Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-296/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5329/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060-2886/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı işdən çıxma barədə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücü vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs) Mərkəzi Qarajında tutduğu əvvəlki vəzifəsinə (sürücü vəzifəsinə) bərpa edilməsi və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs) Mərkəzi Qarajı tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2617/2023 saylı qərarından görünür ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 nömrəli, 27 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 369-K nömrəli əmrindən görünür ki, 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrin ləğv olunması, İddiaçı xx.xx.2023-cü il tarixindən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-in Təcili X9 şöbəsində tutduğu əvvəlki 1,0 ştat vahidi sürücü vəzifəsi işinə bərpa edilməsi, maliyyə şöbəsinin müdirinə sürücü İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb xərclər smetasına uyğun ödənilməsinin təmin edilməsi tapşırılmışdır.
4. X8 tərəfindən “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona qanunsuz işdən çıxarılmağı ilə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 36067 manat pulun, mənəvi təzminat olaraq 30000 manat pulun ödənilməsinin təmin edilməsi, eyni zamanda portertibb işçisi işinə bərpa edilməsi təklif edilmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunmuşdur.
5. “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 707/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin təcili X9 şöbəsində 1,0 ştat vahidi sürücü vəzifəsinə qəbul edildiyi və X6 məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq tam ödənildiyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” PHŞ-dən onun işdən qanunsuz çıxarılmağı nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 36067 manat pulun, mənəvi ziyana görə 20000 manat məbləğində pulun, məhkəməyə dövlət rüsumu kimi ödədiyi vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzi Qarajında 16 ildən artıq sürücü kimi çalışmış, lakin 2018-ci ildə haqsızlıqla üzləşərək qeyri-qanuni şəkildə işdən çıxarılmış və pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 707/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi təmin edilmiş və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücüsü vəzifəsindən azad edilməyi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmr ləğv olunmuş, həmin işinə bərpa edilmişdir. Məhkəmə qətnaməsindən narazı qalan cavabdeh Sumqayıt Tibb Mərkəzi hüquqi şəxs ondan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2617/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 5 il davam edən məhkəmə proseslərindən sonra məhkəmə qərarına əsasən öz əvvəlki işinə bərpa olunmuş və ona ştat cədvəli üzrə əmək haqqı ödənişi həyata keçirilmiş və bu məbləğ 37600 manat təşkil etmişdir. Halbuki bu 5 il ərzində onun kimi eyni əsaslarla işləmiş sürücülərin gecə növbəsində və yoluxucu iş rejimində işlədiyi işlər də nəzərə alınmaqla gəlirləri orta hesablama əsasında təxminən 66000 manat təşkil etmişdir. Təkcə “Covid” virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12200 manat da vəsait almışlar. Ona ödənilmiş 37600 manatı ümumi gəlirdən çıxdıqda ona orta aylıq əmək haqqı üzrə 5 il ərzində ödənilməyən əmək haqqı (gecə növbəli işlər və “Covid”lə bağlı ödəmələr nəzərə alınmaqla) 28400 manat təşkil edir. Bundan başqa, o, poster-tibb işçisi işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Bundan başqa, o, 1000 manat vəkil xidmət haqqına 500 manat gediş-gəliş xərclərinə və 167 manat məktublara görə vəsait ödəmişdir ki, həmin məbləği də ona dəymiş ziyan kimi qiymətləndirməklə cavabdehdən tələb edir. O, qeyd olunan vəsaitlərin ona ödənilməsi ilə bağlı pretenziya qaydasında cavabdeh orqana məktubla müraciət etmiş, lakin cavabdeh onu müraciətini təmin etməmiş və ona ödənilməli olan vəsaitin ödənildiyini rəsmi olaraq bildirmişdir. Bu səbəbdən də o, hazırki iddia ilə məhkəməyə müraciət edir. 5 il davam edən məhkəmə çəkişmələri və onun səhhətinə mənfi təsir etmiş və 5 il ailəsinə bir ailə başçısı kimi çörək pulu apara bilməməyi onun mənəvi stres yaşamağına, dəfələrlə üstünə təcili yardım çağırılmasına səbəb olmuşdur ki, o da bu mənəvi ziyanı 20000 manat məbləğində qiymətləndirir.
8. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsindən əsas borca görə dəymiş ziyanın 28400 manat yox, 35000 manat təşkil edirmiş, bundan başqa covid virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12200 manat da vəsait almışlar, bundan başqa o, porter (sanitar) işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir.
9. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, qanunsuz olaraq işdən çıxarılmışdır. Bunu Ali Məhkəmənin qərarı sübut edir. Hal-hazırda isə o, qanunsuz olaraq işdən çıxdığı üçün ona maddi və mənəvi ziyan dəymişdir. Bunu eyni vəzifədə xidmət edən şəxsin əldə etdiyi gəlir barədə çıxarışlar sübut edir. Çıxarışın məxsus olduğu şəxs sürücüdür, onunla eyni vəzifədə xidmət edir. Cavabdehin Sumqayıt Tibb Mərkəzi PHŞ olaraq saxlanmasını istəyir, dəyişməsinə razı deyildir. İşləmədiyi vaxt da dövlətinə xidmət etmişdir. Bunu da SHXÇDX-in arayışı təsdiq edir ki, müharibə zamanı dövlətinə xidmət etmişdir. Disk stresdən dişlərinin töküldüyünü sübut edir. Hesabdan çıxarışlar onun çox maaş aldığını sübut edir. 480-500 manat maaş alsa da, onun üçün 310 manatdan hesablanmışdır. Mənəvi ziyanı 100000 də qeyd edə bilərdi. Lakin bunun üçün rüsum ödəməli idi. Artıq rüsum ödəməyə imkanı olmadığından 20000 manat qeyd etmişdir. Maddi ziyanı isə onunla qeyd edir ki, onunla eyni vəzifədə olan işçi ilə müqayisədə o, həmin illər üçün az ödəniş almışdır.
10. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 Fizuli qızı izahatında bildirmişdir ki, iş üzrə cavabdeh düzgün seçilməmişdir. Hal-hazırda cavabdeh Sumqayıt Tibb Mərkəzi PHŞ-də deyil, X11 Stansiya-113 PHŞ-də fəaliyyət göstərir. Əvvəl, yəni xx.xx.2024-cü il tarixədək Mərkəzi Qaraj Sumqayıt Tibb Mərkəzi PHŞ-nin balansında olsa da, hal-hazırda onlar X11 Stansiya-113 PHŞ-nin balansına verilmişdir. Odur ki, müdafiə etdiyi orqan cavabdeh qismində qeyd oluna bilməz.
11. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin müşahidə şurasının 13-q/2023-cü il tarixli, 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər Təcili və X2 Stansiyası” publik hüquqi şəxsi, “Təcili və X2 Stansiyası” publik hüquqi şəxsi və “X7” publik hüquqi şəxsinin (birlikdə- Müəssisələr) birləşmə şəklində yenidən təşkili yolu ilə “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsinin (Mərkəz) yaradılması qərara alınmışdır.
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 21 fevral 2024-cü il tarixli əmrindən görünür ki, “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsinin struktur və ştat cədvəlinin təsdiq edilməsi, “Bakı şəhər Təcili və X2 Stansiyası” publik hüquqi şəxsin, “Təcili və X2 Stansiyası” publik hüquqi şəxsin, “X7” publik hüquqi şəxsin işçi heyətlərinin Mərkəzə keçirilməsinin əmək qanunvericiliyinə uyğun olaraq təmin edilməsi, regionlar üzrə tabeli tibb müəssisələrinə daxil olan Təcili və X2 stansiyalarının Mərkəzə keçirilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edilməsi əmr edilmişdir. Həmin əmrdə “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin strukturuna daxil olan Təcili və X9nın xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzə keçirilməsinin təmin edilməsi əmr edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5329/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 4.1, 54.1, 54.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin strukturuna daxil olan Təcili və X2 Stansiyası “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsinə keçirildiyindən həmin qurumda işləyən şəxslərə əmək haqqlarının və digər ödənişlərin ödənilməsinə görə “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi cavabdehlik daşımır. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, onun iddia tələbi konktert olaraq Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsin dövründə ona qarşı edilmiş qanunsuzluq nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Bu ziyan vurulan vaxtlarda o, cavabdeh orqanın tabeçiliyində işləmiş və uzun illər davam edən məhkəmə prosesində məhz cavabdeh orqan onun işə bərpa olunmasına etiraz etmiş, yekun məhkəmə aktından sonra onu işə bərpa etmiş və ödənişləri həyata keçirmişdir. O bu halda tabeçiliyin dəyişməsi səbəbindən hazırda işlədiyi qurumun tabeçiliyində olduğu orqana qarşı bu iddianı qaldıra bilməzdi, çünki ona yeni iş yeri hər hansı bir ziyan vurmamışdır. Tələb etdiyi ziyan cavabdeh orqanın bu zərərə görə cavabdeh olduğu dövrü əhatə edir, buna görə də məhkəmənin gəldiyi bu nəticə tam əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
22. Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.
23. Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti
1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
24. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
29. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Maddə 125. Məhkəmə xərcləri ilə əlaqədar məsələlər üzrə qərardaddan şikayət verilməsi Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər.
31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
37. İşdən görünür ki, İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” PHŞ-dən onun işdən qanunsuz çıxarılmağı nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 36067 manat pulun, mənəvi ziyana görə 20000 manat məbləğində pulun, məhkəməyə dövlət rüsumu kimi ödədiyi vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
38. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsindən əsas borca görə dəymiş ziyanın 28400 manat yox, 35000 manat təşkil edirmiş, bundan başqa covid virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12200 manat da vəsait almışlar, bundan başqa o, porter (sanitar) işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir.
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-296/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı - cavabdehdən əsas borca görə dəymiş ziyan məbləğində 35000 manat (gecə növbəli işlər və “Covid”lə bağlı 12200 manat ödəmələr daxil olmaqla) vəsaitin alınmasına dair hissədə iş üzrə icraata xitam verilmişdir.
40. İş materiallarından görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi Qaraj müdürinin 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmri ilə İddiaçı tutduğu sürücü vəzifəsindən azad edilmişdir.
41. İş materiallarından görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili X9nın baş həkiminin 23 oktyabr 2018-ci il tarixli, 486/k saylı əmri ilə İddiaçı tutduğu sanitar vəzifəsindən azad edilmişdir.
42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücü vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxs) Mərkəzi Qarajında tutduğu əvvəlki vəzifəsinə (sürücü vəzifəsinə) bərpa edilməsi və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxs) Mərkəzi Qarajı tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
43. İşdən həmçinin görünür ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 707/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin təcili X9 şöbəsində 1,0 ştat vahidi sürücü vəzifəsinə qəbul edilmiş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı X4 işə bərpası və əmək haqqının ödənilməsi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən həyata keçirildiyindən hazırkı tələb üzrə də cavabdeh qismində “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi çıxış etməlidir. Digər tərəfdən, hazırkı iddia tərəflər arasında əvvəllər mövcud olmuş əmək münasibətləri əsasında yaranmış mübahisələrə və bu zaman cavabdeh tərəfindən vurulmuş maddi zərərin tələbinə əsaslanır.
45. Kollegiya iş materiallarını araşdıraraq qeyd edir ki, Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi Qarajının xx.xx.2018-ci il tarixli, 174/k saylı əmrindən göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdə tutduğu 1-ci dərəcəli sürücü vəzifəsindən azad edilmiş, əmr iddiaçı tərəfindən mübahisələndirilmiş və daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tutduğu sürücü vəzifəsinə bərpa edilmişdir.
46. Lakin işdən müəyyən olunur ki, iddiaçının sanitar işini icra etməkdən azad edilməsi ilə bağlı cavabdehin xx.xx.2018-ci il tarixli əmri qüvvədədir və məhkəmə qaydasında mübahisələndirməmişdir. Belə olan halda onun sanitar işini icra etməməsi ilə bağlı dəymiş ümumilikdə 6000 manat maddi ziyanı tələb etməsi üçün hüquqi əsas yoxdur.
47. Vurulmuş maddi ziyan tələbi ilə bağlı kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında əvvəllər mövcud olmuş xx.xx.2018-ci il tarixli əmrin ləğvi ilə əlaqədar işə bərpaya dair mübahisəyə məhkəmə tərəfindən baxılmış və iddiaçının xeyrinə qətnamə çıxarılmışdır.
48. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vurulmuş maddi zərərlə bağlı mövcud iddiası təmin olunmamalıdır.
50. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
51. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
53. Digər tərəfdən, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
54. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, kollegiya hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir.
55. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
56. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
57. Beləliklə, məhkəmə kollegiyası sadalanan qanunvericilik aktları normalarına, işin araşdırılmış hallarına və iş üzrə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5329/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
58. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5329/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.