Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-310/2022 26.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh Şəfqət Klinikasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2, Şəfqət Klinikasına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)-5831/2021- 008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı cavabdehlər “Şəfqət” Klinikasına və “Cavabdeh2”-yə qarşı 1500 manat ödənilmiş pul vəsaiti, maddi ziyanın əvəzi olaraq 20500 manat, mənəvi ziyana görə 30000 manat, dövlət rüsumunun əvəzi olaraq 31 manat olmaqla, cəmi 52031 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər “Şəfqət” Klinikasına və “Cavabdeh2”-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat ödənilmiş pul vəsaiti, maddi ziyanın əvəzi olaraq 20500 manat, mənəvi ziyana görə 30000 manat, dövlət rüsumunun əvəzi olaraq 31 manat olmaqla, cəmi 52031 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə iddiaçı Bakı şəhərində Yeni Yasamal massivində tikinti şirkətində işləyərkən 10-cu mərtəbədən zirzəmiyə yıxılmış və sol qolundan xəsarət almışdır. Şirkətin səlahiyyətli nümayəndələri heç bir sənədləşmə aparmayaraq bildirmişlər ki, onu müalicə etdirəcəklər. Lakin, iddiaçının ardınca gələn olmamışdır. İddiaçı Şirvan şəhər xəstəxanasında öz vəsaiti hesabına 2 dəfə əməliyyat olunmuşdur. Sümüyünün birini bitişdirsələr də, digərini bitirə bilməmişlər. Sonra qoluna saldıqları mili çıxarmışlar və bir daha əməliyyat etməmişlər. İddiaçının qolu ağrımadığı üçün dolanışıq xatirinə təxminən 10 il yəni 2017-ci ilə kimi bənna, suvaqçı kimi tikinti işlərdə işləmişdir. Həmin ilin noyabrında qolu ağrımağa başlamışdır. Sumqayıt şəhər X6 Xəstəxanasına travmatoloq həkim olan X5 müraciət etmiş, həkim qoluna baxandan sonra söz vermişdir ki, əməliyyat edəcək və əməliyyatdan sonra qolu 100 faiz düzələcək. Qolumun əməliyyatı üçün ilk dəfə 1500 manat pul ödəmiş və 2018-ci ilin mart ayında “Şəfqət” Klinikasında ilk dəfə əməliyyat olunmuşdur. Lakin əməliyyatın heç bir əhəmiyyəti olmamış və qolunda ağrılar olduğu kimi qalmışdır. O, Fuad həkimə bu barədə bildirikdikdə o iddiaçını 2-ci dəfə mənim əməliyyat edəcəyini bildirmişdir. İkinci dəfə isə 16 yanvar 2019-cu ildə “Liman” Medical Center əməliyyat olunmuşdur. 2-ci dəfə qolunu əməliyyat edəndə Fuad Ağayev iddiaçıya məlumat vermədən salamat sümüyünü kəsmişdir. Əvvəlcədən iddiaçıya bunu desəydi o, salamat sümüyünün kəsilməsinə razılıq verməzdi. Həkim qoluna «Elza» aparatı qoymuş və 3-4 aydan sonra çıxararaq plastik qaba qoymuşdur. Bütün bunlara baxmayaraq qolu düzəlməmiş, əksinə vəziyyəti bir az da ağırlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra göndəriş əsasında Travmatologiya İnstitunda xx.xx.2019-cu ildə «sol said sümüklərinin orta 1/3-nin əməliyyatdan sonrakı yalançı oynağı» diaqnozu ilə həkim Fikrət Bayramov əməliyyat etmişdir. Fikrət həkim tam sağala biləcəyinə zəmanət verməmişdir. Lakin demişdir ki, kəsilən sümüyü bitsə də gec bitəcək və ümid azdır. İddiaçının dolanışığı, müalicə xərcləri sosial şəbəkələr vasitəsilə, camaatın maddi köməkliyi hesabınadır. Onun maddi durumu çox acınacaqlı vəziyyətdədir. O, ağrılardan yata bilmir, özü-özünə xidmət etmək iqtidarında deyil və mənim maddi durumu çox çətindir. İddiaçı göstərilən müddətdə işləyə bilməmişdir. Buna görə də, işləmədiyi müddət üçün pul məbləği cavabdehlər tərəfindən tutularaq ona ödənilməlidir. Bütün bu əməliyyatlar cavabdeh olan klinikalarda baş vermişdir.Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi ziyanla yanaşı mənəvi ziyan da çəkmişdir. İddiaçı həmin ziyanı 30000 manat dəyərində qiymətləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Qətnamə qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Şəfqət Klinikasının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində Cavabdeh2 məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini iddiaçının səhhətində yaranmış ağırlaşmaların həmin həkimin səhv diaqnozu və düzgün olmayaraq apardığı cərrahiyyə əməliyyatları nəticəsində meydana gəlməsi iş materialları ilə sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakılar qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 tərəfindən verilmiş 445/KEŞ nömrəli 30 sentyabr 2022-ci il tarixli ekspert rəyində tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə “Liman” klinikasına müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol mil sümüyü metallövhə ilə təsbit edilmiş, bitişməmiş sınığı, sol dirsək sümüyünün deformasiyası, mil-bilək oynağının deformasiyası” diaqnozu təyin edilmişdir. Həmin tarixdə “metal lövhənin xaric edilməsi, sol dirsək sümüyünün korresiyası, osteotomiyası, İllizarov aparatı ilə sol said sümüklərin osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2019-cu il tarixdə xəstə evə yazılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə keçirilmiş cərrahiyyə əməliyyatından sonra sümüklərdə bitişmə getmədiyi üçün daha iki əməliyyat-təkrar “osteosintez” aparılmışdır. Beləliklə, icra edilmiş operativ müdaxilələr taktiki cəhətdən düzgün olmuş, lakin sümük regenerasiyasının gec getdiyindən müalicə müddətinin uzanmasına gətirib çıxartmışdır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 103.1. maddəsi). Nəzərə almaq lazımdır ki, iş üzrə keçirilmiş ekspertiza rəyi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində zərərə məruz qaldığını iddia etsə də, bu halı təsdiq edən əsaslı şübhə yaratmayan hər hansı bir sübutla təsdiq etmir. Bunun üçün də iddiaçı Bəxtiyar Hacıyev düzgün diaqnoz qoyulmayaraq cərrahiyyə əməliyyatının düzgün icra edilməməsi nəticəsində cavabdehlərin səhvinə görə zərərə məruz qaldığını sübut etməlidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Məcəllənin 1112. maddəsinə əsasən Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-310/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-310/2022
26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver