Məhkəmə qərarları › İş №2(105)-3067/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3067/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3067/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2(012)-310/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2(012)-310/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh sığorta ödənişi üçün 1134 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh 80 manat, "xxxx" ASC-dən isə 20 manat məhkəmə ekspertizası xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2(012)-310/2021 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1239 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumu üçün 30,40 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi 13.12.2017-ci il tarixdə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 01.03.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi 90- RV-546 dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP 429401 saylı inzibati Xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 08.03.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 1239 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilən hüquqazidd və təqsirli əməl nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İddiaçı hazırda ödədiyi 1239 manat məbləğində sığorta ödənişinin əvəzini subroqasiya qaydasında cavabdehdən tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmədə onun iştirakı təmin edilməmişdir. Məhkəmə bir sıra normaların tələblərinin pozduğundan qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, özü dəmirçidir, təmir işlərindən baş çıxara bilir. Vurulmuş ziyanı şişirdiblər. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 460449 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsinin sahibi X1r. Yenə iş materiallarında olan 496568 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. Mülki işin materiallarından olan 05.02.2008-ci il tarixli, 410 №-li etibarnamədən müəyyən edilir ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış “Daxili lizinq müqaviləsi” əsasında sonuncu lizinqə verilimiş **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin idarə edilməsində səlahiyyətlidir və etibarnamə 04.04.2018-ci il tarixədək etibarlıdır. Yenə də iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, Cavabdeh idarə etdiyi **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtomobil PPA********** saylı sığorta müqaviləsi ilə 13.12.2017-ci il tarixdə 1 il müddətinə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşə əlavə edilmiş 429401 saylı, 03.03.2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən məlum olur ki, Cavabdeh 01.03.2018-ci il tarixdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Yol nəqliyyat hadisəsi yerindən yayındığına görə nəqliyyat vasitəsi sürücüsü Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 100 manat məbləğində cərimə tənbeh növü kimi tətbiq edilmişdir. Yenə işə əlavə edilmiş 01.03.2018-ci il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, avtomobillə toqquşması nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin arxa bufer, arxa qanadlar və arxa yük yeri zədələnmişdir. İş materiallarında olan 03.04.2018-ci il tarixli sığorta aktından aydın olur ki, zərərçəkən şəxs olan "xxxx" MMC-yə dəyən zərər üçün "xxxx" ASC tərəfindən 1239 manat məbləğində sığorta ödənişinin fiziki şəxs X2 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/5037 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən təqdim edilmiş 03.08.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AN-***dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1134 manat müəyyən edilir. İşdə olan "xxxx" ASC-nin Nizmnaməsinin 07.04.2016-cı ildə qeydə alınmış yeni redaksiyasından görünür ki, ASC kommersiya qurumu kimi fəaliyyət göstərir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2(012)-310/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi 13.12.2017-ci il tarixdə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 01.03.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi 90- RV-546 dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə ilə bağlı DYP əməkdaşı tərəfindən TP 429401 saylı inzibati Xəta haqqında protokol tərtib olunmuş, Cavabdeh inzibati qaydada tənbeh edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 08.03.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 1239 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ekspert rəyinə görə vurulmuş zərərin məbləği 1134 manat müəyyən edilmiş və iddia həmin məbləğdə təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlıməhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Qeyd edildiyi kimi Cavabdeh idarə etdiyi 90- RV-546 dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində **-AN- *** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 08.03.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 1239 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehlərdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yenə də həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar Cavabdeh zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zəzərin əvəzinin cavabdehdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh verdiyi apelyasiya şikayətinin əsaslarına dair istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2(012)-310/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar