Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3062/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4131/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı cavabdeh X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ev ilə X2 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanılması məqsədiylə həmin tikilinin müvafiq hissəsinin sökülməsini, evinə dəyən zərərin əvəzində cavabdeh X5 oğlundan 10000 manat onun xeyrinə tutulması, X1 qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evimin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailənin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat cavabdehdən onun xeyrinə tutulması, cavabdehdən ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərci onun xeyrinə tutulması və cavabdeh tərəfindən göstərilən ünvanda tikilən evin sənədlərinin qaydasında olub-olmadığının yoxlanılması məqsədiylə Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu¸ Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən həyət evinin qonşuluğunda X3 tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının tikintisinin bununla bağlı məhkəmənin davam etdiyi müddətdə dayandırılması üçün qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. İddianın təmin etmə tədbiri haqqında ərizənin təmin edilməməsi onun və ailəsinin sağlamlığına təhlükənin davam etdirilməsinə səbəbdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə məsələyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini iddianı təmin etmək haqqında ərizənin təmin olunmasına əsas verən halları obyektiv qiymətləndirə bilməməsi, iddianın təmin edilməsi haqqında məsələlər həll edilərkən yalnız iddiaçının deyil, işdə iştirak edib-etməməsindən asılı olmayaraq digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı cavabdeh X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbi ilə bağlı ərizəylə məhkəməyə müraciət edərək, Abşeron rayonu¸ Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən həyət evinin qonşuluğunda X3 tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının tikintisinin bununla bağlı məhkəmənin davam etdiyi müddətdə dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər (Mülki Prosessual Məcəllənin 158.1.2. maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Lakin məhkəmə araşdırması zamanı iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin iş materiallarında olmaması müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili Vəkil ərizəni birinci instansiya məhkəməsinə təqdim etməsini bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə məsələyə (ərizənin verilməsi məsələsinin həll edilməsindən sonra) qeyd olunan hallara diqqət yetirilməklə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3062/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3062/2020
17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver