Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3055/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(012)-4303/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan Bakı şəhəri, 8-ci mkr., H.Hüseynov küçəsindəki 19 saylı evin 39 saylı mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(012)-4303/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim M.Abbasova) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət verərək ləğv edilməsini, iddia ərizəsinin isə icraata qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4303/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı şikayətini bununla əsaslandırmışdır ki, mübahisəyə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır və aidiyyətin pozulması ilə bağlı iddia ərizəsinin geri qaytarılması qanunsuzdur. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin cehiz əşyalarının olduğu iddia edilən mənzil iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi, 19 saylı evin 39 saylı mənzilidir və belə olan halda işə Abşeron Rayon Məhkəməsində deyil, Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə MPM-nin 39-cu maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı iddia tələbinə müstəsna aidiyyat üzrə cehiz əşyaların yerləşdiyi yer üzrə baxılmalıdır. Məhkəmənin bu mövqeyi əsassızdır və qanunvericiliyin tələbinə ziddir. Belə ki, hazırkı iddia tələbinə MPM-nin 39-cu maddəsinə deyil, MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında aşkar şəkildə qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur. daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri - qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, iddia ərizəsi baxılması üçün icraata götürülməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, poçt zərfləri müxtəlif səbəblərdən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 7 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Yenə işdə olan MA 02553497 saylı, 30.07.2011-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi, 19 saylı evin 39 saylı mənzili İddiaçı mülkiyyətindədir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(012)-4303/2021 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini cavabdehə məxsus cehiz əmlakların iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması təşkil edir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddia ərizəsində göstərilən əmlaklar cavabdehə məxsus daşınmaz əmlakda yerləşdiyindən və bu mənzil Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşdiyindən, hazırkı iddia ərizəsinə ərazi aidiyyatına görə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı isə səhvən Abşeron Rayon Məhkəməsinə müraciət etdiyindən onun iddia ərizəsi geri qaytarılmalıdır. Bunun üçün məhkəmə MPM-nin 152 və 39-cu maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, AR MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39-cu maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan Bakı şəhəri, 8-ci mkr., H.Hüseynov küçəsindəki 19 saylı evin 39 saylı mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu iddia ərizəsində mübahisəli yaşayış evinə dair mülkiyyət hüququnun tanınmasından, onun başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılmasından söhbət getmir. Eləcə də ərizədə iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində pozulmuş hüquqlarının aradan qaldırılması barədə hər hansı bir tələb yoxdur, başqa sözlə İddiaçı qaldırdığı tələb üzrə mübahisə MPM-nin 39-cu maddəsinin təsiri altına düşmür. Mübahisəli əmlakın Binəqədi rayonunda yerləşməsi isə qaldırılmış tələbə həmin rayonun məhkəməsində baxılmalı olması mənasına gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb cehiz əmlakın iddiaçıya məxsus mənzildən çıxarılması barədə olduğundan bu mübahisəyə AR MPM-nin 35-ci maddəsinə görə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. İş materiallarından isə görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəi, H.Z.Tağıyev küçəsi, 7 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Belə olan halda isə hazırkı mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır və bu barədə iddiaçının şikayət ərizəsi əsaslıdır. Birinci instansiya məhkəməsi isə mübahisəli daşınar əmlakın Bakı şəhərində iddiaçıya məxsus mənzildə yerləşməsi əsası iddia ərizəsini səhvən geri qaytarmış, bununla da ərazi aidiyyəti qaydalarını pozmuşdur. Halbuki, MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(012)-4303/2021 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(012)-4303/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3055/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3055/2021
09.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver