Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3005/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Bəkir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(060)- 275/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(060)-275/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 20500 (iyirmi min beş yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abullayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(060)-275/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən əsas borc üzrə 32500 manat, maddi ziyana və əldən çıxmış faydaya görə 24375 manat, mənəvi ziyana görə 50000 manat, məhkəmədə hüquqularının müdafiəsi üçün çəkilən 500 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun, ümumilikdə 107415 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il iyul ayında cavabdeh ondan 40000 manat məbləğində borc pul almış və bu borcdan 7500 manat hissə-hissə geri qaytarmış, onun 32500 manat əsas borcu qalmışdır. Borcu verdikdən sonra manat dəyərdən düşmüş, 3 il müddətinə əldən çıxmış fayda 24375 manat (32500 manat x 25%) olaraq zərər dəymişdir. Bu işlə bağlı keçirdiyi psixoloji sarsıntıya görə 50000 manat ziyan dəymişdir. Ümumilikdə 107415 manat maddi və mənəvi ziyanın və 40 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə yazılı ərizə təqdim edərək cavabdehdən onun xeyrinə 32500 manat məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(060)-275/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək 32500 (otuz iki min beş yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2(060)-275/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı qətnamə maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulmasına və düzgün tətbiq edilməməsinə görə əsassız, ədalətsiz və qanunsuz hesab edilərək ləğv edilməlidir. Cavabdeh ona borcludur, borcundan hissə-hissə olmaqla 7500 manat ödəyib. Amma qalan pul qalıb. O, maddi ziyanla yanaşı pulunu ala bilmədiyi üçün əsəb və mənəvi sarsıntı da keçirib. Hesab edir ki, qətnamə qəbul edilərkən bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmalı idi. Məhkəmə əgər obyektiv araşdırma aparsaydı ədalətli qətnamə qəbul edərdi. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Cavabdehin isə heç bir hüquqi əsası olmayan fikirləri çox təəssüf ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamə ilə razı deyil. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(060)-275/2021 saylı qətnaməsinin ləğv edilməsinin və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş etsə də əslində qətnamənin iddianın təmin olunmamasına, yəni borcun təmin edilməyən 12.000 manat dair hssəsini mübahsələndirir. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıdan 12000 manat pul almış və həmin pulu 2600 manat əlavə olmaqla geri qaytarmışdır. Bundan əlavə iddiaçıdan 8500 manat da pul almış və həmin pulu da 1300 manat əlavə olmaqla geri qaytarmışdır. Birinci instansiya məhkəməsində dinirilmiş şahid X3 öz ifadəsində bildirmişdir ki, onun iddiaçı ilə yaxın münasibətləri var. İddiaçının cavabdehə borc pul verdiyini görməmişdir. Lakin iddiaçı ona cavabdehə 32500 manat borc verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 öz ifadəsində bildirmişdir ki, iddiaçı ilə birgə işləmişlər, ailəvi dostdurlar. Cavabdehi də iddiaçı vasitəsi ilə tanımışdır. İddiaçı ondan 5100 dollar məbləğində pul istəmişdir ki, Cavabdehla iş birlikləri vardır. Onda olan məlumata görə cavabdeh iddiaçıdan borc pul almış, lakin həmin pulu geri qaytarmamışdır. Azərbayca Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ondan 32500 manat borc pul aldığını və borcu qaytarmadığını bildirir və həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür). Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallaından görünür ki, məhkəmə iclasında cavabdeh iddiaçıdan 12000 və 8500 manat olmaqla ümumilikdə 20500 manat manat borc pul aldığını və həmin pulu qaytardığını bildirmişdir. Qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarını əsaslandırmalı və sübuta yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan aldığını etiraf etdiyi üçün iddiaçı iddiasını həmin hissədə sübut etmək vəzifəsindən azad edilir. Bundan başqa borcu qaytardığını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin pulu qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda ondan 20500 manat pulun tutulması barədə qəbul edilmiş qətnaməni cavabdeh mübahisələndirməmiş, məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı həmçinin iddianın qalan hissədə, yəni 12000 manat məbləğində pulun cavabdehə verməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçı iddiasını cavabehdən 32500 manat pul tutulmasına dair hissədə tam əsaslandıra bilməmişdir, belə ki, onun iddiası iş materialları ilə yalnız 20500 manat hissədə sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödəmişdir. Lakin hazırkı iddia ərizəsi üçün 30 manat dövlət rüsumunun ödənilməsi kifayət etdiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz. Apelyant apellyasiya şikayətində qətnamənin ləğv olunmaqla iddianın tam təmin edilməsini xahiş etsə də bunu əsaslandıra bilməmişdir. Belə ki, nə birinci intansiya məhkəməsində, nə də ki, apellyasiya instansiya məhkəməsində iddiaçı öz iddiasını və apellyasiya şikayətinin dəlillərini 12.000 manat pul tələbinə dair hissədə əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(060)-275/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3005/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3005/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver