Məhkəmə qərarları › İş №2(105)-3106/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3106/2021

10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3106/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4682/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh 3666,66 (üç min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3666,66 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası - X3 anası - X5 ilə 1990-cı il tarixdə nikah bağlamış və bu nikahdan 14 avqust 1991-ci il tarixdə o, İddiaçı doğulmuşdur. 1994-cü il tarixdə onlar arasında nikah pozulmuş və bir müddət sonra X1 Cavabdeh ilə ailə qurmuş və bu nikahdan onların bir övladı doğulmuşdur. X1 hərbçi olmuşdur. O 28 iyul 1995-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüş zamanı minaya düşərək şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının 7.2- ci bəndinə uyğun olaraq AR Maliyyə Nazirliyi 1997-ci il avqustun 2-nədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında AR Qanunu ilə müəyyən edilmiş sığorta ödənişini həyata keçirir. Sığorta ödənişini almaq üçün o, Maliyyə Nazirliyinə müraciət edən zaman müəyyən etmişdir ki, Cavabdeh ondan xəbərsiz Maliyyə Nazirliyinə müraciət edərək, atası - X2 şəhid olmasına görə onun vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişini almışdır. O bunu bildikdən sonra Cavabdeh müraciət edib 11000 manat sığorta ödənişindən ona çatmalı olan 3666,66 pulunu tələb etsə də o, həmin pulu ona verməyəcəyini bildirmişdir. Cavabdeh sığorta ödənişindən onun payına düşən 3666,66 manat pulu ona verməkdən imtina etdiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının şəhid X2 vərəsəsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə nəzərdə tutulan 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmədən 1/3 hissədə pay almaq hüququna malik olması, Cavabdeh 11000 manat birdəfəlik ödəməni aldığını və həmin puldan iddiaçıya hər hansı vəsait ödəmədiyini bildirməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Cavabdeh tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1133.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək Fərmanla nəzərdə tutulan 11.000 manat məbləğində ödəmənin 1/3 hissəsinin iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar