Məhkəmə qərarları › İş №2(105)-294/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-294/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-294/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”na və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 22 sentyabr 2014-cü il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada görmə orqanları müayinə olunduqdan sonra ona "OU- Hipermetriya orta dərəcəli" diaqnozu qoyulmuş və müvafiq müalicə təyin edilmişdir. Lakin zaman keçdikcə görmə qabiliyyətinin daha da zəifləməsi, kəskinliyin daha da azalması, vizual sahənin daha da daralması, səhər və axşam saatlarında başının alın və gicgah nahiyələrində baş verən küt ağrılar şikayəti ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda çalışan həkim-oftalmoloq Cavabdeh2 müraciət etmişdir. Həkim Cavabdeh2 onun gözlərini müayinə etmiş və təcili cərrahiyyə əməliyyatının zəruriliyini bildirmişdir. Cavabdeh2 dediyinə görə onun sol gözü uşaqlıqdan “tənbəl gözdür” (ambliopiya) və artıq müalicə oluna bilməz. Sağ gözündə isə görmə qabiliyyəti 50-60%-dir, keçirəcəyi cərrahiyyə əməliyyatından sonra görmə qabiliyyəti tam bərpa ediləcək və həmin gözdəki gərginlik aradan qaldırıldıqdan sonra baş ağrıları da kəsiləcəkdir. Onun bacısı oftalmoskopiya, MRT və sair yoxlamaların aparılıb-aparılmayacağını soruşanda, həkim Cavabdeh2 belə bir yoxlamalara ehtiyac olmadığını bildirmişdir. 23 aprel 2017-ci il tarixdə onun üzərində "ODkataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" əməliyyatı aparılmış və əməliyyatdan sonra həkim Cavabdeh2 əməliyyatın çox uğurla keçdiyini bildirmişdir. Əməliyyatdan öncə həkim Cavabdeh2 ona bu əməliyyatın çox sadə əməliyyat olacağını və əməliyyatdan sonra 3-4 aya sağalacağını bildirsə də, belə olmamışdır. Belə ki, əməliyyatdan sonra onun görmə qabiliyyəti bərpa olunmamış və baş ağrıları kəsilməmişdir. Dövri olaraq həkim qəbuluna gələrək, vəziyyətinin əməliyyatdan sonra getdikcə daha da ağırlaşdığını bildirdikdə, həkim Cavabdeh2 narahat olmağa heç bir əsas olmadığını, təyin etdiyi dərman müalicəsini davam etdirməyi, zaman keçdikcə sağalacağını bildirərək, onu sakitləşdirirdi. Əməliyyatdan 9 aydan çox vaxt keçsə də, əməliyyatdan öncəki şikayətlərinin keçmədiyini və daha da artdığını gördükdə, başqa həkimə müraciət etmək qərarına gəlmişdir. 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Hərbi Hospitalında çalışan həkim oftalmoloq Anar Rəhimov onu müayinə edərək bildirmişdir ki, aparılmış “ODkataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası" cərrahiyyə əməliyyatının ona heç bir köməyi ola bilməzdi. Belə ki, gözləri ilə əlaqədar onun heç bir problemi yoxdur və təcili MRT yoxlamasından keçməlidir. Anar Rəhimovun göndərişinə əsasən 13 mart 2018-ci ildə “MedEra Hospital"a müraciət etmiş, burada həkim-radioloq Anar Fərzəliyev “X13 Tomoqrafiya" və "X9 Tomoqrafiya" müayinələrini keçirərək ona bildirmişdir ki, beynində türk yəhəri nayihəsində meningioma vardır və bu xoşxassəli törəmənin ölçüləri artıq 40x40x30 mm-ə çatmışdır. Beynindəki bu meningioma zaman keçdikcə böyümüş, görmə sinirlərini və digər ətraf sinirləri sıxmış, nəticədə həmin sinirlər zədələnmiş, baş ağrıları artmış, ümumiyyətlə, həyatına təhlükə yaranmışdır. Bütün bunlar onunla nəticələnmişdir ki, yol verilmiş həkim səhvi nəticəsində səhhətində yaranmış problemlə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında ona İ qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin olunması üçün müayinə olunduğu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Ruhəngiz Balayeva da ona əməliyyatdan öncə zəruri olan müayinələrin keçirilməməsi səbəbindən onkoloji yeni törəmənin aşkar edilməməsi, uzun sürən təsir nəticəsində “OU-görmə sinirlərinin atrofiyası” diaqnozu qoymuşdur. Bütün bu baş verənlər ona maddi zərər yetirməklə yanaşı, ağır psixoloi zərbələr vurmuşdur. Həkim səhvi onun ətraf mühitdən, cəmiyyətdən əhəmiyyətli dərəcədə təcrid olunmağına səbəb olmuşdur. Onu müayinə etmiş həkimlər yaranmış görmə sinirlərinin atrofiyasını tam aradan qaldırılmasının mümkün olmadığını bildirmişlər. Həkim Cavabdeh2 düzgün diaqnozun qoyulmasına kömək edəcək bir çox müayinələrin aparılmasını təyin etməli olduğu halda, bunları etməmiş, əməliyyatdan öncə zəruri müayinələri, yəni göz dibinin müayinəsini, maqnit rezonans tomoqrafiya və X9 tomoqrafiya müayinələrini aparmamışdır. Cavabdeh2 əməliyyatdan öncə və əməliyyatdan sonra qoyduğu diaqnoz əsasında kecirəcəyi əməliyyatın əks göstəriciləri barədə ona məlumat verməmişdir. Həkim səhvi nəticəsində onun məruz qaldığı maddi zərər 58273 manat məbləğindədir. Qismən də olsa səhhətində yaxşılaşmanın baş verməsi üçün yeni bir ağır əməliyyata ehtiyac olduğu göstərilmişdir. Bu əməliyyatı etdirmək üçün Rusiya klinikalarından birinə müraciət etməyi düşünür. Əməliyyata görə ailə üzvlərindən biri ilə getmək üçün yol xərci, orada qalmaq və yemək xərci üçün təxminən 75000 manat lazım olacaq. Həkim səhvi nəticəsində ona vurulmuş mənəvi zərəri 25000 manat məbləğində dəyərləndirir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdi. Burada keçirilmiş tibbi müayinələr nəticəsində ona “OU Hipermetropiya orta dərəcəli” diaqnozu qoyulmuşdur. Eyni şikayətlə 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası"na müraciət etdikdə də, burada keçirilmiş tibbi müayinələr nəticəsində ona “OU orta dərəcəli Hipermetropiya” diaqnozu qoyulmuşdur. Hər iki tibb müəssisəsində müvafiq müayinələr nəticəsində ona qoyulmuş eyni diaqnoz-"OU Hipermetropiya orta dərəcəli" təsdiq edilmiş, həkim məsləhəti və müalicəsi “Eynək korreksiyası" olmuşdur. 11 aprel 2017-ci il tarixində "Liman Klinikası"na görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə müraciət etdikdə, burada keçirilmiş tibbi müayinələr nəticəsində ona “OU Komplikat katarakta" diaqnoz qoyulmuş və 23 aprel 2017-ci il tarixində üzərində “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatı aparılmiş, əməliyyatdan sonra həkim məsləhəti üzrə müalicə göz damcıları və vitamin qəbulu olmuşdur. Beləliklə, 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozu ilə 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU Hipermetropiya orta dərəcəli” diaqnozu və 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU orta dərəcəli Hipermetropiya” diaqnozu arasında kəskin ziddiyyət, uyğunsuzluq olmuşdur. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz olduğunu, sol gözündə “OU Komplikat katarakta”nın olmadığını hesab etməyə əsas verir. 30 yanvar 2018-ci il tarixində bir daha görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdi. Burada keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raporu”nun nəticəsində göstərilir ki, VEP (pattern) OU-PİOO kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. VEP (flash) OU- P2 latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun və 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası" cərrahi əməliyyatının, əməliyyatdan sonrakı müalicənin nəticəsində görmə qabiliyyəti nəinki bərpa olunmamış, 30 yanvar 2018-ci il tarixində keçirilmiş “VEP (Beyin və göz erasında görmə traktları) müayinə raporu”nun nəticəsinə əsasən daha da pisləşmişdir. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" cərrahi əməliyyatının yanlış müalicə olduğunun ikinci sübutudur. 05 mart 2018-ci il tarixində görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsinə müraciət etmişdi. Burada onu müvafiq müayinələrdən keçirdikdən sonra müəyyən edildir ki, görmə qabiliyyətinin zəifləməsinin səbəbi bilavasitə gözləri ilə əlaqədar deyildir və göz dibinin müayinəsinin nəticələrinə əsasən təcili “X13 Tomoqrafiya” və “X9 Tomoqrafiya” müayinələrindən keçməyi məsləhət görülmüşdü. Həkim-oftalmoloqun müvafiq göndərişinə əsasən 10 mart 2018-ci il tarixində “MedEra Hospitalı”nın həkim-radioloqu çəkilən MRT müayinələrini (kontrastlı) keçirərək müəyyən etmişdir ki, beyninin türk yəhəri nayihəsində xoşxassəli yeni törəmə-meningioma vardır və görmə sinirləri əhəmiyyətli dərəcədə sıxılmışdır. Beləliklə, 05 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsində keçirilmiş “Göz dibinin müayinəsi”nin nəticələri və 10 mart 2018-ci il tarixində “MedEra Hospitalın”da keçirilmiş “X10 Tomoqrafiya müayinəsi” və “X9 Tomoqrafiya müayinəsi”nin nəticələri bir daha göstərir ki, görmə qabiliyyətinin kəskin zəifləməsi "OU Komplikat katarakta" nəticəsində deyil, beyninin türk yəhəri nayihəsində yaranmış meningiomanın görmə sinirlərimi sıxması nəticəsində baş vermişdir. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatının yanlış müalicə olduğunun üçüncü sübutudur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Kliniki protokollar”, X3 qəbul etdiyi “X5”, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblərə əsasən kataraktanın ilkin obyektiv müayinəsi zamanı görmə itiliyi korreksiya ilə, maksimal vizual korreksiya (göstəriş olduqda refraksiya ilə), göz almasının vəziyyəti və hərəkətliliyi, bəbək reaksiyası və funksiyaları, GDT-nin ölçülməsi, xarici müayinə, yarıqlı lampa biomikroskopiyası, göz dibinin müayinəsi (genəlmiş bəbəklə), fiziki və əqli sağlamlığın uyğun aspektlərinin qiymətləndirilməsi kimi zəruri müayinələri həkim-oftalmoloq tərəfindən mütləq qaydada aparılmalı idi. Lakin cavabdeh “Liman Klinikası”nın həkim-oftalmoloqu Cavabdeh2 tərəfindən 11 aprel 2017-ci il tarixində aparılmış ilkin obyektiv müayinə zamanı hər hansı patologiya, o cümlədən onkologiya ehtimalının istisna edilməsi üçün əhəmiyyətli olan göz dibinin müayinəsi keçirilməmişdir. “Liman Klinikası”nda tərtib edilmiş 11 aprel 2017-ci il tarixli ambulator kartda və 23 aprel 2017-ci il tarixli epikrizdə göz dibinin müayinəsi barədə heç bir qeydiyyat yoxdur. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatının yanlış müalicə olduğunu hesab etməyə əsas verir. Bütün bu sübutların mövcudluğuna baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərində əhəmiyyət kəsb edən bu faktlar nəzərə alınmamışdır. Belə ki, 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU Hipermetropiya orta dərəcəli” diaqnozu, habelə 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU orta dərəcəli Hipermetropiya” diaqnozu ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda qoyulmuş “OU Komplikat katarakta” diaqnozu arasındakı kəskin ziddiyyət, uyğunsuzluq araşdırılmamışdır. 30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raporu”nun nəticəsində göstərilir ki, VEP (pattern) OU-PİOO kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. VEP (flash) OU-P2 latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. Həmin tibbi məlumatlara əsasən görmə qabiliyyətində baş vermiş kəskin pozuntuların səbəb-nəticə əlaqələri araşdırılmamışdır. 05 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya şöbəsində keçirilmiş göz dibinin müayinəsinin nəticələri və 10 mart 2018-ci il tarixində “MedEra Hospitalın”da keçirilmiş “X10 Tomoqrafiya” və “X9 Tomoqrafiya” müayinələrinin nəticələri bir daha göstərir ki, görmə qabiliyyətinin kəskin zəifləməsi “OU Komplikat katarakta” nəticəsində deyildir. Beyninin türk yəhəri nayihəsində yaranmış meningiomanın görmə sinirlərini sıxması nəticəsində baş verməsi faktına mütəxəssis müayinəsini keçirmiş ATU-nun X1 şöbəsinin müdiri Qurban İsmayılov rəy vermişdir ki, İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmiş olsa idi, görmə sinirindəki atrofiyanm qarşısının alınması imkanı çox ola bilərdi. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın ekspert rəylərində 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz olması barədə səbəbli əlaqələr araşdırılarkən, mütəxəssis-ekspert Qurban İsmayılovun yuxarıda göstərilən rəyi nəzərə alınmamışdır. Cavabdeh “Liman Klinikası”nın həkim-oftalmoloqu Cavabdeh2 tərəfindən 11 aprel 2017-ci il tarixində aparılmış ilkin obyektiv müayinə zamanı hər hansı patologiya, o cümlədən onkologiya ehtimalının istisna edilməsi üçün əhəmiyyətli olan göz dibinin müayinəsi keçirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Kliniki Protokollar”, X3 qəbul etdiyi “X5”, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblər kobud şəkildə pozulmuşdur. Burada qoyulmuş “OU Komplikat katarakta" diaqnozu həkim-oftalmoloq Cavabdeh2 tibb sahəsində natamam biliyinə əsaslanmışdır və yanlışdır. Bu səbəblərdən iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X8" PHŞ-nin 17 mart 2021-ci il tarixli 601 №-li məhkəmə-tibbi ekspert rəyi məhkəmə qətnaməsinin çıxarılması üçün obyektiv, əsaslandırılmış, tam həcmli rəy hesab edilə bilməz. Belə ki, rəylə ekspert komissiyası “Liman Klinikası”nda tərtib edilmiş 11 aprel 2017-ci il tarixli ambulator kartda və 23 aprel 2017-ci il tarixli epikrizdə göstərilmiş məlumatları təsdiq etmiş, diqər tibb müəssisələrinin (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzi, “İOL Göz Klinikası”, “MedEra Hospital” və s.) sənədlərində göstərilmiş məlumatlara əsasən səbəbli əlaqələri araşdırmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı X6, cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası” və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası” nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçı X6 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqinin 28 may 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 03.09.2019-cu il tarixli, 319/KEŞ saylı rəyinin surətindən görünür ki, “Liman Klinikası”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 11.04.2017-ci il tarixdə klinikaya müraciət etdikdən sonra aparılmış müvafiq müayinələr əsasında ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. “Liman Klinikası”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 23.04.2017-ci il tarixdə onun üzərində icra edilmiş “OD Fako emulsifikasiya+iol (25,5)” cərrahiyyə əməliyyatı təyin edilmiş dioqnoza uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onun hər iki gözündə görmə qabiliyyətinin olmadığı (Vis OD=0; Vis OS=0) müəyyən edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən onun göz dibində qeyd edilən patologiyanın-görmə sinirindəki atrofiyanın keçirilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri aparılmış olsa idi, görmə sinirindəki atrofiyanın qarşısının alınması imkanı çox ola bilərdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 24.01.2020-ci il tarixli, 544/KEŞ saylı rəyinin surətindən görünür ki, “Liman Klinikası”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 11.04.2017-ci il tarixdə klinikaya müraciət etdikdən sonra aparılmış müvafiq müayinələr əsasında ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da beyinin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə-meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofiyanın qarşısının alınması imkanı çox ola bilərdi. “Liman Klinikası”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun göz dibində qeyd edilən patologiyanın-görmə sinirindəki atrofiyanın ona təyin edilmiş “OU komplikat katarakta” diaqnzu ilə səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın 17.03.2021-ci il tarixli, 601 saylı rəyindən görünür ki, İddiaçı 11.04.2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10.03.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə- meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyildir. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)-78/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”na və Cavabdeh2 qarşı həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat, həmçinin Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat tələb edir və tələblərini cavabdehlər tərəfindən ona düzgün diaqnoz qoyulmaması və gözündə aparılan əməliyyatdan sonra onun görmə qabiliyyəti bərpa olunmaması və baş ağrılarının kəsilməməsi ilə əsaslandırmışdır. Cavabdehlər tərəfindən iddiaçıya yanlış diaqnoz qoyulması və düzgün müalicə aparılmamasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. İş üzrə keçirilmiş kompleks məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilir ki, İddiaçı 11.04.2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir, İddiaçı 10.03.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə-meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyildir. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına səbəb olan əməl və hərəkətlərə yol verilməsi də məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)- 671/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar