Məhkəmə qərarları › İş №2(105)-3136/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3136/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3136/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 1150 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007- ci il istehsallı, ZMZ matorlu, ** YA *** dövlət nömrə nişanlı, "Qaz-31105" markalı Volqa avtomobilini 8 aydır ki, yarasız hala saldıqları üçün, eləcə də bu aylar ərzində ona maddi və mənəvi ziyan vurmuş şəxslər- Cavabdeh1 və Cavabdeh2 şəxsi əmlakını ələ keçirməklə talamalarına və onu aldadaraq pulunu mənimsəmələrinə görə barələrində AR CM-nin müvafiq maddələrinə uyğun olaraq cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb istintaq orqanına göndərilməsi, cavabdehlərin aldadaraq ondan aldıqları 1150 manat pulun - hər ay üçün borca faizlə götürdüyü 1000 manat pula faiz kimi 100 manat pulun 8 aya 800 manat icra olunan gündəlik % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 8 ayda hər gün üçün orta hesabla (8 x 30 gün=240 gün) 10 manat (2400 manat) pulun, dəymiş maddi və mənəvi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu kimi 30 manatın, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara ödədiyi 300 manat pulun, məktub və zərflərin göndərilməsi üçün 55 manat pulun, avtomobilin texniki baxışı üçün 70 manat pulun və sığorta üçün ödənilmiş 95 manat pulun (sürmək hüququndan azad olunmuşdur, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmişdir), torpaq zəminində qalaraq çürüməkdə olan 4 təkərin (hər birini 6 aydır ki, almışdı) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir, usta və gözətçilər üçün hər gün 1 manat olmaqla 8 ay və avtomobili çıxanadək hesablanması (gözətçinin pulları da ödənməlidir, yəni 240 manat - avtomobil oradan çıxanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi, cavabdehlərin 8 ayda ona vurduqları 5000 manatdan çox mənəvi ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində “qazi” adını qazanmış döyüşçülərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhər 5-ci məhəllə ərazisində ona məxsus 2007-ci il istehsallı, "ZMZ” matorlu, ** VA *** dövlət nömrə nişanlı, "Qaz- 31105" Volqa markalı maşınını Cavabdeh1 adlı şəxs və onun qayınatası ikinci Cavabdeh2 ilə birlikdə “maşın ustası” deməklə, onu aldadıb şəxsi avtomobilini aparmışlar. Şəxsi maşınının taleyi bu günə kimi hələ də ona məlum deyildir. Dəfələrlə cavahdehlər onu "maşın təmirdədir, hazır olacaq, 1- 2 saata, 1-2 günə gəl apar" deyərək aldatmışlar. Bu barədə cavabdehlərdən Şahin ilə aralarında mobil yazışma və səsyazmalar da var. Özünü usta kimi qələmə vermiş Şahin və qaynatası Nazim ilə birlikdə onu aldadaraq bildirmişdir ki, Şahin və onun yanındakı ustalar etibarlı ustalardır. Çox səliqəli işləyirlər və onu bu sözləri ilə inandırmışdır. Şahin onu aldadarkən ilk gün yəni 12.10.2020-ci il tarixdə 50 manatı qaynatası Nazim ilə birlikdə olarkən, sonralar oktyabr ayında isə cəmi 1100 manat, ümumilikdə 1150 manat pul almışlar. O, bu pula görə hələ də hər ay 100 manata 10 manat məbləğində əlavə faiz (məbləğə aylıq 10 %) pul ödəyir. Bu barədə vatsapp səsyazması ilə Cavabdeh1 noyabr 2020-ci ildə bildirmişdir və həmin yazışmaları hal-hazırda var. O isə maşını apardığı ilk günlərdən sürərək öz şəxsi məqsədləri üçün istifadə edirmişdir və sonrakı taleyi isə bəlli deyil. Avtomobili ilə bağlı cavabdehlər tərəfindən aldadıldığını hiss edib nəhayət 4 ay sonra, 22.01.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmişdir. 22.01.2021-ci il tarixdə Sumqayıt şəhər 4-cü Polis Bölməsinin təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən şikayətinə baxılaraq izahatlar alınmışdır. Dəfələrlə işin araşdırılması üçün müraciət etsə belə, təhqiqatçı gözləməyi bildirib, yaxşı olacaq deyərək onu göndərmişdir. Nəhayət 03.02.2021-ci ildə AR CPM-nin maddələrinə əməl etməyən təhqiqatçı onun telefon zənglərinə son 10 gün ərzində cavab vermədiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin Baş təhqiqatçısının qəbulunda olmuş, rəis zəng etdikdən sonra təhqiqatçı ona 01.02.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarını 05.02.2021-ci il tarixdə 17.00-da möhürsüz vermiş və işin materialları ilə tanış olmaq üçün icazə verməmişdir. O, təhqiqatçının qərarı ilə heç vaxt razı ola bilməz. Belə ki, cavabdehlər qruplaşaraq onu aldatmış, onun avtomobilini yararsız hala salmış, həm də ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, Cavabdeh1 8 aydır ki, müxtəlif bəhanələrlə onu aldadır, şəxsi minik maşınını və onu aldadaraq mənimsədiyi pulunu qaytarmaq istəmir. Eşitdiyinə görə hətta maşınını bir neçə hissələrini, satmaq belə istəyirlərmiş. Müştərilər gətirib maşını 2.500 manata satacağı barədə ustalara bildirirmişdir. Sonralar, yəni 4 ayda işlərin getmədiyini hiss edib, aldadıldığını bilib cavabdehlərə dəfələrlə pulu və maşını qaytar desə də, onlar buna əməl etməmişlər. Bundan əlavə, həmin vaxtdan taksilərə hər gün 10-15 manat pul xərcləyir ki, həmin xərclərin də nəzərə alınmasını, cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. O, məhz maşını olmadığı üçün bütün qohum əqrabadan və bir çox əhəmiyyətli lazımı tədbirlərdən kənarda qalmışdır. Maşının sığorta pulları, texniki baxış pulları da boş yerə aylarla hesablanaraq silinməkdədir. Maşınının təkərləri və oturacaqları çöllükdə toz-torpaq altında çürüməkdədir ki, bu ziyanı da cavabdehlər ödəməlidirlər. Cavabdeh1 və qaynatasının bu cür əməlləri ciddi və qanuni formada Azərbaycan Respublikası CPM-nin və CM-nin müvafiq maddələrinə uyğun cinayət məsuliyyəti qaydasında cəzalandırılmalıdır. Lakin, təhqiqatçı tərəfindən maşınının hansı istiqamətlərə sürülməsi, hansı cinayətlərdə istifadə edilməsi, maşının naməlum yerlərdə atılaraq baxımsız qalması, təzə təkərlərinin çürüməsi, xarab olması, qapı və pəncərəsi sökülmüş, sındırılmış olması, buferlərin, faralarının, motorxananın bir çox başqa hissələrinin sökülməsi, dövlət nömrə nişanının, maşına dair açarının olmaması, maşına bu aylarda cərimələrin olub-olmamasının müəyyənləşdirilməsi və.s faktları araşdırılmamışdır. Sumqayıt şəhər PB-nin 4-cü PB-nin təhqiqatçısı cinayət işinin başlanmasını rədd edərkən, nəzərə almamışdır ki, həmin şəxsin ondan maşın təmir etmək adı ilə götürərkən, ümumiyyətlə onun maşınını təmir etmək niyyəti olmamış, onun maşınını ələ keçirmək və öz şəxsi mənafeləri üçün hissə-hissə satmaq və şəxsi istifadə etmək niyyəti olmuşdur. Eyni zamanda, təmir adı altında onun etibarından sui-istifadə edib ona məxsus pulları mənimsəmək niyyətində olmasını təhqiqatçı yoxlamamış və araşdırmamışdır. Ona görə də cinayət işinin rədd edilməsi barədə qərar ləğv edilərək həmin şəxsin əməllərinə yenidən hərtərəfli və obyektiv hüquqi qiymət verilməlidir. Cavabdehlərin səhlənkarlıqları nəticəsində ona dəymiş maddi və mənəvi ziyan məhkəmə qərarı çıxarılıb icra olunub qurtaran müddətin son gününədək hesablanılmalıdır. Bır sözlə cavabdehlərın məsuliyyətsizliyi nəticəsində ona külli miqdarda ziyan dəymiş, saz vəziyyətdə olan avtomobili hissələrə bölünərək yararsız hala salınmış, 1150 manat pulu isə mənimsənilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini iddia ərizəsinə oxçar məzmunda tərtib edərək əsaslandırmışdır. Şikayətində iddiaçı göstərir ki, işə baxan məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəysə də, bu faktı nəzərə almamışdır. Dəfələrlə müvafiq ekspertizalar keçirilməsini və hadisə yerinə və maşına baxış keçirilməsini, əmlakımın talan olunması faktını araşdırıb burada cinayət tərkibi olması nəticəsinə gəlib cavabdehlər barəsində cinayət işi başlanması üçün prokurorluğa məlumat verilməsini tələb etsə də, məhkəmə bunlara heç bir əhəmiyyət və diqqət yetirməmiş, qiymətləndirməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Hər iki cavabdehin məsuliyyətsizliyi nəticəsində ona küllü miqdarda ziyan dəymiş, saz vəziyyətdə olan avtomobili hissələrə bölünərək yararsız hala salınmış, bir çox hissələri isə ehtiyat hissə adı ilə satılmlş, təkərlər dəyişdirilmiş, çexol, akumlyator və döşəkçələr isə satılmış, onun 1150 manat pulu mənimsənilmişdir. Məhkəmə işə baxarkən iddia ərizəsin yazdıqlarını və şahid ifadəsini olduğu kimi nəzərə almamışdır. Belə ki, borc götürdüyü Xəqani Qasımovun izahatını tamamilə yanlış yazmışdır. Xəqani Qasımov ona 1000 manat pulu hər ay 100 manat faiz ödəməklə qaytaracağını və həmin pulu gecikdirə-gecikdirə ödədiyini bildirsə də, məhkəmə şahid ifadəsini nəzərə almamışdır. Məhkəmə iclasında şəxsi avtomobilinin yerinin müəyyənləşməsi və ona baxış keçirilməsi barədə şifahi vəsatət versə də, məhkəmə bu barədə də heç bir tədbir görməmişdir. Şəxsi minik avtomobilinin sökülərək ehtiyat hissələrinin, akumlyatorunun, buferlərinin, avtomobililə məxsus dövlət nömrə nişanının, avtomobilə aid döşəkçələrin olmamasını, təkərlərinin dəyişdirilməsi və satılması ilə də bağlı heç bir tədbir görülməmişdir. bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, qətnamə tamamilə ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 şəxsi əmlakını ələ keçirməklə talamalarına və onu aldadaraq pulunu mənimsəmələrinə görə barələrində AR CM-nini müvafiq maddələrinə uyğun cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb istintaqa göndərilməli, ona dəymiş maddi vəmənvi zərərin əvəzi, o cümlədən dövlət rüsumu üçün ödədiyi 45 manat, hüquqi yardım üçün ödədiyi 500 manat, məktubların göndərilməsi üçün xərclədiyi 55 manat, avtomobilin texniki baxışı üçün ödədiyi 70 manat, avtomobilin sığortası üçün ödədiyi 95 manat pul tutulmalı, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsində olan materiallar tələb edilməli və hadisə yerinə mütəxəssisin iştirakı ilə baxış keçirilməklə məhkəmə ekspertizası təşkil edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, keçən müddət ərzində atası vəfat etmişdir və yas mərasimlərinin təşkil edilməsi üçün avtomobili olmadığından mənəvi sarsıntə keçirmişdir. Qətnamə qəbul edilərkən bu hal da nəzərə alınmalıdır. Apelyasiya baxışı zamanı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz etdilər və onun rədd edilməsini xahiş etdilər. Cavabdeh1 əlavə etdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izhatı təsdiq edir. İddianı qismən qəbul edir. İddiaçı ona maşınını ən yaxşı ustalar tərəfindən təmin edilməsini tapşırıb, o da müəyyən işlər gördürsə də, pandemiya ilə bağlı ehtiyacı olduğu üçün 750 manatı öz məqsədləri üçün xərcləmişdir. Cavabdeh2 əlavə etdi ki, onun bu mübahisəyə ümumiyyətlə aidiyyatı yoxdur. O, təsdüfən həmin vaxt orada olmuş və mühərriki işə düşməyən maşının itələyərək işə salınmasına kömək etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin NK-1/148 saylı materialı üzrə 01 fevral 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı cavabdehlər barədə etdiyi şikayət ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olmaqla məhkəmə səlahiyyətinə aid olduğuna görə, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir .M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmaması hissəsində ləğv edilərək, bu hissədə iddia qismən təmin olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı 2020-ci ilin oktyabr ayında özünə məxsus 2007-ci il istehsallı, ZMZ matorlu, ** YA *** dövlət nömrə nişanlı, "Qaz-31105" markalı Volqa avtomobilini təmir etdirmək üçün tanışı Cavabdeh1 təhvil vermiş və avtomobilinin təmir etdirilməsini tapşırmışdır. Bunun üçün iddiaçı Cavabdeh1 cəmi 1150 manat pul vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 avtomobili təmir etdirməmiş, iddiaçının tapşırığını yerinə yetriməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Yenə həmin Məcəllənin 777.1 və 777.2-ci maddələrinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Yenə də həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Eyni Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 780.2-ci maddəsinə görə əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə görə vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. İşdən görünür ki, Cavabdeh1 ona verilmiş tapşırıq üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, bunun nəticəsində İddiaçı 1150 manat zərər vurmuşdur. Həmin məbləğdə pulu İddiaçı almasını Cavabdeh1 etiraf etmiş, həmin hissədə qətnamədən apelyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 ona verilmiş tapşırıq üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçı qarşısında maddi məsuliyyət daşıyır və ona maddi zərər vurmuşdur. Həmin zərər isə ondan tutularaq iddiaçıya qaytarılmalıdır. Bu hissədə məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normaların tələblərinə, habelə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İşdən görünür ki, iddiaçıya məxsus avtomobil Cavabdeh1 tərəfindən təqribən 1 il ərzində təmir edilməmiş, bunun nəticəsində isə İddiaçı sarsıntı keçirmişdir. Belə ki, avtomobilin hər hansı qüsuru olsa belə, 1 il ərzində onun təmir edilməməsi hansı səbəbdən olsa belə normal hal hesab edilmir və mənəvi narahatlıq keçirməyə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə kollegiyası hesab edir ki, avtomobil ustası kimi Cavabdeh1 hərəkətləri (1150 manat pul alaraq avtomobili 1 il ərzində təmir etməməsi, verilmiş pulun bir hisəsinin öz məqsədləri üçün istifadə etməsi) İddiaçı mənəvi narahatlıq, məyusluq hissi və sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu mənəvi zərərin məbləği 500 manat müəyyən edilməli və həmin məbləğ də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddianın digər hissələrinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə İddiaçı tələbinin əsasını sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı hər ay üçün borca faizlə götürdüyü 1000 manat pula faiz kimi 100 manat pulun 8 aya 800 manat icra olunan gündəlik % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 8 ayda hər gün üçün orta hesabla (8 x 30 gün=240 gün) 10 manat olmaqla 2400 manat pulun, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara ödədiyi 300 manat pulun, məktub və zərflərin göndərilməsi üçün 55 manat pulun, avtomobilin texniki baxışı üçün 70 manat pulun və sığorta üçün ödənilmiş 95 manat pulun, torpaq zəminində qalaraq çürüməkdə olan 4 təkərin və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi, təmir, usta və gözətçilər üçün hər gün 1 manat olmaqla 8 ay və avtomobili çıxanadək hesablanması və ona ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İşdən görünür ki, İddiaçı hazırkı iddiası ilə sahibliyində olan mübahisəli avtomobili belə tələb etməmişdir, belə olan halda, avtomobilə hansı zərərin vurulmasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən avtomobilin texniki baxışına və sığortasına çəkilən xərclər də cavabdehlərdən tələb edilə bilməz, çünki bu məhz sahiblikdə olan avtomobil üçün məcburi ödəmələrdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə tam razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı Cavabdeh1 ona 1150 manat maddi və 500 manat mənəvi zərər vurmasını sübut edə bilsə də, iddianın qalan hissəsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin tutulmaması hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul edilsin. Mənəvi zərərin əvəvzi kimi 500 manat pul Cavabdeh1 tutulara İddiaçı verilsin. Qətnamə qalan, yəni Cavabdeh1 1150 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissələrdində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar