Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3025/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(074)-450/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(074)-450/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı cavabdeh Şamaxı X1rşı maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyana görə 5113 manat, mənəvi zərərə görə 10000 manat, əldən çıxmış faydaya görə 7200 manat və iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 22343 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün düşməklə Bakı şəhərində məskunlaşmış, ali təhsillidir, lakin ixtisasına uyğun iş tapmadığı üçün fərdi əməklə məşğul olaraq ailəsinin maddi tələbatlarını qarşılayır. O, 2009-cu ildən kömür alqı-satqısı ilə məşğul olur. İlk vaxtlarda İsmayıllı rayonunun Topçu, Qurbanəfəndi, Oğuz rayonunun, Xaçmaz kəndlərindən kisələrlə kömür alaraq Bakı şəhərinə gətirib satır, satdığı hər kisədən 0,30, 0,40 qəpik xeyir qalır, bununla da ailəsini dolandırırdı. 2018-ci ilin oktyabr ayında meşə idarəsinin işçiləri içərisində 463 kisə kömür olan atasının mülkiyyətində olan “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəyə aparmışlar. Avtomobilin oradan bir neçə gün ərzində buraxılacağına dair vəd verilsə də, həmin avtomobil buraxılmamış, o, dörd gün ərzində mehmanxanada qalaraq gözləmiş, lakin sonra Bakı şəhərinə qayıtmağa məcbur olmuşdur. 2018-ci ilin dekabr ayının 13-də o, yenidən İsmayıllı rayonuna gəlmiş, meşə idarəsinə getdikdə ona xəbər vermədən avtomobilinin qarajdan çıxardılaraq çöldə saxlanıldığını, avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu və yük yerində kömür kisələrinin olmadığını görmüşdür. Bundan başqa, atasının mülkiyyətində olan “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyri qanuni olaraq, hər hansı bir hüquqi sənəd tərtib etmədən meşə idarəsinin işçiləri öz istəklərinə uyğun olaraq idarənin qarşısında bir ilə yaxın girov kimi saxlamışlar. Bu isə bir başa özbaşınalıq, vəzifə səlahiyyətlərini aşmaqla digər şəxslərin mülkiyyət hüquqlarının özbaşına məhdudlaşdırılmasıdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən, fərdi sahibkar X5 məxsus avtomobil servisində “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələri və işlərin həcminin dəyəri ümumilikdə 5113 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli, 9/3615 nömrəli ekspert rəyinə əsasən “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 4333,0 manat müəyyən edilmişdir. Bundan başqa, o, dəfələrlə İsmayıllı rayonuna gedib gəlməyi, orada oteldə qalmağı və sair xərclər üçün təqribən 2000 manat məbləğində şəxsi vəsaiti hesabına pul xərcləmişdir. Eyni zamanda bir ilə yaxındır o, işləmədiyindən pul qazana bilməmişdir. Halbuki cavabdeh ona qarşı bu qanunsuz hərəkətləri etməsəydi o, təxminən bu günə qədər 7200 manata civarında pul vəsaiti qazana bilərdi. Bundan başqa, ona mənəvi zərər də dəymişdir. Belə ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablar çəkmiş, eyni zamanda bir ilə yaxındır işsiz qalmış, cavabdehin bu qanunsuz əməlləri nəticəsində o, işləyib qazanc (fayda) əldə edə bilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, qətnaməni qanunsuz və əsassız kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olmasına dair irəli sürdüyü və təqdim etdiyi dəlil və sübutları nəyə görə sübut əhəmiyyətli olmamasını əsaslandırmamış, iş materiallarında olan sənədləri sadalamaqla kifayətlənmiş, şablon cümlələrdən istifadə etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə yalnız bir maddi hüquq normasına istinad etməklə bir cümlə ilə onun əsaslı iddiasını rədd etmiş və sübut kimi məhkəməyə təqdim etdiyi əvvəlki məhkəmə qətnamələrinin, fotoşəkillərin, yazışmaların məzmununa diqqət yetirməmiş və ya yetirmək istəməmişdir. Belə ki, məhkəmənin qətnamədə qeyd etdiyi apellyasiya instansiyası məhkəməsinin 25.11.2020-ci il tarixli qətnaməsində göstərilmişdir ki, 08.05.2019-cu il tarixli aktın məzmunundan görünür ki, iddiaçının etibarnamə əsasında idarə etdiyi “KİA PREGİO” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil 06.10.2018-ci il tarixdə Şamaxı Regional X6nin əməkdaşları tərəfindən həmin Mərkəzin Xanagah kəndində yerləşən inzibati idarəsinin həyətində saxlanılmış və 08.05.2019-cu il tarixdə iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi, adı çəkilən aktda avtomobilin 06.10.2018-ci il tarixdən 08.05.2019-cu il tarixədək 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən deyil, Şamaxı Regional X6 tərəfindən və sonuncuya məxsus inzibati idarənin həyətində saxlanıldığı qeyd olunmuşdur. Həmin iş üzrə iddiası ona görə rədd edilmişdir ki, iddianı tələbində cavab verməli şəxs kimi Şamaxı Regional X6ni deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini göstərmişdi. Həmin iş üzrə apellyasiya baxışı zamanı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sorğuya əsasən verdiyi 03.09.2020-ci il tarixli məktubda bildirmişdir ki, ona məxsus “KİA PREGİO” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı yük avtomobili Şamaxı Regional X6 tərəfindən saxlanılmış və iddiaçı barəsində həmin qurum tərəfindən tədbir görülmüşdür. Əvvəlki iddiası üzrə apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Şamaxı Regional X6 cavabdeh qismində cəlb olunmamışdır. Bu səbəbdən həmin orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində ona hər hansı formada ziyan vurulub-vurulmadığına hazırki icraat çərçivəsində qiymət verilə bilməz, buna görə məhkəmə kollegiyası hesab etmişdir ki, o, yaxud avtomobilin mülkiyyətçisi pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı həmin orqana qarşı başqa icraatda iddia tələb irəli sürə bilərlər. Qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən də tərəfindən Şamaxı X1rşı hazırki iddianı qaldırmaqla həmin orqanın hərəkətləri nəticəsində ona ziyan vurulmasına dair bütün sübutlarını birinci instansiya məhkəməsinə təqdim etsə də, heç bir sübut təqdim etməməyi əsası ilə ddiası qanunsuz olaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi araşdırmamış və ya araşdırmaq istəməmişdir ki, atasına məxsus olan və etibarnamə əsasında idarə etdiyi “KİA PREGİO” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonundan meşə məhsulu olan kömürün qanunsuz alqısatqısı ilə məşğul olmuş və buna görə də cərimələnmiş və tərəfindən də cərimə ödənilməmişdir. Halbuki cəriməni meşə təsərrüfatı işçiləri özləri ödəyiblər. Belə olan halda avtomaşını 8 ay ərzində Şamaxı Regional X6nin inzibati idarəsinin həyətində (əvvəlcə anbarında) saxlanılmasına heç bir hüquqi əsas olmuşdur. Halbuki 143,88 və 51,80 manat cərimələri 2018-ci ilin oktyabr ayında ödənilməsi mümkün idi. 08.05.2019-cu il tarixli, TT**********167143.88 nömrəli qəbzlə 143,88 manat meşə cəriməsinə və 08.05.2019-cu il tarixli, TT**********42251.88 nömrəli qəbzlə 10 kubmetr kömür üçün 51,80 manat meşə cəriməsinə görə avtomaşının 8 ay hərəkətsiz saxlanılması qanunsuz idi. Cavabdeh tərəfin bu qanunsuz hərəkətləri nəticəsində avtomobil uzun müddət işlənməmiş qaldığı üçün akkumlyatoru sıradan çıxmış və avtomobili işə salmaq mümkün olmamışdır. Bu səbəbdən avtomobili evakuatorla Bakı şəhərinə gətirmişdi. İşin bu halı yazdığı 08.05.2019-cu il tarixli izahat, 08.05.2019-cu il tarixli təhvil-təslim aktı, 08.05.2019-cu il tarixli, ƏİK 013176 nömrəli meşə məhsullarının buraxılış orderi ilə təsdiq edilir. Birinci instansiya məhkəməsi ondan müəyyən sənədləri istəyərək hər dəfə də bu səbəbdən işi dəfələrlə təxirə salsa da, işin obyektiv və ədalətli həlli üçün cavabdeh tərəfin iştirakının təmin etməmişdir. Avtomaşının 8 ay ərzində Şamaxı Regional X6nin inzibati idarəsinin həyətində (əvvəlcə anbarında) heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq tam hərəkətsiz saxlanılması və yararsız hala salınması işin mübahisəsiz halıdır və bunda da təqsirkar cavabdehdir. Cavabdehin bu qanunsuzluğu ilə iddiasında göstərilən maddi və mənəvi ziyanlara məruz qalmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh Şamaxı Regional X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(004)-4173/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı etibarnamə əsasında ona məxsus olan “KİA PREGİO” yük markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5113 manat, mənəvi zərərə görə 10000 manat, əldən çıxmış faydaya görə 7200 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 22343 manat pulun cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)-6231/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 18.05.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 4263 manat, görüləsi işlər üzrə isə 850 manat, ümumilikdə isə 5113 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli, 9/3615 saylı ekspert rəyinin surətindən görünür ki, “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4333 manat müəyyən edilmişdir. İş materiallarından, iddia ərizəsindən görünür ki, iddiaçı maddi zərərlə bağlı cavabdehdən 5113 manat və əldən çıxmış fayda olaraq 7200 manat tələb etmiş, iddia tələblərinin bu hissəsini avtomobilinə 5113 manat məbləğində maddi ziyan dəyməsinə və bir ilə yaxın müddət ərzində işləyə bilmədiyindən pul qazana bilməməsi ilə əsaslandırmışlar. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından, iddia ərizəsindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 10000 manat tələb etmiş, iddia tələbinin bu hissəsini mənəvi və fiziki iztirablar çəkməsi ilə əsaslandırmışlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında iddiaçıya maddi ziyanın dəyməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(074)-450/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3025/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3025/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver