Məhkəmə qərarları › İş №2(105)-2949/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2949/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2949/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Sumqayıt "xxxx" Kiçik müəssisəsinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Ç.Allahverdiyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı Sumqayıt "xxxx" Kiçik müəssisəsinin Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən "xxxx" Kiçik müəssisəsinə məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Sumqayıt "xxxx" Kiçik müəssisəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən, iddiaçıya məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kiçik Müəssisəsi 35 nömrəli Texniki Peşə Məktəbinin təsisçiliyi ilə 03.02.1992-ci tarixində tərtib olunmuş müqavilə əsasında yaradılmışdır. Onlar Sumqayıt şəhər İcra Hakimiyyətinin 13.03.1992-ci il tarixli sərəncamına əsasən dövlət qeydiyyatına alınmışdır. Müəssisənin hüquqi şəxs olmaqla bankda sərbəst balansı, möhürü ştampı var. Müəssisənin əsas vəzifəsi təmir-tikinti quraşdırma işləri, inşaat materialları və kommersiyadan ibarət olmalı idi. Müəssisə fəaliyyətini davam etdirmək məqsədlə torpaq sahəsi ayrılması üçün Sumqayıt şəhər XDSyə müraciət etmişdir. Sumqayıt şəhər X7 Rəyasət Heyətinin "Torpaq sahəsinin ayrılması barədə" 25.03.1994-cü il tarixli, 36 saylı qərarı ilə Sumqayıt şəhər X7 torpaq komissiyasının 24.03.1994-cü il tarixli, 17 saylı protokoluna əsasən, onlara istehsalat korpusu tikintisi üçün Sənaye zonasında 108 kv. metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində layihə-smeta sənədlərinə müvafiq olaraq ambar, emalatxana, tambur, kabinet, dəftərxana və yardımçı sahələr inşa edilmişdir. Cavabdeh müəssisənin rəhbəri Çingiz Allahverdiyevin xəstəliyindən istifadə edərək həmin tikilini zəbt edərək çayxana-kafe kimi istifadə etmiş və hazırda da istifadə edir. Dəfələrlə ona müəssisənin tikilisini boşaltmağı təklif edilmişdir. Lakin cavabdeh həmin sahənin ona məxsus olmadığını bildirərək müxtəlif bəhanələrlə müəssisənin ərazisini boşaltmaqdan imtina edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ç.Ə.Allahverdiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Mübahisə predmeti barədə mülkiyyət hüququnu (əslində onun gözlənilən mülkiyyət hüququ mövcuddur) təstiq edən sübutları təqdim etməməsi barədə dəlili ilə razılaşmaq olmaz. Çünki mübahisə predmeti torpaq sahəsi və onun üzərində olan tikili barədə deyil, həmin torpaq sahəsini qeyri-qanuni zəbt edib çayxana-kafe kimi istifadə edən cavabdehin həmin sahədən əmlakı ilə birlikdə çıxarılmasından ibarətdir. Torpaq sahəsi və eyni zamanda həmin torpaq sahəsi üzərində tikintisinin aparılması barədə sənədlər qanuni əsaslarla onlara ayrılmış və bu sənədlər ləğv edilməmişdir. Cavabdeh iddiaçının istifadəsində olan tikilidən qanunsuz istifadə edilməsini birinci instansiya məhkəməsində izahat verəndə etiraf etmişdir. Məhkəmənin həmin tikilinin iddiaçıya məxsus olmaması barədə gəldiyi nəticə düzgün deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ç.Ə.Allahverdiyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisə olunan torpağın və ya tikilinin iddiaçıya məxsus olmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Ç.Allahverdiyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının nizamnaməsinin surətindən görünür ki, "xxxx" Kiçik müəssisəsi 1992-ci ildə 357 nömrəli texniki-peşə məktəbinin işçilərinin sosialoji və məişət şəraitini yaxşılaşdırmaq, gələcək işlərini daha səmərəli etmək üçün yaradılmışdır. Nizamnamə peşə məktəbinin direktoru və müəssisənin direktoru Çingiz Allahverdiyev tərəfindən imzalanmışdır. İş materiallarında olan Sumqayıt şəhər X7 Rəyasət Heyətinin "Torpaq sahəsinin ayrılması barədə" 25.03.1994-cü il tarixli, 36 saylı qərarı ilə Sumqayıt şəhər X7 torpaq komissiyasının 24.03.1994-cü il tarixli, 17 saylı protokoluna əsasən, "xxxx" Kiçik Müəssisəsinə istesalat korpusu tikintisi üçün Sənaye zonasında 108 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin qərara plan-cizgi əlavə edilmişdir. İddiaçı hazırkı iddiasında cavabdehin Sumqayıt şəhəri, 42- ci məhəllə, ləğv olunmuş 35 nömrəli Texniki Peşə məktəbinin ərazisində, "xxxx" Kiçik müəssisəsinə məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Hazırkı iddianın təmin edilməsi üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin onun mülkiyyətində və ya qanuni istifadəsində olduğunu, cavabdehin qanunsuz olaraq həmin tikilidən istifadə etdiyini sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllədə göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Bundan başqa məhkəmə iclasında dindirilmiş Cavabdeh bildirmişdir ki, onun tərəfindən heç bir qeyri-yaşayış sahəsi zəbt edilməmiş və çayxana kimi istifadə edilməmişdir. İddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin onun mülkiyyətində və ya qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız ona torpaq sahəsi ayrılması barədə Sumqayıt şəhər X7 Rəyasət Heyətinin 25.03.1994-cü il tarixli, 36 saylı qərarına əsaslanmışdır ki, həmçin qərarda iddiaçıya istehsalat korpusu tikintisi üçün 108 kv.metr torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Lakin, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin həmin torpaq sahəsində yerləşməsi, torpaq sahəsinin və ya tikilinin yerləşmə kordinatları ilə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni, iddiaçı öz iddiasının əsası istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının nümayəndəsi Ç.Ə.Allahverdiyev məhkəmə kollegiyasının iclası zamanı qeyri-yaşayış sahəsində olan əmlakın kimə məxsus olmasını və kim tərəfindən dəqiq istifadə olmasını bilmədiyini göstərdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir və dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 iyun 2021-ci il tarixli 2(060)-3599/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar