Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2943/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-329/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-329/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdeh X3 qarşı əmlakın adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-329/2020 saylı qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Susayqışlaq kəndində atası X1 2 mərtəbəli ev miras qalmışdır. Atasından miras qalmış evin övladlar arasında bölünməsi üçün məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə X5 - evin 5/8 hissəsi, torpağın 5/16 hissəsi, İddiaçı - evin 1/8 hissəsi, torpağın 5/16 hissəsi, X10-evin 1/8 hissəsi, torpağın 1/16 hissəsi, X7-evin 1/8 hissəsi, torpağın 1/16 hissəsi, X4- torpağın ¼ hissəsi olmaqla övladlar arasında bölünmüşdür. Miras ev bölündükdən sonra İcazəddin, İlham və Rəhimə DƏDRX-nin xx.xx.2009-cu il tarixli çıxarışına əsasən onlara məxsus olan Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,285 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı köməkçi sahəsi 63,7 kv.metr, yaşayış sahəsi 53,6 kv.metr, ümumi sahəsi 117,3 kv.metr olan ¼ hissəsini və torpaq sahəsinin 5/8 hissəsini 5000 manata qiymətləndirərək ona notarial qaydada xx xxxxxxx 2009-cu ildə bağışlamışlar. Cavabdeh xx xxxxxx 2008-ci ildə ondan iki dəfəyə 1200 və 400 manat alaraq yazılı iltizam verərək bildirmişdir ki, atasından və anasından miras qalmış yol yeri kimi uzunluğu 80 metr, eni 4 metr olan 0,032 ha torpaq sahəsi qardaşı Kənan tərəfindən ona verilmişdir və o, da mərhum valideynlərindən qalmış qeyri mirasa dair vərəsəliyi qəbul etmir, ona iddialar olmayacaq və məhkəməyə müraciət etməyəcəkdir. O, evini adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etdiyi zaman cavabdeh kontora gəlməsi üçün müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Atasından qalmış miras ev miras ev yararsız vəzityyətdədir. Cavabdehin səhlənkarlığı ucbatından həmin evləri adına rəsmiləşdirə bilmir. Cavabdeh notariat kontoruna gəlmir, ya da aldığı pulu geri qaytarmır. Ona görə də, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən atasından miras qalmış evin notariat qaydada adına rəsmiləşdirilməsi üçün cavabdehin xx xxxxxxx 2008-ci il tarixli Xaçmaz rayonu, Susayqışlaq kənd İƏV-də verdiyi iltizamı əsaslı sayaraq qeyd olunan evin adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materaiallarında olan 2008-ci il tarixli iltizamda Cavabdeh adından qeyd edilmişdir ki, atasına və anasına məxsus əmlak olan həyətyanı sahədən yol yeri kimi uzunluğu 80 metr, eni 4 metr olan 0,032 ha torpaq sahəsi ona təqdim olunmuş və buna görə də bundan başqa atasına məxsus və mərhum anasından qalmış qeyri mirasa dair vərəsəliyi qəbul etmir, ona iddiakar olmayacaq, qalan məcburi paydan imtina edir və bu barədə heç vaxt məhkəməyə müraciət etməyəcəkdir. xx xxxxxx 2008-ci il tarixdə İcazəddin Şirinovun, İddiaçı, Cavabdeh, Vahid Həkimovun və Adil Məmmədovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Cavabdeh Susayqışlaq bələdiyyəsindən verilmiş 0,10 ha torpaq sahəsinə yol kimi atası X1 və mərhum anası X8 qalmış vərəsəyə dair həyətyanı torpaq sahəsindən 0,032 ha torpaq sahəsi qonşu X6 çəpəri boyunca şimaldan-cənuba 80 metr uzunluqda 4 metr enində sahə tərəflərindən təqdim edilmişdir. xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Susayqışlaq kəndində 0.2850 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/16 hissəsinə Cavabdeh, fərdi yaşayış evinin 7/8 hissəsinə, torpaq sahəsinin 15/16 hissəsinə İddiaçı mülkiyyət hüququnı dair çıxarış verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin məktubundan müəyyən olunur ki, İddiaçı X2 qarşı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, miras qalmış əmlakın qəbul edilməsi faktının və mirasdakı payların müəyyən olunması tələbinə dair mülki iş olmuş və qətnamə icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139; 152.1; 157.1; 213.2; 223.3; 335.2; 336.2; 337.1 - 337.5; 337; 1133.1; 1133.2; 1134.1; 1134.2; 1145; 1151.1; 1151.2; 1159.1; 1193; 1194; 1195; 1196; 1243.2; 1243.3; 1255-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyriformal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Bundan əlavə birinci instnsiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Birinci instansiya məhkəməsi müəyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Susayqışlaq kəndində 0.2850 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/16 hissəsinə Cavabdeh, fərdi yaşayış evinin 7/8 hissəsinə, torpaq sahəsinin 15/16 hissəsinə İddiaçı mülkiyyət hüququnı dair çıxarış verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisəli daşınmaz əmlak miras əmlak deyildir və payları müəyyən edilməklə xüsusi mülkiyyət hüququ üzrə tərəflərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası sadalanan halları və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-329/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2943/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2943/2020
18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver