Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-312/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(060)-4676/2021 saylı qətnaməsindən müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(060)-4676/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə və cavabdeh tərəfindən müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia təmin edilib, 28 yanvar 2016-cı il tarixdə "xxxx" MMC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilmiş 16 yanvar 2021-ci il tarixli icra qeydi ləğv edilmiş və iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(060)- 4676/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 28 yanvar 2016-cı il tarixdə "xxxx" MMC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilmiş 16 yanvar 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC arasında 28 yanvar 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə görə iddiaçı üçüncü şəxsdən 195.735 ABŞ dolları məbləğində borc pul almışdır. Həmçinin kredit müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan borc pulu 28 iyul 2016-cı il tarixə kimi üçüncü şəxsə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 28 iyul 2016-cı il tarixdə bitmişdir. Bundan sonra cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisi 16 yanvar 2021-ci il tarixdə üçüncü şəxsin müraciəti əsasında icra qeydi verərək üçüncü şəxsin xeyrinə iddiaçıdan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 195.735 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını təklif etmişdir. Həmçinin cavabdeh iddiaçıdan üçüncü şəxs tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq), 195.735 ABŞ dolları məbləğində pulun tutulmasını təklif etmişdir. Adıçəkilən icra qeydi 15 yanvar 2021-ci il tarixdə aparılmışdır. Cavabdeh tərəfindən verilmiş icra qeydi qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən ləğv edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 28.07.2016-cı il tarixdə bitmiş, ötən 4 il ərzində nə cavabdeh tərəfindən hər hansı icra qeydi verilməmiş, nə də ki, üçüncü şəxs tərəfindən həmin kredit müqaviləsində qeyd olunan borcun iddiaçıdan alınması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Cavabdeh tərəfindən verilmiş icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə ziddir. Belə ki, adıçəkilən qanunun qeyd edilən normasında icra qeydi tələb etmək hüququnun yarandığı gün qeyd edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 28.07.2016-cı il tarixdə bitdiyinə görə icra qeydi tələb etmək hüququ həmin tarixdən başlanır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Lakin cavabdeh Mülki Məcəllənin 373-cü maddəsində qeyd edilən iddia müddətini ötürməklə icra qeydi vermiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013cü il tarixli qərarının 1-ci bəndinə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, cavabdeh tərəfindən verilmiş icra qeydi iddia müddəti ötürülməklə verildiyindən həmin icra qeydi ləğv edilməlidir. Çünki, icra qeydinin verilməsinə əsas olan 28.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə qeyd edilən borcun tələb edilməsi müddəti ötmüşdür. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 377.2ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 77.1, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC arasında 28 yanvar 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üçüncü şəxsdən 195.735 ABŞ dolları məbləğində borc pul almışdır. Sonradan iddiaçı 03.07.2018-ci il tarixdə ərizə ilə müraciət gedərək borcununun ödənilməsi üçün əlavə olaraq vaxt verilməsini xahiş etmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən yazılmış kredit müqaviləsi üzrə qeyd olunan borc məbləğinin ödənilməsinə əlavə olaraq müddət verilməsini və bu ərizənin 03 iyul 2018-ci il tarixdə qeydə alınmasını nəzərə almayaraq məhkəmə öz qətnaməsində qiymət verməmiş, yəni maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia müddətinin axımını düzgün hesablamamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisi məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 verdiyi apellyasiya şikayətinə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 28 yanvar 2016-cı il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən, "xxxx" MMC 28 iyul 2016-cı il tarixədək qaytarmaq şərti ilə "xxxx" MMC-yə 195.735 ABŞ dolları məbləğində borc vermişdir. 07 dekabr 2020-ci il tarixdə "xxxx" MMC kredit müqaviləsi üzrə icra qeydi verilməsi üçün notariat orqanına ərizə vermişdir. "xxxx" MMC tərəfindən qeyd olunan ərizə Elektron Notariat Sistemi vasitəsi ilə verilmişdir. Hökumət ödəniş portalı vasitəsi ilə 15 yanvar 2021-ci il tarixdə 20 manat dövlət rüsumu ödənilmişdir. Ərizə formasında kredit müqaviləsinin tarixi və verilmiş borcun məbləği qeyd edilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 16 yanvar 2021-ci il tarixdə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. İddia tələbindən görünür ki, iddiaçı sözügedən icra qeydinin verilməsinə əsas verən kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin keçməsi səbəbi ilə, icra qeydi verilərkən qanunvericiliyin tələblərinin pozulduğunu bildirmiş və həmin icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, məhkəməyə təqdim olunmuş kredit müqaviləsindən göründüyü kimi, müqavilə üzrə borcun qaytarılması müddəti 28 iyul 2016-cı il tarixdə başa çatmışdır. 3 illik iddia müddəti nəzərə alındıqda, qeyd olunan kredit müqaviləsi üzrə iddia müddəti 28 iyul 2019-cu il tarixdə başa çatmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dəki paylara dair 25 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X10 və X13 "xxxx" MMC-dəki paylarını X2. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun 2 saylı Ərazi Vergilər Departamentinin Dövlət reyestrindən 14 iyun 2018-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC əvvəlki təsisçilər və nizamnamə kapitalındakı mayalarının miqdarının sahibi X10 və X14, hazırki təsisçilər və nizamnamə kapitalındakı mayalarının miqdarının sahibi isə X9r. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, "xxxx" MMC-yə ünvanladığı 07 iyul 2018-ci il tarixli ərizə onun tərəfindən imzalansa da, həmin müddət ərzində "xxxx" MMC-də təsisçi, pay sahibi və ya maddi məsul şəxs olmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 14 iyun 2018-ci il tarixdə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi X5 adından 7E-28999 nömrəli etibarnamə ilə X15 təsdiq etmişdir. "xxxx" MMC-nin təsisçinin 25 may 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, 27 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 25 may 2018-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 3M-2İ8 nömrə ilə qeyd edilmiş nizamnamə kapitalındakı payların alqısatqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən 06 may 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış, qeydiyyat nömrəsi 0205-S18-3060 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 2-ci redaksiyası hazırlanması və təsdiq edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 11 may 2018-ci il tarixli ərizəsinə əsasən 11 iyun 2018-ci il tarixdən xitam verilməsi, "xxxx" MMC və X4 arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İ-ci hissəsinə əsasən 11 iyun 2018-ci il tarixdən ləğv edilib, işçi ilə son haqq-hesabın aparılması, X16 (ş.v.AZE №********. 21.05.2015-ci il tarixdə ASANİ tərəfindən verilib) 11 iyun 2018-ci il tarixdən "Elat Kəndli-Fermer Təsərrüfatı” MMC- nin direktoru vəzifəsinə təyin edilməsi və həmin tarixdən səlahiyyətlərinin icrasına başlaması, "xxxx" MMC ilə X16 arasında əmək müqaviləsinin bağlanması və "xxxx" Məhdud Məsuliyyətli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 2-ci redaksiyasının təsdiq edilməsi və rəhbər dəyişiklikliyinin dövlət qeydiyyatına alınması üçün müvafiq vergi orqanına müraciət edilsin, müvafiq ərizə və sənədlər imzalanaraq təqdim edilməsi və hazır sənədlərin götürülməsi qərara alınmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Lakin notarius, icra qeydi apararkən kredit müqaviləsinin bağlanma müddətinə, borc öhdəliyinin icra edilməsi üçün nəzərdə tutulmuş son müddətə diqqət yetirməmiş, 3-cü şəxsin icra qeydi barədə elektron ərizəsində öhdəliyin yaranma tarixi kimi yanlış qeyd etdiyi 04 iyul 2018-ci il tarixinə istinad etmiş və «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun, həmçinin Mülki Məcəllənin normalarının tələbləri pozulmaqla icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, icra qeydi qanunvericiliyin imperativ göstərişləri pozulmaqla verildiyindən, ləğv edilməlidir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Müstəliq tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(060)-4676/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-312/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-312/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver