Məhkəmə qərarları › İş №2(105)-317/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-317/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-317/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 BOKT MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Ərazi İdarəsi və "xxxx" MMC) icra qeydinin, hərracın nəticələrinə dair yekun protokolun, müqavilə və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)- 4643/2022 nömrəli qətnaməsindən Cavabdeh2 BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)-4643/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-10600 nömrəli icra qeydi, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 599/21 saylı hərrac protokolu, "xxxx" MMC ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı çıxarış ləğv edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən Cavabdeh2 BOKT MMC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)-4643/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 BOKT MMC-yə qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Ərazi İdarəsi və "xxxx" MMC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-10600 nömrəli, 12 avqust 2021-ci il tarixli İcra qeydinin, "BAKİ HƏRRAC MƏRKƏZİ” MMC hərrac təşkilatının xx.xx.2021-ci il tarixli, 599/2021 nömrəli hərracın nəticələri haqqında yekun protokolun, "xxxx" MMC ilə ”PSG Finans” BOKT MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-cı il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1, mənzil 4də yerləşən yaşayış sahəsi Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli icra qeydi əsasında hərracda satılaraq cavabdeh ”PSG Finans” BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Bu barədə cavabdeh tərəfindən həmin mənzildən çıxarılma barədə məhkəmə bildirişi aldıqda məlumatı olmuşdur. Bundan sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək tutmanın həmin mənzilə yönəldilməsi haqqında notarisun icra qeydi əsasında aparılmış hərracın keçirilməsi ilə bağlı sənədlərlə tanış olmuşdur. Mənzili "xxxx" MMC hərrac təşkilatının xx.xx.2021-ci il tarixli, №-599/2021 nömrəli hərracın nəticələri haqqında yekun protokoluna əsasən 45900 manata ”PSG Finans” BOKT MMC əldə edilərək daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-cı il tarixli **********67-05101-093004 reyestr nömrəli ********** saylı çıxarışla hüquqlarını qeydə aldırmışdır. İcra qeydi 54000 manat əsas borc, 15622,25 manat faiz borcu və 20 manat dövlət rüsümü ilə birlikdə 69642,25 manat borca görə verilmişdir. Həmin borcun hansı əqddən irəli gəlməsi məlum deyildir. İddiaçı borcla və tutmanın ipoteka predmetinə yönəldilməsinə razı deyildir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılmamış, eyni zamanda icra orqanı və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə bildiriş almamışdır. Məhkəmə müdafiə tədbirindən məhrum edilərək mülkiyyətindən məhrum olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh2 BOKT MMC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, yaranmış mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə hazırkı iddia tələbinin təmin edilməsi üçün iki əsasa istinad etmişdir ki, həmin əsaslar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamədə icra qeydinin ləğv edilməsinə əsas kimi notariat işinin materiallarında notariusun iddiaçıya (ipoteka qoyana) icra qeydi barədə məlumat verərək ondan ipoteka qoyanın notariusa təqdim etdiyi əsas öhdəliyin həcmi barədə arayış tələb etməsi barədə hər hansı sənədin mövcud olmaması və ipoteka predmeti olan əmlaka dair ipoteka kağızının tərtib olunmamasına istinad edilmişdir. İpoteka qoyanın (borclunun) öz öhdəliyi barədə arayışın verilməsi qanunvericliklə nəzərdə tutulmamış, həmçinin məntiqə də uyğun deyil ki, ipoteka qoyan (borclu) tərəfindən öz öhdəliyinin həcmi barədə arayış tərtib edərək notariusa və ya məhkəməyə təqdim etsin. Ümumiyyətlə qanunvericilikdə, məhkəmə təcrübələrində kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair işlər üzrə ipoteka qoyanın (kreditorun, borclunun) öhdəliyi barədə arayışı ipoteka saxlayan tərəfindən təqdim edilir. Bundan əlavə məhkəmə mübahisəli mənzilin "PSG Finans” BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ipoteka predmeti olan əmlaka dair ipoteka kağızının tərtib olunmamasına istinad etmişdir ki, məhkəmənin bu mövqeyi də anlaşılan deyildir. Belə ki, ipoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulduğu hallarda ipoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir. Tərəflər arasında bağlanmış 1156 saylı, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsində ipoteka predmetinə dair ipoteka kağızının verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda ipoteka kağızının mütləq tərtibatından söhbət gedə bilməz. Hazırkı iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, icra qeydinin verilməsi və hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilmişdir. Göründüyü kimi məhkəmə sadalanan hallara düzgün hüquqi qiymət verə bilməmiş, yalnız iddiaçının formal mülahizələri əsasında iddia tələbini təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi qətnamədə iddia tələbinin təmin edilməsi əsası kimi istinad etdiyi hallar heç də mübahisə predmetini təşkil edən mənzillə bağlı icra qeydinin, hərrac protokolunun, "xxxx" MMC ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı çıxarışın ləğv edilməsi üçün əsas ola bilməz. Hazırkı iş üzrə mübahisəli mənzillə bağlı istər icra qeydi, istərsə də, sonrakı mərhələlər tam qanuni əsaslarla həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinə dair ipoteka kağızının verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin ipoteka kağızının mütləqliyi barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Bundan başqa tərəflər arasında yaranmış borc mübahisəsizdir və icra qeydi məhz həmin tələbə cavab verdiyi üçün verilmişdir. Cavabdeh yaranmış borcu ödəmədiyi üçün və onlar arasında bağlanmış ipoteka müqaviləsində göstərilən əsasla tələbkar Cavabdeh2 BOKT MMC notariusa icra qeydinin verilməsi ilə bağlı müraciət etmişdir. İddianın heç bir əsası yoxdur. Məhkəmə iş üzrə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qanuna əsasən icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təstiq etdiyi halda halda notarius tərəfindən verilir. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. Yəni icra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. İcra qeydinin məzmunundan aydın olur ki, həmin qeyd 54000 manat əsas borc, 15622,25 manat faiz borcu və 20 manat dövlət rüsümü ilə birlikdə 69642,25 manat borca görə verilmişdir. Lakin bu borcun hansı müqavilədən yarandığı məlum deyildir. Ən əsası tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış, icra orqanı və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə bildiriş almamışdır. Göründüyü kimi notarius tərəflər arasında mübahisənin olub-olmamasını araşdırmamış, yalnız tələbkarın müraciəti əsasında icra qeydi vermiş, həmin qeyd əsasında icra orqanı, hərrac təşkilatı tərəfindən hərrac keçirilmiş, bütün bunlardan isə iddiaçı məlumatsız olmuşdur. Son nəticədə iddiaçı mülkiyyətindən məhrum olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmış və düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. İş üzrə digər cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu Cəmaləddin Rüstəmov məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Ərazi İdarəsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1156/3 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən İddiaçı illik 24 faizlə 36 ay müddətinə 54000 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1156/3 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə eyni tərəflər arasında eyni tarixli, eyni nömrəli kredit müqaviləsinin təminatı qismində bağlanmış və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.9 kv/m olan 4 nömrəli mənzil Cavabdeh2 BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarındakı ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 təklif etmişdir ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayanünvan 2 ünvanında yerləşən "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan- ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.9 kv/m olan 4 nömrəli mənzilə 1156/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 54000 manat əsas borc, 15622,25 manat faiz borcu olmaqla cəmi 69622,25 manat tutma yönəldilmişdir. Yenə iş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından müəyyən olur ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-10600 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, İddiaçı 10 gün müddətində icra sənədinin icrasının könüllü təmin edilməsi təklif edilmiş, əks halda məcburi icra hərəkətlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş “X3 Azerbaijan” şirkətinin A-İ/0995 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2021-ci il tarixə bazar dəyəri 72 000 manat təşkil edir. Yenə mülki işə əlavə edilmiş hərracın keçirilməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli, 179/14 nömrəli sifarişindən müəyyən edilir ki, hərracın keçirilməsi üçün müvafiq sənədlər İddiaçı, cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə, Cavabdeh2 BOKT MMC-yə və "xxxx" MMC-yə göndərilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli hərrac bildirişlərindən görünür ki, İddiaçı məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 4 saylı mənzil qeyd olunan tarixlərə uyğun olaraq xx.xx.2021-ci ildə açıq hərraca, xx.xx.2021-ci ildə isə təkrar hərraca çıxarılmışdır. İş materiallarında olan ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 599/21 nömrəli protokola və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1, mənzil 4 Cavabdeh2 BOKT MMC tərəfindən 45900 manata alınmışdır. Mülki işə əlavə edilmiş hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzil Cavabdeh2 BOKT MMC-nin xüsusi mülkiyyətindədir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşan apellyasiya kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161.2-ci bəndində qeyd olunur ki, Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 165-ci maddəinə əsasən icra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Borcu müəyyən edən sənədə əsasən borcu hissə-hissə tutmaq lazım olduqda, hər bir sənəd üzrə icra qeydi borc sənədinin surətində və ya borclunun şəxsi hesabından çıxarışda qeyd oluna bilər və həmin hallarda borcu müəyyən edən sənəddə tutulmalı olan məbləğ notariat reyestrində qeydə alınma tarixi və nömrəsi göstərilməklə, aparılmış icra qeydi haqqında qeyd yazılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Qeyd edilən Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Yenə həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən, 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yenə həmin Qanunun 43.7-1-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Apellyasiya kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, hər şeydən əvvəl qanunun birbaşa tələbindən aydın olduğu kimi icra qeydi yalnız tələb mübahisəsiz olduğu halda notarius tərəfindən verilir. Tələbin mübahisəsiz olması halı isə borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərlə müəyyən olunur. İşin faktiki hallarından məlum olduğu kimi hazırkı mübahisə üzrə tələbkar tərəfindən icra qeydinin verilməsi barədə notariusa müraciət edilərkən notarius tələbin mübahisəsiz olub-olmamasını, borclunun tələbdən irəli gələn öhdəliyin icra edilib-edilməməsini araşdırmamış, yalnız tələbkarın formal müraciətinə uyğun olaraq icra qeydi vermişdir. Bundan sonra notariusun icra qeydi əsasında icra işinə başlanılmışdır. İcra işinin materiallarından görünür ki, ipoteka predmeti olan əmlak hazırkı iş üzrə Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1156/3 saylı ipoteka müqaviləsində qeyd olunan qiymətləndiricilər tərəfindən deyil, başqa müstəqil qiymətləndirici (“X3 Azerbaijan” şirkəti) tərəfindən qiymətləndirilmişdir. Ən nəhayətində isə iş materiallarında olan sənədlərdən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə tutmanın yönəldilməsi barədə tələbkarın notariusa icra qeydi verilməsi barədə mürciətindən əvvəl hazırkı iş üzrə iddiaçıya bu barədə sifarişli bildiriş göndərməsi, notarius tərəfindən icra qeydi verildikdən sonra İcra İdarəsi tərəfindən borcluya hərracın keçirilmə qaydası və şərtləri barədə sifarişli bildirişin göndərilməsi, "xxxx" MMC tərəfindən təşkil edən açıq və təkrar hərracın keçirilmə vaxtları barədə iddiaçıya sifarişli bildirişlərin göndərilməsi müəyyən olunmur. Belə ki qeyd olunan sənədlərə dair iş materiallarında bildirişlər mövcud olsa da, həmin bildirişlərin sifarişli olması (rabitə orqanı tərəfindən iddiaçıya çatdırılması və bu barədə xəbərnamələr yaxud iddiaçının sənədləri qəbul etməkdən imtina etməsinə dair müvafiq sənəd, habelə həmin bildirişlərin reyestrləri olmadığından) öz təstiqini tapmır. Bunun nəticəsidir ki, iddiaçının qeyd olunan prosedurlardan hər hansı birindən məlumatlı olması barədə təkzibedilməz sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sadalananların yekunu olaraq kollegiya hesab edir ki, ünvan 1, mənzil 4-ə tutma yönəldilməsi barədə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olmadığından və mülkiyyətçi qanuni əsaslar olmadan mülkiyyətindən məhrum edildiyindən həmin icra qeydi və onun əsasında "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 599/21 saylı hərrac protokolu, "xxxx" MMC ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə eləcə də, ünvan 1-də yerləşən 4 saylı mənzilin Cavabdeh2 BOKT MMC-nin mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı çıxarışın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin tədqiq olunan faktiki hallarına da uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 BOKT MMC apellyasiya şikayətinin əsaslarına dair dəlillərini məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 BOKT MMC tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)- 4643/2022 nömrəli qətnaməsi Cavabdeh2 BOKT MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh2 BOKT MMC –nin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar