Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3101/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağali oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(060)-6418/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(060)-6418/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı təyin edilmiş qəyyumluğun ləğv edilməsi və yeni qəyyum təyin edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 X3 üzərində Sumqayıt şəhər İcra Hakimiyyətinin 392 saylı sərəncamı ilə təyin edilmiş qəyyumluğun, eyni zamanda həmin sərəncamın ləğv edilməsi və onun qardaşı X3 üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. O, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli,392 saylı sərəncamının ləğv edilməsi və onun qardaşı Vüqar Rəhimovun üzərində qəyyum təyin edilməyi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(118)-1301/2021 saylı qərardadı ilə iddia tələbi mülki xarakterli olduğundan, 27.12.2019-cu il tarixli, 392 saylı sərəncamın inzibati akt olmaması, qəyyumluğa dair məsələlərin ümumi hüququn deyil, xüsusi hüququn sahəsinə aid olması və Azərbaycan Respublikası MM-nin və Ailə Məcəlləsinin müddəaları ilə tənzimlənməsi, eyni zamanda qeyd olunan sərəncamın hakimiyyət tədbiri olmaması səbəbindən aidiyyəti məhkəmədə baxılması olduğu üçün mümkün sayılmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli, 392 saylı sərəncamı inzibati münasibətləri tənzimləmək üçün qəbul edilməmişdir. Qəyyumluğun təyin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası MM-nin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Bu işdə iştirak edən şəxslər, yəni iddiaçı və cavabdehlərdən biri fiziki şəxsdir, digər cavabdeh isə icra hakimiyyətidir, hüquq münasibətləri isə qəyyumluq hüquq münasibətləridir. Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsində qeyd olunur ki, mülki məhkəmə icraatı qaydasında, mülki, ailə, əmək, mənzil və s. münasibətlərindən irəli gələn mübahisələrə ümumi məhkəmələr baxır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunub iddia ərizəsinin icraata götürülməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 şikayətdə göstərilənlərə uyğun izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən mübahisənin inzibati məhkəməyə aid olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbləri Sumqayıt şəhər İcra Hakimiyyətinin 392 saylı sərəncamı ilə təyin edilmiş qəyyumluğun, eyni zamanda həmin sərəncamın ləğv edilməsi və onun qardaşı X3 üzərində qəyyum təyin edilməsi barədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli, 392 saylı sərəncamı qəyyum təyin edilməsi barədədir və bu sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid deyildir. Belə ki, qəyyum təyin edilməsi, qəyyumluğun ləğvi və qəyyumluqla bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli, 392 saylı sərəncamı inzibati aktın əlamətlərini özündə əks etdirmir və ona görə də inzibati akt hesab edilmir. İddia tələbinin qəyyum təyin edilmə ilə bağlı olan hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Göründüyü kimi, qəyyum təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 16.3-cü bəndinə (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il qərarı ilə edilmiş dəyişiklik nəzərə alınmaqla) əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(060)-6418/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı təyin edilmiş qəyyumluğun ləğv edilməsi və yeni qəyyum təyin edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3101/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3101/2021
09.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver