Məhkəmə qərarları › İş №2(105)-307/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-307/2024

22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-307/2024 22.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X12 Məmmədov və X4 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işə cəlb edilməklə) "əmrin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmrinin qismən, yəni iddiaçıya aid hissəsi olan 2-ci bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı universitetin həyətində tələbələrlə söhbət edərkən tanımadığı şəxs ona yaxınlaşaraq ondan tələbə biletinin təqdim olunmasını tələb etmiş, lakin o, həmin şəxsi tanımadığı üçün bundan imtina edərək həmin şəxsin kim olduğunu aydınlaşdırmağa çalışmışdır. Bu zaman iddiaçı ilə həmin şəxs arasında söz mübahisəsi yaranmışdır. Daha sonra məlum olmuşdur ki, tələbə biletinin təqdim olunmasını tələb edən şəxs universitetin müəllimidir. Bundan sonra, Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, tələbə Ələsgərov X7 üçün X1 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan intizam pozuntusu xarakterli əməllər törəmişdir. Hesab edirik ki, məlum məsələ ilə bağlı tələbə İddiaçı özünü müdafiə etməsi və əvvəlcədən tanımadığı müəllimin dərsdən kənar lazımsız tələbinə (tələbə biletinin əsassız olaraq tələb etməsi) cavab verməsi, eləcə də özünü qoruması əmrdə qeyd edilən qaydaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz və həmin qaydaların müvafiq bəndlərində göstərilən tələblər isə yalnız hüquq pozuntusu zamanı tətbiq edilə bilər. Belə ki, tələbə İddiaçı öz hüquq və azadlıqlarından istifadə etməsi başqalarına qarşı hörmətsizlik kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə də hər kəsin fikir və söz azadlığı vardır. Eləcə də konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bundan başqa, İV kurs tələbəsi İddiaçı bir müəllimin sifarişi ilə “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi alması onun təhsilini davam etdirməsinin qarşısını alır. Bir təhsil müəssisəinin rəhbəri olaraq belə halların qarşısını almaq, gənclərə təhsili sevdirmək, ədalətli olmağı öyrətmək, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssislər yetişdirmək əvəzinə onların təhsil almasına mane olmaq təhsilin əsas məqsədlərinə ziddir. Heç kim bu və digər şəkildə təhsil almaqdan məhrum edilə bilməz. İddiaçı əmrdə qeyd olunan hərəkətləri etmədiyindən haqlı olaraq həmin əməli törətməsini qəbul etmir. Əmrdən də göründüyü kimi, əmrdə göstərilən hallarla bağlı obyektiv araşdırma aparılmamış və sözügedən əmr yalnız prorektor B.Ə.Hüseynzadənin sifariş xarakterli təqdimatı əsasında qəbul edilmişdir. Əmrin ləğv edilməsi üçün Bakı Mühəndislik Universitetinə xx.xx.2023-cü il tarixli pretenziya bildirişi göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 03/00009 nömrəli cavab məktubu ilə əmrin ləğv edilməsindən imtina etmişdir. Hesab edirik ki, xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmr əsassız olduğundan qismən, yəni iddiaçıya aid olan hissədə ləğv edilməlidir.

3. Cavabdeh Bakı Mühəndislik Universiteti tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 2019/2020-ci tədris ilində Bakı Mühəndislik universitetinin “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisasına qəbul olunmuşdur. Təhsil aldığı müddətdə tələbə dərslərində o qədər də uğurlu bir tələbə olmamaqla yanaşı, nizam-intizam baxımından da dəfələrlə pozuntu hallarına yol vermişdir. Belə ki, qovulduğu semestrə qədər tələbə 165 kredit toplamışdır. Həmin semestrdə də 30 kredit dərs götürmüşdür. Tələbə əgər bu kreditlərin də hamısından müvəffəq olub toplasaydı ümumilikdə 195 kredit toplamış olacaqdı. Bir tələbənin məzun ola bilməsi üçün ümumilikdə 240 kredit toplaması tələb olunur. Və tələbə hər semestrdə 30 kredit dərs götürə bilər. Bu halda tələbənin tamamlamalı olduğu 45 krediti qalmışdır ki, bu vəziyyətdə tələbənin normativ təhsil müddətində məzun ola bilmək imkanı olmamışdır. Həmçinin, sonuncu semestrdə, yəni növbəti semestrdə tələbənin götürməli olduğu yekun attestasiya dərsi var ki, bunu götürə bilmək üçün tələbənin kəsr dərsinin qalmaması tələb olunur. Tələbənin müxtəlif semestrlərdən ən az 15 kredit kəsri qaldığı bir şəraitdə İİ semestrdə (2022/20223-cü il yaz semestri) yekun attestasiyanı və təcrübə dərslərini götürməsi və məzun olması faktiki olaraq mümkün deyildir. Nizam-intizam baxımından da aşağıda ətraflı izah ediləcəyi kimi, dəfələrlə töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi almışdır. Özünün də iştirak etdiyi İntizam komissiyasının iclasında fakültə dekanı, dekan müavini iddiaçı barədə müəllimlərdən dəfələrlə müxtəlif xarakterlik şikayətlərin olduğunu, onunla şifahi danışıqlar aparıldığını, yazılı şəkildə müraciət edilmədiyini bildirmişlər. Təəssüf ki, fakültə dekanı və dekan müavini tələbə barədə özünün də iştirak etdiyi iclasda müsbət xarakteristika verməmişlər (bu iclas tələbənin universitetdən xaric edilməsi məsələsinə baxılması barədə iclas olmuşdur və tələbəyə də şəxsən komissiya qarşısında özünü müdafiə hüququ təmin edilmiş, dinlənilmişdir). Hadisə xx.xx.2022-ci il tarixində universitet ərazisində tədris binası yaxınlığında baş vermişdir. Universitetin Tərbiyə işləri üzrə prorektoru, İntizam Komissiyasının sədri Bayram Hüseynzadə və universitetin Ümumi işlər üzrə prorektoru Vüqar Həsənov universitet ərazisində gəzərkən bir qrup tələbənin arasından yüksək səslə təhqiramiz ifadələr (söyüş) işlədildiyini eşidərək tələbəyə yaxınlaşmışlar. Bayram müəllim ümumi olaraq tələbələrə ünvanlı şəkildə söyüş söyənin kim olduğunu soruşmuşdur. Bu zaman İddiaçı ona heç bir sual ünvanlanmadığı halda, prorektorları ələ salırmış kimi bir üslubla gülərək “mən deyiləm söyüş söyən, amma bunlardan biridir” demişdir. Bu zaman prorektor “sən gözlə, mən söyüş söyənin kim olduğunu soruşdum, kimdisə o cavab versin” demişdir. İddiaçı yenə də davam edərək “niyə susmalıyam ki, o nə deməkdir ki?” kimi cavablar vermişdir. Bu zaman ümumi işlər üzrə prorektor qarşısındakının “universitetin Tərbiyə işləri üzrə prorektoru olduğunu” söyləmişdir. İddiaçı yenə də, eyni kobud üslubda “nə olsun ki prorektordur, mənimçün fərqi yoxdur.” şəklində cavab qaytarmışdır. Bu zaman prorektor iddiaçıdan tələbə biletini təqdim etməsini istəmişdir. (Tələbə biletini istəməkdə məqsəd tələbənin kimliyini müəyyən etməkdir. Belə hallarda adətən tələbə biletinin şəkli çəkildikdən sonra qaytarılır) İddiaçı isə cavabında “vermirəm, sən kimsən ki, və nəyə görə mən tələbə biletimi verməliyəm’'’ kimi cavablar vermişdir. Bu zaman Tərbiyə işləri üzrə prorektor iddiaçıya, “bu universitetin Tərbiyə işləri üzrə prorektoru olduğunu təkrar etmiş, intizam pozuntusu gördüyü hallarda müdaxilə etməyin onun vəzifəsi olduğunu və tələbələrdən tələbə biletini tələb etməyə hüququnun olduğunu bildirmişdir. Bu kobud və qeyri-etik davranış üslubunun tələbələr üçün intizam qaydalarının pozuntusu olduğunu və buna görə ona intizam tənbehi tətbiq edilə biləcəyini bildirmişdir”. İddiaçı üslubunu daha da sərtləşdirərək “sən mənə heç nə edə bilməzsən, kim olursan ol. Mənimlə adam kimi danış, mən də adam kimi cavab verim.” deyərək təhqiramiz ifadələrlə danışmağa davam etmişdir. Bundan sonra, prorektor universitetin Mühafizə xidmətinə cavabdeh şəxsi dəvət etmiş, hadisə barədə qısa məlumat verərək tələbənin kimliyinin müəyyən edilməsini istəmişdir. İddiaçı tələbə biletini mühafizə xidmətinin əməkdaşına təqdim etmişdir. Bu da öz növbəsində tələbənin qərəzli olaraq prorektora tələbə biletini təqdim etməkdən imtina etdiyini və hadisə əsnasında sadəcə bir tələbə kimi davranmadığını, bir münaqişənin tərəfi kimi yuxarıda qeyd edilən kobud və qeyri-etik rəftarını göstərir. Tərbiyə işləri üzrə prorektorun təbii olaraq vəzifə səlahiyyətlərindən biri də universitet daxilində nizam-intizama nəzarət etməkdən ibarətdir. Bu çərçivədə tələbələrdən müvafiq sənəd tələb etmək səlahiyyəti vardır. X3nda da universitetin səlahiyyətli şəxsləri tərəfindən tələb olunan məlumatları onlara məqsədli şəkildə natamam və ya yanlış bildirmək intizam pozuntusu olaraq nəzərdə tutulmuşdur. Hadisə zamanı da tələbə özü barədə tələb olunan sənədi yanında olmasına baxmayaraq, prorektorun özünü təqdim etməsinə rəğmən ona təqdim etməmiş, əksinə bunu kobud rəftarı ilə əsaslandırmağa çalışmışdır. Bakı Mühəndislik Universitetində nizam-intizam məsələləri universitetin ali idarə orqanı olan Elmi Şuranın 23 may 2017-ci il tarixli iclasında təsdiq edilmiş '‘Tələbələr üçün X3” əsasında həll edilir. Bu Qaydalar hər bir tələbəyə məxsus elektron X15 üzərindən tələbələrə elan edilir və hər an əlçatan olacaq şəkildə sistemdə yerləşdirilmişdir. Həmçinin nizam-intizam məsələləri ilə bağlı təqdimatları müzakirə etmək, Qaydalara uyğun olaraq dəyərləndirmək və müvafiq tədbir barədə təklif vermək məqsədi ilə yaradılmış, tələbə nümayəndəsinin də üzv olduğu 7 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərən İntizam Komissiyası fəaliyyət göstərir. İntizam tənbehinin tətbiq edilməsi ilə bağlı qərarlar fərdi qaydada bir nəfər tərəfindən deyil, geniş tərkibli heyət tərəfindən qəbul edilir. İddiaçı barədə məsələ də prorektorların müraciəti və müvafiq Fakültə dekanının təqdimatı əsasında xx.xx.2022-ci il tarixdə İntizam Komissiyasında müzakirə edilmişdir. Komissiyanın iclasında tələbənin şəxsən iştirakı təmin edilmiş, özünü müdafiəsi üçün şərait yaradılmışdır. İclas zamanı da tələbə eyni davranışlarını davam etdirmiş, əməlinə haqq qazandırmağa çalışmış, heç bir peşmanlıq və üzrxahlıq ifadə etməmişdir. Yuxarıda qeyd olunan davranışları ona ifadə edilmiş və bunları qəbul etmişdir. İclas zamanı da eyni üslubda “niyə tələbə biletini verməli olduğunu” ifadə edərək yuxarıda qeyd olunan davranışlarında haqlı olduğunu əsaslandırmağa çalışmışdır. Ona daha əvvəl də sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edildiyini, yenə eyni qaydada pozuntu hallarına davam etdiyi və bu səbəbdən də universitetdən xaric etmə intizam tənbehinin tətbiq edilə biləcəyi şəxsən müvafiq Qaydaların müddəaları əsasında ifadə edilmişdir. İddiaçı tələbəyə bu hadisədən təxminən 5 ay kimi qısa müddət əvvəl xx.xx.2022-ci il tarixində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. Həmin intizam tənbehinin tətbiq edilməsinin əsasları bunlardır iddiaçı xx.xx.2022-ci il tarixində imtahan zamanı imtahan qaydalarım kobud şəkildə pozmuş, köçürməyə cəhd etmişdir. İmtahan nəzarətçisi Vurğun Qəhrəmanov dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq iddiaçı imtahanın gedişini pozmağa davam etmiş, nəzarətçi də imtahanın təşkili qaydalarına uyğun olaraq tələbənin imtahan kağızını almış və onun imtahan zalından kənarlaşdırmışdır. İddiaçı imtahanın gedişi zamanı dəfələrlə imtahan davam edən zala qayıdaraq müəllimə qarşı sözlü təhqirlərə və hədə-qorxu gəlməyə davam etmişdir. Həmçinin imtahan başa çatdıqdan sonra da iddiaçı müəllimin otağına (3207 nömrəli otaq) getmiş və dekan müavini Osman Mirzəyevin və digər müəllimlərin də yanında müəllimi təhqir etməyə, ona qarşı hədə-qorxu gəlməyə davam etmişdir. İmtahan nəzarətçisinin ərizəsi və Fakültənin təqdimatı əsasında tələbəyə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. Tələblərə üçün X1 4.1.1. maddəsinə əsasən tələbə eyni intizam qaydasını təkrar pozduqda ona bir sonrakı daha ağır intizam tənbehi tətbiq edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı 6 ay kimi qısa müddət içərisində 2 dəfə eyni xarakterli və kobud hesab ediləcək davranış əsaslı pozuntu hallarına yol vermişdir. İntizam Komissiyası da bütün bu halları, fakültə rəhbərliyinin tələbə haqqında müsbət olmayan xarakteristikasını, tələbənin əməlindən heç bir peşmanlıq ifadəsinin və bunu göstərəcək davranışlarının olmamasını nəzərə alaraq onun universitetdən xaric edilməsi barədə qərar qəbul etmişdir. Əgər fərdi qaydada pozuntulara uyğun tənbeh tədbirləri tətbiq edilməsə kifayət qədər tələbənin təhsil aldığı, yerinə yetirə bilmək üçün fərdi hallara uyğun hüquqi qiymət verilməlidir ki, başqaları da Qaydaların işləmədiyini pis nümunə kimi qəbul etməsinlər. İctimai mənfəət fərdi mənfəətdən üstündür və bu mənada minlərlə digər tələbələrin Qaydalara riayət etməsini təmin etmək, nizamintizamı təmin etmək məqsədi ilə fərdi hallarda Qaydalara uyğun tədbir görülməsi qanuna zidd deyildir. Universitetdən xaric etmə qərarı Təhsil Nazirliyinin müvafıq Qaydasına və X2 tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı tərəfin nümayəndəsinin universitetə ünvanladığı bildirişdə iddiaçının prorektorun sifarişi ilə universitetdən xaric edildiyi ifadə edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi əslində iddiaçı daha əvvəlki pozuntusu zamanı universitetdən xaric etmə intizam tənbehi tətbiq edilməsini nəzərdə tutan pozuntulara yol vermişdir. Bayram müəllim həmin dövrdə də Tərbiyə işləri üzrə prorektor kimi bu məsələnin araşdırılmasında iştirak etmiş və şəxsən onun təklifi əsasında tələbəyə xaric etmə intizam tənbehi deyil, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmişdir. Əgər hər hansı bir sifariş səbəbi, əsası olsaydı niyə belə bir addım atılsın, əksinə elə həmin vaxtda iddiaçının xaric edilməsi barədə qərar qəbul edilməsini təmin edə bilərdi. Təhsil aldığı müddətdə tələbə ilə adları qeyd olunan prorektorların heç birinin müəllimi olmaq da daxil heç bir münasibəti olmamışdır. Yəni aralarında qarşı tərəfin iddia etdiyi kimi, hansısa sifarişin olması üçün əsas ola biləcək heç bir hal mövcud olmamışdır. Bundan başqa, iddiaçının nümayəndəsinin (vəkili) bildirişindən elə anlaşılır ki, sanki bütün bu qeyd olunanlar heç biri yaşanmayıb, iddiaçı sadəcə “hörmətli müəllim, xahiş edirəm mənə izah edəsiniz ki tələbə biletimi niyə istəyirsiniz?” tərzində xoşniyyətli bir şəkildə dialoq aparmış və nəticədə də tələbə biletini verməmiş, sadəcə tələbə biletini vermədiyi üçün ona universitetdən xaric etmə intizam tənbehi tətbiq edilmişdir. O zaman sual olunur ki, sadəcə iddiaçı tələbənin ifadələri ilə bu qənaətə gələn nümayəndə iddiaçıdan eşitdiyi hər şeyin olduğu kimi düzgün olduğunu qəbul edir, ancaq vəzifəsi birbaşa Universitetdə Təlim-tərbiyə prosesinə nəzarət etmək, nizam-intizamı təmin etmək olan prorektorun, vəzifəsi universitetdə təhlükəsizliyin təmin edilməsi olan ümumi işlər üzrə digər prorektorun, iddiaçının təlim-tərbiyə və tədris prosesinin birbaşa təşkilatçısı və nəzarətçisi olan fakültə dekanının, dekan müavinin ifadələri yalan olduğunu iddia edir. Yuxarıda da sual olunduğu kimi, həqiqətən bu qədər insanın hansı məqsədi ola bilər ki, iddiaçının universitetdən xaric edilməsi üçün bu qədər plan proqramlı yalan addımlar atsınlar, təşkilatlansınlar və iddiaçının universitedən xaric olunmasına nail olsunlar? Bakı Mühəndilsik universiteti fəaliyyətə başladığı 15 fevral 2017- ci il tarixindən etibarən İntizam Qaydalarını pozduğu üçün universitetdən xaric edilən ilk və yeganə tələbə İddiaçı olmuşdur. Tələbəyə universitetdən xaric edilməməsi üçün kifayət qədər şans verilmiş, sonuncu kobud pozuntusunda ona “sonuncu xəbərdarlıq edilmiş”, ancaq iddiaçı bundan nəticə çıxarmayaraq eyni xarakterli davranışlarına davam etmişdir. Bu da tələbənin universitetdən xaric edilməsini zəruriləşdirmişdir. Digər bir məsələ də iddiaçının nümayəndəsi tələbənin təhsil hüquqlarının pozulduğunu, təhsildən məhrum edildiyini və bunun müxtəlif normativ hüquqi sənədlərin tələblərinə zidd olduğunu qeyd etmişdir. Hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququ vardır. Ancaq, Təhsil müəssisələri də təhsil sahəsində qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstliyə sahib qurumlardır. Bakı Mühəndislik Universiteti də publik hüququ şəxs statusuna sahib bir təhsil müəssisəsi kimi bu fəaliyyətləri həyata keçirərkən dövlət tərəfindən qəbul edilən normativ hüquqi aktlara və onlara uyğun olaraq hazırladığı universitetdaxili Qaydalara əsasən fəaliyyətlərini həyata keçirmək hüququna malikdir. Ali təhsil müəssisəsi də kiçik bir cəmiyyətdir və o cəmiyyət daxilində də münasibətləri tənzimləyən Qaydalar mövcuddur. Cəmiyyətin üzvləri də o Qaydalara riayət etməlidirlər və Qaydalara riayət etməyənlərə qarşı da nəzərdə tutulan tənbeh tədbirlərinin tətbiqi fərdin hüququnun pozulması deyildir, cəmiyyətin mənfəəti naminə bir zərurətdir. Hər bir vətəndaşın cəmiyyətdə azad yaşamaq hüququ vardır. Ancaq cəmiyyət daxilində yaşamaq üçün riayət edilməsi icbari olan Qaydalar vardır və bu qaydaları pozanların müvafiq Qaydada azad yaşamaq hüquqları məhdudlaşdırılır və bu konstitutsiyada nəzərdə tutulan hüququn pozulması hesab edilə bilməz. Eyni Qaydada kiçik cəmiyyətdə də mövcud ola bilmək üçün zəruri olan Qaydalara da riayət etmədikdə tədbir görülməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tənəffüsdə olan zaman uşaqlarla birlikdə dayanıb söhbət edərkən Elgün Fərmanlı nalayiq ifadə işlətmişdir. Həmin vaxt bir neçə müəllim onlara yaxınlaşmışdır. Universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim onlara yaxınlaşmış və nalayiq ifadənin kimin işlətdiyini soruşmuş, həmin vaxt Elşad onun kim olduğunu soruşmuş, o, universitetin prorektoru olduğunu bildirmişdir. Elşaddan tələbə biletini istəmiş, o verməkdən imtina etmişdir. Bu zaman prorektor mühafizəyə zəng edərək Elşadı universitetdən sürüyüb çıxarmağı göstəriş vermişdir. Aralarında mübahisə olmuşdur.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tənəffüsdə olan zaman uşaqlarla birlikdə dayanıb söhbət edərkən Elgün Fərmanlı nalayiq ifadə işlətmişdir. Həmin vaxt Bayram müəllim onlara yaxınlaşmış. Kimin nalayiq ifadə işlətdiyini soruşmuşdur. Həmin vaxt Elşad Bayram müəllimə yaxın istiqamətdə dayandığından cavab verərək nalayiq ifadənin digər tərəfdə işlədildiyini bildirmişdir. Bayram müəllim Elşaddan tələbə biletini təqdim etməyi tələb etdikdə, Elşad nə səbəbdən tələb biletini istədiyini soruşmuşdur. Bayram müəllim prorektor olduğunu bildirdikdən sonra Elşad tələbə biletini təqdim etmişdir. Bayram müəllim tələbə biletinin şəklini çəkmiş və mühafizəyə zəng edərək Elşadı sürüyüb universitetdən çıxarmağı göstəriş vermişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tələbə yoldaşları ilə tənəffüs zamanı söhbət edərkən istəmədən ağzından nalayiq söz çıxarmışdır. Həmin vaxt Universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim onlara yaxınlamış və kimin nalayiq ifadə işlətdiyini soruşmuşdur. Elşad onu göstərsə də, Bayram müəllim elə bilmişdir ki, nalayiq ifadə işlədən Elşaddır. Qabağa çıxaraq nalayiq ifadəni özünün işlətdiyini bildirmişdir. Bayram müəllim hər ikisinin tələbə biletini tələb etmiş, şəkilləri çəkmişdir. Sonra dərsə qayıtmış, dərsdə olarkən onu çağıraraq Bayram müəllimlə görüş keçirəcəyi bildirilmişdir. Bayram müəllim ilə keçirilən görüş zamanı ona töhmət verilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin Tədris işləri üzrə dekan müavini vəzifəsində işləyir. Həmin vəzifədə 4 ildir işləyir. İddiaçı Elşad universitetin ən problemli tələbələrindən biridir. Ona dərs deyən bütün müəllimlər narazılıq etmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir. Elşad həmin tənbeh verilən zaman mübahisə yaratmış ona və bir neçə müəllimə nalayiq ifadə işlətmişdir. Bir dəfə universitetin müəllimlərindən biri onu otağına çağıraraq Elşadı otağından çıxarmağı xahiş etmişdir. O da Elşadı öz otağına apararaq ona nalayiq ifadə işlətdiyini xatırlatmadan onunla söhbət etmişdir. İddiaçı barəsində olan axırıncı iclasa dəvət olunsa da işi ilə əlaqədar gec iştirak etmişdir. Həmin iclasda səs vermək hüququ olmamışdır.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetin rektoru, professor H.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3798 nömrəli “İntizam cəzasının tətbiq edilməsi barədə” Əmrin təsdiq olunmuş surətindən görünür ki, Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi’ ixtisasının digər İİİ kurs tələbəsi İddiaçı (tələbə nömrəsi: 1********) 'Tələbələr üçün X3”nın 3.2-ci maddəsinin “b” və “d” bəndində, 3.3-cü maddəsinin “c” və “m” bəndində nəzərdə tutulan (hərəkətləri və davranışı ilə tədris və təlim-tərbiyə prosesini pozmaq, başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, universitet daxilində və xaricində şəxslərin şərəf və ləyaqətini alçaldan şifahi və yazılı fəaliyyətlər göstərmək, universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gəlmək) ntizam pozuntusu xarakterli əməllər törətmişdir. Tələbənin səmimi peşmanlığı nəzərə alınaraq ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetin rektoru, professor H.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4202 nömrəli “İntizam cəzasının tətbiq edilməsi barədə” Əmrin təsdiq olunmuş surətindən görünür ki:

1. Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi X6 (tələbə nömrəsi: 1********) “Tələbələr üçün X3”nın 3.2-ci maddəsinin “i” bəndində nəzərdə tutulan (başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək) intizam pozuntusu xarakterli əməl törətdiyi üçün ona “töhmət” intizam tənbehi verilsin.

2. Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının digər İV kurs tələbəsi İddiaçı (tələbə nömrəsi: 1********) 'Tələbələr üçün X3”nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan (başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək, ictimai əxlaqa sığmayan davranışlara yol vermək, universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gəlmək, universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək) intizam pozuntusu xarakterli əməllər törətmişdir.

3. Tələbəyə bənzər xarakterli davranışları ilə bağlı xx.xx.2022-ci il tarixində “şiddətli töhmət” intizam tənbehinin tətbiq edildiyini də nəzərə alaraq Qaydaların 3.4-cü bəndinə əsasən ona “tələbələr sırasından xaricetmə" intizam tənbehi tətbiq edilmişdir. Əsas Tərbiyə işləri üzrə prorektor B.Ə.Hüseynzadənin xx.xx.2022-ci il tarixli 05/161 nömrəli təqdimatı.

11. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Bakı Mühəndislik Universitetinə ünvanlanmış Pretenziyadan görünür ki, bu bildirişi aldıqları gündən 3 gün ərzində Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmrini ləğv edərək “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı Universitetə bərpa edilməsi və onlara yazılı məlumat verilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti Akademik Transkript görünür ki, həmin universitetin Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan xx.xx.2001-ci il təvəllüdlü İddiaçı tamamlanmamış kredit toplamı 164 təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri qismən, yəni İddiaçı aid hissəsi olan 2-ci bəndinin ləğv olunması qət edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq əmrin verilməsi üçün əsas sayılmış hallar, iddiaçının barəsində verilmiş əmrin hüquqi əsasını təşkil edən universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində əmr verilmişdir. Bu səbəbdən də, iddia təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi, Bakı Mühəndislik Universitetinin tələbələri üçün X1: 1.1, 1.2, 3.3 və 3.4-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayəti və onun dəlilləri

16. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “15” noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 3-cü maddəsi Tələbələr sırasından xaric edilmə hallarını tənizmləyir. Qaydaların 3.1.3. bəndində də ali təhsil müəssisəsindən xaric edilmə əsaslarından biri kimi ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozması nəzərdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsində tələbənin təhsil almaq hüququ əsas kimi qiymətləndirilmiş, ancaq Müəssisədaxili intizam qaydalarının pozulması zamanı tələbələr sırasından xaric etmənin bir tədbir olaraq nəzərdə tutulduğu və zəruri hallarda tətbiq edilməsinin tələbənin təhsil hüququndan məhrum edilməsi kimi qiymətləndirilməsinin düzgün olmadığı nəzərə alınmamışdır. Digər bir məsələ də iddiaçının nümayəndəsi tələbənin təhsil hüquqlarının pozulduğunu, təhsildən məhrum edildiyini və bunun müxtəlif normativ hüquqi sənədlərin tələblərinə zidd olduğunu qeyd etmişdir. Hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququ vardır. Ancaq Təhsil müəssisələri də təhsil sahəsində qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstliyə sahib qurumlardır. Bakı Mühəndislik Universiteti də publik hüququ şəxs statusuna sahib bir təhsil müəssisəsi kimi bu fəaliyyətləri həyata keçirərkən dövlət tərəfindən qəbul edilən normativ hüqqi aktlara və onlara uyğun olaraq hazırladığı universitetdaxili Qaydalara əsasən fəaliyyətlərini həyata keçirmək hüququna malikdir. Ali təhsil müəssisəsi də kiçik bir cəmiyyətdir və o cəmiyyət daxilində də münasibətləri tənzimləyən Qaydalar mövcuddur. Cəmiyyətin üzvləri də o Qaydalara riayət etməlidirlər və Qaydalara riayət etməyənlərə qarşı da nəzərdə tutulan tənbeh tədbirlərinin tətbiqi fərdin hüququnun pozulması deyildir, cəmiyyətin mənfəəti naminə bir zərurətdir. Nümunə kimi qeyd edilir ki, hər bir vətəndaşın cəmiyyətdə azad yaşamaq hüququ vardır. Ancaq cəmiyyət daxilində yaşamaq üçün riayət edilməsi icbari olan Qaydalar vardır və bu qaydaları pozanların müvafiq Qaydada azad yaşamaq hüquqları məhdudlaşdırılır və bu konstitutsiyada nəzərdə tutulan hüququn pozulması hesab edilə bilməz. Eyni Qaydada kiçik cəmiyyətdə də mövcud ola bilmək üçün zəruri olan Qaydalara da riayət etmədikdə tədbir görülməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir. İddiaçı da Tələbələr üçün X1 aşağıdakı təqdim olunan maddə və bəndlərinin tələblərini pozmuşdur: - 3.2.a. Universitetin səlahiyyətli şəxsləri tərəfindən tələb olunan məlumatları onlara məqsədli şəkildə natamam və yalnış vermək - 3.2.c. Universitet daxilində ictimai yerlərdə narahat edəcək şəkildə ucadan danışmaq, qışqırmaq (hadisə zamanı tələbələr ucadan və qeyri-etik ifadələrlə müşaiyət olunacaq şəkildə danışırdılar) - 3.2.d. başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək - 3.2.i. başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək 3.3.a. intizam qaydalarının pozulması ilə bağlı aparılan təhqiqata mane olmaq (hadisə zamanı universitet ərazisində söyüş söyən birini müəyyən etmək üçün səlahiyyətləri çərçivəsində müdaxilə edən prorektora mane olunmuşdur) - 3.4.h. universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək. Yuxarıda da izah olunduğu kimi iddiaçı Qaydaların birdən çox maddəsini pozmuşdur. Məhkəmə iddiaçının qısa müddət içərisində ilkin intizam tə nbehindən nəticə çıxarmayaraq təkrar intizam pozuntusuna yol verməsi kimi iş üçün birbaşa əhəmiyyətli olan faktı yetərincə araşdırmamış və ona heç bir hüquqi qiymət verməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1149/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları, sübutların qiymətləndirilməsi, maddi və prosessual hüququ normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələrdir, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh (vəkil X8) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2023cü il tarixli, 2(102)-3995/2023 nömrəli Qərarı ilə cavabdeh “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1149/2023 saylı 06 iyun 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə hüquq münasibətləri təhsil sahəsində dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, işə baxan aşağı instansiya məhkəmələri bu halı diqqətdən qaçırmışdır. Eləcə də kollegiya hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən tərəflərin barışması həlli üçün tədbirlər görməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

24. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

25. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq Azərbaycan Respublikasında təhsilin əsas məqsədləridir.

28. Bakı Mühəndislik Universitetinin tələbələri üçün X1: 1.1. bəndinə əsasən X1 pozulmasına görə tələbələrə qarşı aşağıdakı intizam tənbehi tədbirlərindən biri tətbiq edilir: töhmət; sonuncu xəbərdarlıqla şiddətli töhmət; universitetdən xaric edilmə 1.2. Töhmət tələbəyə hərəkət və davranışlarında yol verdiyi pozuntuların yazılı şəkildə bildirilməsidir və bu, aşağıdakı hallarda verilir: d) başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək; i) başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək; 3.3. Sonuncu xəbərdarlıqla şiddətli töhmət tələbəyə yol verdiyi intizam pozuntusu qeyd olunmaqla yazılı şəkildə bildirilir və bu, aşağıdakı hallarda verilir: d) ictimai əxlaqa sığmayan davranışlara yol vermək m) universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gəlmək; 3.4. Universitetdən xaric edilmə tələbəyə universitetdən xaric edilməsinin və tələbəlik hüquqlarından məhrum edilməsinin yazılı şəkildə bildirilməsidir. Universitetdən xaricetmə tətbiq edildiyi hallar: h) universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək;

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e- 2(012)-1469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

32. Araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tələbə yoldaşları ilə tənəffüs zamanı həyətdə söhbət edərkən X6 nalayiq söz işlətmiş, həmin vaxt Universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim onlara yaxınlamış və kimin nalayiq ifadə işlətdiyini soruşmuş, İddiaçı Elgün Fərmanlını göstərmiş, həmin vaxt şahid Elgün fərmanlının ifadəsindən də göründüyü kimi o, özü qabağa çıxaraq nalayiq ifadəni özünün işlətdiyini bildirmişdir. Həmin vaxt İddiaçı davranışında qeyd edilən “Bayram müəllim hər ikisinin tələbə biletini tələb etmiş, vermirəm, sən kimsən ki, və nəyə görə mən tələbə biletimi verməliyəm’'’ kimi cavablar isə onun özünün izahatından göründüyü kimi, tələb edən şəxsin kimliyinin ona sonradan məlum olması ilə əlaqədar olmuşdur. Cavabdehin etirazında qeyd edilən digər hallar isə şahidlərin ifadələri və iddiaçının izahatı ilə təsdiq edilməmişdir.

33. İş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərkən göstərmişdir ki, Bakı Mühəndislik Universitetinin rektorunun 22 dekabr 2022-ci il tarixlə 4202 nömrəli əmri ilə “Tələbələri üçün X3”nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “v” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərinə əsasən, əvvəllər “şiddətli töhmət” intizam tənbehi tətbiq edilməsi də nəzərə alınmaqla “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası tələbələri sırasından xaric edilmişdir. Rektorun həmin əmrini qanunsuz və əsassız hesab etdiyindən əmrin ləğvi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

34. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq əmrin verilməsi üçün əsas sayılmış hallar, iddiaçının barəsində verilmiş əmrin hüquqi əsasını təşkil edən universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz. Belə ki, təhqir şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdan ibarət təqsirli hərəkətdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

36. Kollegiya həmçinin vurğulayır ki, Bakı Mühəndislik Universitetinin tələbələri üçün X1 3.4-cü bəndində Universitetdən xaricetmə tətbiq edildiyi hallar olaraq universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək əsası göstərilmişdir ki, araşdırılan mübahisə üzrə isə belə bir hal öz təsdiqini tapmır. Sadalanan hallar - başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək kimi davranışların baş verməsi isə qeyd olunan Qaydaların tələblərinə görə digər intizam tənbehi tədbirlərinin tətbiqi üçün əsas ola bilər.

37. Eyni zamanda qeyd olunmalıdır ki, şərəf və ləyaqətin, şəxsiyyətin ağır şəkildə təhqir olunması kimi hallar qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması və öz təsdiqini tapması tələb olunan hallar olmaqla hazırki mübahisə üzrə belə bir fakt müəyyən olunmur.

38. Kassasiya instansiya məhkəməsinin Qərarının 41-ci bəndi üzrə araşdırma aparan apellyasiya instansiya məhkəməsi tərəflərin barışığa gəlmələri ilə bağlı təklif irəli sürmüş, cavabdeh tərəf mübahisənin barışıq yolu ilə həllində maraqlı olduqlarını bildirsələr də iddiaçı tərəf barışığa gəlməkdən imtina etmiş, işə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

39. Eləcə də apellyasiya instansiya məhkəməsi Kassasiya instansiya məhkəməsinin Qərarının göstərişləri üzrə araşdırma apararaq, tərəflərin fikrini dinləyərək, həmçinin məhkəmə çəkişməsinin bir ildir davam etməsini, məhkəmə araşdırmasının uzun müddət davam etməsinin iddiaçının mənafeyinə uyğun olmamasını, tələbə olmaqla təhsil hüququnun bərpa olunaraq təhsilini davam etdirməsində əhəmiyyətli geri qalması kimi halları, xüsusən də məhkəmə çəkişməsinin uzun müddət davam edəcəyi halda bunun prosessual qənaət prinsipi ilə uzlaşmamasını nəzərə alaraq işə baxılıb yekun qərar qəbul edilməsini mümkün hesab etimşdir.

40. Beləliklə, kollegia iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e- 2(012)-1469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Bakı Mühəndislik Universiteti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar