilə, akt və sairə, eləcə də şahid ifadələri təqdim edilməlidir. İddiaçı isə belə bir sübutları məhəkməyə təqdim etməmişdir. Əgər onun vicdanı olmasa idi və ümumiyyətlə iddiaçıya hər hansı bir borcu olmadığını bildirsəydi, heç bir sübut olmadığı üçün məhkəmə bu iddianı rədd edəcəkdi. Amma o, bunu vicdanına sığışdırmamış və iddiaçıya həqiqətən də 2950 Evro borcu olduğunu etiraf etmiş, 1850 manatı isə iddiaçının öz xahişi ilə qızıl alıb ona göndərdiyini bildirmişdir. Əgər iddianı danmaq istəsəydi, bütün borcu danardı və birinci instansiya məhkəməsi iddianı rədd etmiş olardı. Bu işdə o, səmimi olaraq borcunu etiraf etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – 1850 manat məbləğində pul tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib, qətnamənin qismən – 1850 manat məbləğində pulun tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Almaniya Respublikasında olarkən Cavabdeh mənzil almaq üçün pul göndərmiş və Cavabdeh mənzil alıb, öz adına rəsmiləşdirmişdir. İddiaçı Almaniya Respublikasından qayıtdıqdan sonra cavabdeh həmin mənzili İddiaçı mülkiyyətinə keçirtmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus mənzilin sonuncunun sahibliyində olduğu müddət ərzində kirayə olaraq istifadə edilməsi nəticəsində əldə etdiyi 1850 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafıə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus mənzilin sonuncunun sahibliyində olduğu müddət ərzində kirayə olaraq istifadə edilməsi nəticəsində əldə etdiyi 1850 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisəlndiriıən hissədə təmin edib, Cavabdeh 1850 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisələndirilən hissədə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «Cavabdeh 1850 manat pul alınıb İddiaçı ödənilsin» hissəsində ləğv edilməli və və iddia həmin hissədə təmin edilməməli, qətnamə - «Cavabdeh 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin» hissəsində mübahisəndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin predmeti 1850 manat məbləğində pul tələbindən ibarət olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-3890/2021 saylı qətnaməsi qismən – «Cavabdeh 1850 manat pul alınıb İddiaçı ödənilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. İddia qismən təmin edilsin. Qətnamə - «Cavabdeh 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin» hissəsində mübahisəndirilməmişdir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar