Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2906/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 1500 (min beş yüz) manat sığorta ödənişi, 31 manat dövlət rüsumu ümumilikdə 1531 (min beş yüz otuz bir) manat pulun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, X3 bədəninə dəymiş az ağır xəsarətə görə 1500 manat sığorta ödənişi məbləği və 31 manat dövlət rüsumunun, ümumilikdə 1.531 (min beş yüz otuz bir) manat pul vəsaitinin Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 avqust 2013-cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi Mersedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdakan-Bakı şossesi yolunda hərəkət zamanı düzgün ara məsafəsi seçməmiş, nəticədə VAZ markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı X.Y.Talıbov bədən xəsarəti almışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli hökmünə əsasən təqsirli bilinərək cəzalandırılmışdır. 05 sentyabr 2013-cü il tarixli Məhkəmə Ekspertiza rəyinə əsasən yol nəqliyyat hadisəsi zamanı Cavabdeh bədənində vurulan zərərin dərəcəsi az ağır kimi qiymətləndirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən bədənə az ağır xəsarətə görə 30% sığorta ödənişi ödənilir. Sığorta məbləği 5.000 manat təşkil etdiyinə görə X.Y.Talıbova 1500 manat sığorta ödənişi edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə çəkişmə prinsipini pozmuşdur. İşə baxan məhkəmə işə birtərəfli yanaşaraq, yalnız iddiaçının maraq mövqeyini müdafiə edərək iddiaçının iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etməsini, dəymiş ziyanla bağlı mütəxəssis rəyinin təqdim olunmamasını nəzərə almadan iddianı təmin etmişdir. O, cinayət məsuliyyətinə cəlb edilmiş, cəzasını tam çəkmişdir. Bu pulun tutulması onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(060)-17935/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddianın iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.H.Rəhimov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, ərizəyə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan 011994 saylı sığorta aktının surətindən görünür ki, Mersedes Benz C 180 markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən maddi zərərdən sığortalanmış və sığorta müddəti 12 sentyabr 2012-ci il tarixindən 11 sentyabr 2013-cü il tarixinədək müəyyən edilmişdir. Sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X.Y.Talıbov ağır xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5.000 manat təşkil edir və həmin puldan 30% azad olma çıxıldıqdan sonra X.Y.Talıbova 1500 manat təşkil edilib. İşə əlavə edilmiş "xxxx" ASC-nin 19 noyabr 2014-cü il tarixli ödəniş tapşırıgın əlavədən görünür ki, X.Y.Talıbova "xxxx" ASC-ti tərəfindən dəymiş 1500 manat məbləğində sığorta ödənişi ödəmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə nəqliyyat vasitələrini idarə etməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortlar haqqında” Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ailə vəziyyətinin ağır olması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, həmin dəlil qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 13 dekabr 2016-cı il tarixli 2(060)- 17935/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2906/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2906/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver