Məhkəmə qərarları › İş №2(105)-2970/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2970/2021

01.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2970/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh qarşı reyestr nömrəsi **********36-10301 olan Çıxarış üzrə 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada 0.125 ha həcmində, 82.0 kv.metr ölçüdə yaşayış evinin ½ hissəsinin 41 kv.metr ölçüdə naturada bölünərək ayrılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestr nömrəsi **********36-10301 olan Çıxarış üzrə fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi həcmində payın müəyyən edilməsi və naturada ayrılaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 82.0 kv.metr ölçüdə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında, payları ½ hissə həcmində olmaqla ona-yəni İddiaçı və Cavabdeh məxsusdur. Şərh olunan Daşınmaz əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququ 14 may 2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Mübahisə edilən evə 13.05.2019-cu il tarixdə inventar nömrəsi 79 olan Texniki Pasport tərtib edilmişdir. Cavabdeh ilə 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsinin və həmin sahədə inşa edilmiş 82.0 kv.metr ölçüdə yaşayış evinin bölünməsi və ondan payların ayrılması barədə aralarında hər hansı bir razılığa nail ola bilməmişlər, ona görə də payının naturada məhkəmə qaydasında ayrılmasını xahiş edir. 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada 0.125 ha, 82.0 kv.metr ölçüdə yaşayış evinin ½ hüssəsi 41 kv.metr təşkil edir. Odur ki, torpaq sahəsinin və yaşayış evinin naturada bölünməsini və yuxarıda göstərilən həcmdə ayrılmasını zəruri sayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil göstərmədən bildirmişdir ki, məhkəmə işi hərtərəfli tam araşdırmamışdır. Ekspertizanın rəyi ilə həyətyanı torpaq sahəsinin naturada bölünməsi qeyd edilmişdir. Məhkəmə ekspert rəyinə tam dolğun sübut kimi qəbul etməmiş və iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Qusar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(029)-70/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının tələb etdiyi əmlakın naturada bölünməsinin mümkün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********3610301 olan 14.05.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, ümumi sahəsi 82.0 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Reyestr nömrəsi **********36-10301, inventar nömrəsi 79 olan Texniki Pasportun surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evi 1959-cu ildə inşa edilmiş, 2 mərtəbəlidir, ümumi sahəsi 82.0 kv.metrdir. Hüquq sahibi İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2021-ci il tarixli 10/3470 saylı rəyindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 46.45 metr hissədə yol ilə sərhəd olmasını, həyətyanı sahəyə əlavə qapı açılmasının mümkünlüyünü, torpaq sahəsinin üzərində yerləşən tikilinin yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin naturada ½ hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin fərdi yaşayış evinin yerləşdiyi tərəfindən başlayaraq 21.7 metr məsafədən (digər tərəfdən 25.1 metr) sonra torpaq sahəsinin daxilinə doğru 52.8 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, baxış zamanı təqdim olunan fərdi yaşayış evinin sanitar və texniki tələblərə (yaşayış otaqlarında divarlar uçmuş vəziyyətdədir) cavab vermədiyini nəzərə alaraq, həmin evin bölgüsü üzrə tədqiqat aparılmamışdır. Həmin rəyə əlavə olunmuş bölgü variantından görünür ki, 0.25 ha torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi 0.125 ha torpaq sahəsinin bir mülkiyyətçiyə, digər boş olan 0.125 ha hissəsinin isə digər mülkiyyətçiyə verilməsi təklif olunmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2021-ci il tarixli 10/3470 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adlarına qeydiyyata alınmışdır. İddiaçı həmin evin və torpaq sahəsinin özünə aid ½ hissəsinin naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini xahiş etmiş, həmin əmlakların naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda göstərilən məlum rəyi ilə torpaq sahəsinin naturada ayrılmasının mümkün olduğu göstərilsə də, fərdi yaşayış evinin sanitar və texniki tələblərə cavab verməməsi səbəbindən həmin evin naturada bölünməsi üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2021-ci il tarixli 10/3470 saylı ekspert rəyi ilə razılaşmayaraq həmin rəyi tam və dolğun sübut kimi qəbul etmir. Belə ki, məhkəmənin qənaətinə görə fərdi yaşayış evi bölünmədən həyətyanı torpaq sahəsinin naturada bölünməsi mülkiyyətçilərin arasındakı bərabərlik hüququnun və öz mülkiyyət paylarına dair mənafelərinin pozulmasına səbəb ola bilər. Çünki, ekspert rəyinə əsasən torpaq sahəsinin bölünməsi nəticəsində fərdi yaşayış evinin bütövlükdə yerləşdiyi hissə bir mülkiyyətçiyə, qalan boş hissə isə digər mülkiyyətçiyə verilməlidir. Belə olan halda isə boş torpaq sahəsini əldə etmiş mülkiyyətçinin fərdi yaşayış evinə dair mülkiyyət hüququ, həmin hüququn tərkib elementləri olan sahiblik, istifadə və sərəncam hüquqları əsassız olaraq məhdudlaşa və pozula bilər. Fərdi yaşayış evinin yerləşdiyi hissə çıxılmaqla qalan hissənin bölünməsi isə iddiaçı tərəfindən mübahisələndirilməmiş və ona görə də, fərdi yaşayış evinin yerləşdiyi hissə çıxılmaqla qalan torpaq sahəsinin bölgüsünün aparılması da mümkün deyildir. Bunu nəzərə alıb, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iş üzrə ekspertiza rəyinin torpaq bölünməsi hissəsində iddianın rədd olunmasını düzgün qərar verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir və birinci instansiya məhkəməsi tərəfindən hazırkı halda iddia tələbi təmin oluna bilməməsi və rədd edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, məhkəmə prosesi zamanı İddiaçı iddianın tam təmin edilməsini xahiş etmişdir və ev hissəsində iddiadan imtina edilməsi barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə 24 iyun 2021-ci il tarixli 2(029)-70/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar