Məhkəmə qərarları › İş №2(105)-3032/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3032/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3032/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-736/2021 saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-736/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır.(hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 3500 (üç min, beş yüz) ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, Cavabdeh 2005-ci il tarixdə ona məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən həyətə gələrək, söhbət əsnasında bildirib ki, torpaq sahəni sənədləşdirə bilər. Cavabdeh bir müddət əvvəl “kənd soveti” işlədiyinə görə ona inanıb razılıq verib. O, bildirib ki, 4 ədəd torpaq şəhadətnaməsi üçün ondan ümumilikdə 3500 ABŞ dolları pul alacaq. O da onunla razılaşaq 3500 ABŞ doları pulu ona verib. Bu hadisədən 10 gün sonra Cavabdeh ona zəng vuraraq görüşməyi bildirib. Evin yaxınlığında olan məsçidin yanında Rizvanla görüşüb. Onun VAZ 2106 markalı avtomobilinə əyləşib. O, 4 ədəd şəhadətnaməni ona təqdim edib. Torpaq şəhadətnamələri onun, Əliyev Elçin, Əliyeva Nahidə və Əliyeva Rəsmiyyənin adına olub. Rizvan ona bildirib ki, şəhadətnamələrin surətini çıxardıb Firuduna verəcək ki, onlar kitaba qeyd olunsun, baş jurnalda Slavik yazıb imza edəcək. Bu hadisədən bir müddət sonra bələdiyyə sədri Ayəməzov Slavik ilə görüşüb və o bildirib ki, torpaq şəhadətnamələri kitabda qeydə alınıb. Bir müddət sonra 2005-ci ildən 2017-ci ilə kimi torpaq vergisi ödəyib. 2018-ci il tarixdə Quba rayon Daşınmaz Əmlakın dövlət Reyestri xidmətinə gedib və orada ona məlum olub ki, Cavabdeh ona saxta torpaq şəhadətnamələri verib. O, Cavabdeh zəng vurub onunla görüşüb və deyib ki, narahat olmasın, 2018-ci il tarixdə bütün sənədlər qaydasına düşəcək. Onunla razılaşmayıb və tələb edib ki, 4 torpaq şəhadətnaməsinin alınması üçün ödədiyi 3500 ABŞ dolları pulunu geri qaytarsın. O, həmin pulu verməkdən imtina edib. Bu hadisədən sonra xatırlayıb ki, Cavabdeh 1985-1986-cı illərdə “kənd soveti” işləyərkən onların ata həyətindən bir hissəsinii qonşuya verib, onun əvəzində onlara başqa bir torpaq sahəsi verəcək, lakin heç bir torpaq sahəsi verməmişdir. Bütün olanlardan sonra əmin olub ki Rizvan ona 3500 ABŞ dolar pulunu alaraq ona ziyan vurub. Göstərilənləri nəzərə alıb maddi zərərin əvəzi olaraq 3500 (üç min, beş yüz) ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə tərəflər arasındakı mübahisəni düzgün həll etməmiş, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Ona görə qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də səbəblərini göstərmədən məhkəmə iclasında təkrar olaraq iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan kod 30319018 JN-1663F saylı, JN-1164F saylı, JN-2311F saylı, JN- 2312F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən görünür ki, həmin şəhadətnamələr Quba rayonu İ Nügədi kəndində X1, X2, İddiaçı və X3 adına olan həyətyanı torpaq sahələrinə verilmişdir. Yenə işdə olan Quba RPŞ-nin istintaq bölməsinin müstəntiqinin “Cinayət işinin başlanmasının rədd olunması barədə” 02.10.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur. Yenə də işdə olan Quba rayon prokurorunun İddiaçı ünvanlanmış 21.05.2018-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı qəbulda olarkən Cavabdeh ondan 3500 ABŞ dolları pul aldığını və qaytardığını bildirmişdir. İşə əlavə edilmiş Quba rayonu 1-ci Nügədi kənd sakini, keçmiş bələdiyyə sədri X4 21.05.2021-ci il tarixli ərizəsindən məlum olur ki, Quba rayon Torpaq şöbəsinin sabiq müdiri Allahverdi Xudaverdiyev onun iştirakı ilə 3500 ABŞ dollarını İddiaçı qaytarmışdır. İş üzrə məhkəmənin 18.06.2021-ci il tarixli iclasında İddiaçı verdiyi izahatından bəlli olur ki, (iş materialları, səh. 76) 3500 ABŞ dolları ona qaytarılıb, lakin o, həmin pullara görə faiz ödədiyi üçün hazırda bu tələbi irəli sürüb. O, pulu Rizvana 2005-ci ildə verib, Rizvan pulu ona 2018-ci ildə qaytarıb. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəcini dinləyib, apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı 2005-ci il tarixdə 4 ədəd torpaq şəhadətnaməsi almaq üçün Cavabdeh 3500 ABŞ dolları pul verib. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr həmin vaxt ona təqdim edilsə də 2018-ci ildə məlum olmuşdur ki, həmin Şəhadətnamələr bazaya işlənməmişdir. Buna görə də pulunu geri tələb etmiş və həmin pul ona qaytarılmışdır. Hazırda o, yenidən həmin məbləği maddi ziyan kimi və mənəvi ziyan tələb edir. Birinci instansiya məhkəməsində İddiaçı 3500 ABŞ dollarının ona qaytarıldığını, lakin həmin pula görə faiz ödədiyi üçün bu pulları tələb etdiyini bildirmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir səbəb göstərmədən apelyasiya baxışı zamanı məhkəmə iclaslarına təkrar olaraq gəlməmiş, özünün iddiasının və apelyasiya şikayətinin dəlillərini araşdırmaq üçün cəhd göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, vurulmuş zərərin ödənilməsinin təmin edilməsi üçün aşadığaklı əsasların müəyyən olunması zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar mövcud olduğu halda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin araşdırılmış hallarından göründüyü kimi iddiaçıya zərər vurulması öz təsdiqini tapmış və ona vurulmuş zərər ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə haqlı olaraq işin müəyyən edilmiş hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək zərərin əvəzi ödənildiyi üçün iddianı rədd etmişdir. İddiaçı qeyd edilən məbləğə görə faiz ödədiyini bildirsə də bunu sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər sübutlar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar