Məhkəmə qərarları › İş №2(105)-2960/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2960/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2960/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(060)-3311/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(060)-3311/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2300 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim A.İ.İsmayılov). Qətnamədən narazı qalan Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(060)-3311/2021 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “Nissan Tida” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 2300 manatın və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qətnamədən narazı qalan Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3311/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından dəyişdirilməli, iddia tələbi Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qətnamə şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalarına görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində göstərilir ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Belə ki, qətnamənin əsaslandırıcı hallarına nəzər salan zaman açıq-aşkar görünür ki, məhkəmə ümumiyyətlə heç bir araşdırma aparmamış, cavabdehlərin əsl cavabdeh olub-olmadığını analiz etməmiş, hüquq institutlarının tətbiqi qaydalarını pozmuş, yalnız işin hallarını və qanunvericilik normalarını sadalamaqla qətnamə çıxarmışdır. Qeyd edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə təqsirkar, mülki hüquq pozuntusu (delikt) törədən şəxs Cavabdeh1 olmuşdur. Hadisə üzrə Cavabdeh1 barəsində İXM-nin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmiş, sonuncu özü də izahatında təqsirini etiraf etmişdir. Göründüyü kimi hadisə üzrə zərərvuran şəxs birbaşa Cavabdeh1 olmuşdur. Belə ki, qanunvericilik mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsini zərəri vunnayan şəxsin öhdəsinə də qoymuşdur. Yəni zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Lakin məhz bu məqamda delikt institutu ilə subroqasiya institutunun tələblərini diqqətlə analiz etmək gərəklidir. Belə ki, sözügedən hal subroqasiya institutunda tamamilə istisna edilmişdir. AR Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə şörə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni göründüyü kimi subroqasiya institutu məhz zərərvuran şəxsdən pulun tələb edilməsini ehtiva edir. Dəymiş zərərə şörə məsuliyyət daşıyan şəxs isə - Cavabdeh1dur. Cavabdeh2 MMC isə bu işdə passiv iştirakçı olaraq sadəcə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. AR Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsi isə müəyyən edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün'faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3311/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsini dəyişdirərək iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı "xxxx" ASC-yə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC qətnaməni müəssisəyə dair hissədə təmin edilməməsini xahiş etmişdir. Ona görə də məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 2041/CM-100/2017 saylı, 22.06.2017-ci il tarixli sığorta aktının surətindən görünür ki, X2 məxsus “NİSSAN Tida” markalı, **-XP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil 11.04.2017-ci il tarixdən 11.04.2018-ci il tarixə kimi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 4637 saylı, 22.06.2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X1 bank hesabına 2300 manat pul ödənilmişdir. İş materiallarında olan AC 106317 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İVECO” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş KYP 718656 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)2753/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, avtomobilin istismara yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 774 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının ödənilməsi məqsədi ilə 15 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmiş və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2300 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə ki, apelyant apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh2 MMC heç bir məsuliyyət daşımır, dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs Cavabdeh1dur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunur ki, iddiaçı X1 cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, avtomobilin istismara yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 774 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının ödənilməsi məqsədi ilə 15 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh2 MMS-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(060)-3311/2021 saylı qətnaməsi Cavabdeh2 MMC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar