Məhkəmə qərarları › İş №2(105)-314/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-314/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-314/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 196/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, 5 saylı evin 9 saylı mənzilində və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən evdə cavabdehlər tərəfindən təmir-tikinti işləri aparılmışdır.

2. Tərəflər arasında mübahisə aparılmış təmir-tikinti işlərinin keyfiyyətsiz olması, mənzilin təmirində qüsurlar əmələ gəlməsi ilə bağlı olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı1 xeyrinə 6500 manat maddi ziyan, 4000 manat mənəvi ziyan, İddiaçı2 xeyrinə isə 1750 manat maddi ziyan, 2000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar özlərinə məxsus ayrı-ayrı evlərdə təmir işləri etdirməklə bağlı Cavabdeh2 adlı tanışlarına müraciət etmişlər. Cavabdeh2 isə onlara Cavabdeh1 adlı usta tanışının olduğunu, onun keyfiyyətli iş gördüyünü bildirərək, işlərini ona gördürməyi təklif etmişlər. Onlar da ona inanaraq razılaşmış, lakin Cavabdeh1 və Cavabdeh2 razılaşma əsasında onlardan xidmət haqqını almasına baxmayaraq keyfiyyətli iş görməmişlər. İddiaçı1 adından 5400 manat məbləğində ödəniş edilmişdir. Razılaşmaya əsasən 3 otaqdan ibarət olan evi təmir etməli idi. Görülən işlərdə hamam və sanitar qovşaqda kafellər əyri vəziyyətdə döşənmişdir. Həmin nöqsanları döşənən kafelləri sökmədən və yeni kafellər alınmadan aradan qaldırmaq mümkün deyil. Evin bütün otaqlarının döşəməsi demək olar ki, yararsız vəziyyətdədir. Həmin döşəmə sökülməli və yenidən döşənməlidir. Evə çəkilən istilik sistemində borular düzgün birləşdirilmədiyinə görə su axıdır. Nəticədə evin divarlarına zərər dəymişdir. Həmin hissənin düzəldilməsi üçün iddiaçı 200 manat xərc çəkmişdir. Evin tavanında görülən işlər isə keyfiyyətsizdir. Həmin hissənin yenidən təmir edilməsinə zərurət vardır. İddiaçı2 isə razılaşma əsasında Cavabdeh1 1050 manat xidmət haqqı vermişdir. Cavabdeh 16000 manatın müqabilində 3 otaqlı (132 kv.m) evin bütün təmir işlərini görməli idi. Cavabdeh divara izolyasiya penaplası vurmuşdur. Lakin həmin işi keyfiyyətsiz gördüyünə görə yararsız olmuş və həmin penplaslar sökülərək tullanmışdır. Arakəsmələr hörülməli idi. Lakin işi düzgün yerinə yetirmədiyinə görə həmin hörgü də sökülməli olmuşdur. Həmin hörgünün bir hissəsini isə özü sökmüşdür. Həmin materiallar yararsız vəziyyətdə düşdüyünə görə İddiaçı2 700 manat ziyana düşmüşdür. Onlar dəfələrlə cavabdehlərə müraciət etsələr də, cavabdehlər tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşlar.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı1 məxsus evdə görülmüş işlər 2020-ci ilin avqust ayında başa çatmışdır. O, bir müddət işi ləngitmişdir. Sözügedən ünvanda o, tək işləməmiş, briqada şəklində işləmişlər. Həmin vaxt digər Cavabdeh2 onunla işləməmiş, Cavabdeh2 vasitəçi olmuşdur. Həmin evdə işlədiyi müddətdə heç bir narazılıq olmamışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 10/3732 saylı rəyindən görünür ki, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 9 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin təmirli vəziyyətdə olması, mənzlin dəhliz, mətbəx və yaşayış otaqlarının divarlarının divar kağızı ilə üzlənməsi, tavanların asma tavan şəklində alçıpan materialı ilə yığılaraq boya ilə rənglənməsi və döşəməsinin taxta materialı ilə vurularaq laklanması, hamam-ayaqyolu tikilisinin döşəməsinin metlaxla, divarlarının kafellə üzlənməsi və tavanının asma tavan şəklində laminatla üzlənməsi, lakin yaşayış otaqlarının, dəhliz və mətbəx tikililərinin döşəmələrinə vurulmuş taxta materialının birbirindən aralı və keyfiyyətsiz vurulması, hamam tikilisinin divarlarına vurulan kafel materialının bir-birindən fərqli (nahamar qüsurlu) vurulduğu müəyyən edilmişdir. İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 9 saylı mənzilində qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 3002.0 manat müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, İddiaçı2 məxsus, ünvan 1 ünvanında yerləşən ev təqdim olunmadığından həmin yaşayış evi üzrə tədqiqat aparılmamışdır.

7. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(023)-196/2023 saylı qərardadına əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi İddiaçı2 münasibətdə baxılmamış saxlanılmışdır.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-196/2023 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 tərəfindən İddiaçı1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 9 saylı mənzilinə vurulmuş zərərin əvəzi olaraq 3002 (üç min iki) manat pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı1 xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115, 385.1, 445, 448.1, 386.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77, 88, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində təmir işlərinin onun tərəfindən təkbaşına olaraq icra edilməsi qeyd edisə də bu həqiqətə uyğun deyildir. Belə ki, təmir işləri briqada şəklində icra edilmişdir. Eyni zamanda təmir işlərinin icrasına İddiaçı1 oğlu Nümayəndə da nəzarət etmişdir. Həmçinin, o, digər cavabdehlə işləməmişdir. Sadəcə olaraq, o, vasitəçilik etmişdir. Bundan əlavə İddiaçı1 məxsus evdə görülmüş işlər 2020-ci ilin avqust ayında başa çatmışdır. Mənzilin təmiri başa çatıb iddiaçıya təhvil verildikdə hər hansı bir narazılıq olmamışdır. Hətta iddiaçı evdə təmir işlərini təhvil verdikdə ona öz minnətdarlığını da bildirmişdir. Təmir işləri icra edildikdən sonra iddiaçı həmin mənzildə yaşamışdır. Aralarında hər hansı bir narazılıq olmamışdır. Maraqlı məqam odur ki, əgər həqiqətən də təmir işləri qüsurlu icra edilmişdirsə nə üçün bu vaxta qədər hər hansı bir narazılıq, müraciət edilməmişdir. Təxminən 3 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Məcəlləyə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. (...)

19. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

20. Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. (...)

21. Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 9 saylı mənzilində cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri keyfiyyətsiz şəkildə görüldüyündən, mənzilin təmirində qüsurlar əmələ gəlmişdir.

31. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 10/3732 saylı rəyindən görünür ki, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 9 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin təmirli vəziyyətdə olması, mənzlin dəhliz, mətbəx və yaşayış otaqlarının divarlarının divar kağızı ilə üzlənməsi, tavanların asma tavan şəklində alçipan materialı ilə yığılaraq boya ilə rənglənməsi və döşəməsinin taxta materialı ilə vurularaq laklanması, hamam-ayaqyolu tikilisinin döşəməsinin metlaxla, divarlarının kafellə özlənməsi və tavanının asma tavan şəklində laminatla üzlənməsi, lakin yaşayış otaqlarının, dəhliz və mətbəx tikililərinin döşəmələrinə vurulmuş taxta materialının bir-birindən aralı və keyfiyyətsiz vurulması, hamam tikilisinin divarlarına vurulan kafel materialının bir-birindən fərqli (nahamar qüsurlu) vurulduğu müəyyən edilmişdir. İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 9 saylı mənzilində qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 3002 manat müəyyən olunmuşdur.

32. Göründüyü kimi iddiaçıya məxsus mənzilin cavabdehin qüsurlu təmir etməsi işin araşdırılmış halları ilə müəyyən edilmişdir.

33. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

34. Belə ki, ekspert tədqiqat apararkən mənzilə baxış keçirmiş və rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. İddia müddətinin tətbiqi barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Qanunla müəyyən edilmiş xüsusi iddia müddətlərindən biri də podrat hüquq münasibətləri üçün Mülki Məcəllənin 776-cı maddəsində müəyyən edilmiş podrat müqaviləsi üzrə iddia müddətidir. Həmin maddəyə müvafiq olaraq sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (776.1). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (776.2).

40. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

41. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, lakin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2020-ci ildə təhvil verilmiş təmirin qüsurlarını aradan qaldırmaq üçün vədlərini yerinə yetirməmişdir.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-196/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar