Məhkəmə qərarları › İş №2(105)-3161/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3161/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3161/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsindən cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh2nə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdilər. İddiaçı1, cavabdehlər “Vites Express” məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyəti Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin ksero surətini əlavə etmişdir (səh. 173). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun ksero surəti hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında” qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin mənasına görə məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, iddia qiyməti 500 manatdan çox olmadıqda 20 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyəti Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinin mənasına görə cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyəti göstərilən nöqsan aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdirlər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsindən cavabdeh “Vites Express” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar