Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3171/2021 30.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı digər tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-359/2020-011 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia təmin edilmiş, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyərinin 16.000 manat müəyyən edilməsi, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh Şamailovnaya məxsus olan 1/8 hissəsinin 2000 manat kompensasiya ilə əvəz edilməsi, keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-642/2021) Cavabdeh Şamailovnanın apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 2(027)-359/2020 saylı, 13.08.2020-ci il qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) Cavabdeh Şamailovna tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-642/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payının naturada ayrılması, bu mümkün olmadıqda isə Cavabdeh Şamailovnanın 1/8 hissəsində payın kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsi onun və cavabdehin paylı mülkiyyətindədir. Paylı mülkiyyətində onun payı 7/8, cavabdehin payı isə 1/8 hissədir. Cavabdehin payı mülkiyyətdə cuzi olsa da, cavabdehlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Yəni, təklif etmişdir ki, paylı mülkiyyətdə olan payının dəyəri ona pul şəkilində ödəsin. Belə ki, onun payı 1/8 hissə təşkil etdiyindən naturada ayrılması qeyri-mümkündür. Evin sahəsi ümumilikdə 28,5 kv.m olduğu üçün 28,5 kv.m sahənin 1/8 hissəsi 3.56 kv.m təşkil edir. Evin yerləşdiyi 0.03 ha torpaq sahəsinin 1/8 hissəsi isə 0,00375 ha təşkil edir. Göründüyü kimi cavabdehin payı ümumi əmlakdan çox cuzidir. Cavabdehin ünvan 2 ünvanında hər cür şəraiti olan evi vardır. Onun mübahisə predmeti olan yaşayış evindən mühüm mənafeyi yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. “Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin (Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarı) həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik payı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mabahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehin qeyd edilən əmlakda payı 1/8 hissəsidir. İddiaçının payı isə 7/8 hissədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehin payı mülkiyyətdə cüzidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən olunur ki, paylı mülkiyyətdə olan payın iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Şamailoviçin cavabdeh X2rşı ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilməli, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin cavabdeh X3 məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilməlidir. Hesab edir ki, məhkəmə düzgün qətnamə qəbul etməmiş, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, istinad etdiyi qanunları düzgün tətbiq etməmiş, mənim mülkiyyət hüquqlarımı qoruyan Azərbaycan Respublikasının Mülki Məcəllənin, Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrini və digər qanunları tətbiq etməli olduğu halda tətbiq etməmiş, maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozmuş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada ona xəbər verməmiş, işdə iştirak etməli olduğu halda iştirakını təmin etmədən işə baxaraq qanunsuz olaraq onun hüquq və vəzifələrinə dair hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Məhkəmə iddianın əsası kimi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyini göstərmiş, lakin bunun nədə ifadə olunduğunu və buna hansı səbəblərin oluğunu göstərə bilməmişdir. Bundan başqa məhkəmə onun payının mülkiyyətdə cüzi olduğunu göstərmiş, lakin həmin cüziliyin hansı elmi biliklərə əsaslandığını göstərməmişdir. İşin hallarından göründüyü kimi mülkiyyətdə onun payı 1/1000 olmaqla cüzi yox, 1/8 olmaqla istifadə üçün kifayət edicidir. Digər tərəfdən, mülkiyyətində olan payın digər tərəflə müqayisədə az təşkil etməsi mülkiyyətindən və yaşayış yerindən onun məhrum edilməyinə əsas ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 220-ci maddəsini və Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarını düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddənin mənasına görə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında əşyanın bölünə bilməsi nəzərdə tutulmuş, eyni zamanda paylı mülkiyyətin mülkiyyətçisinə onun öz payının ayrılmasını tələb etmək, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilmək, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olması nəzərdə tutulmuşdur. Həmin qanundan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisinə, özgə payına kompensasiya ödəmək yolu ilə xitam verilməsi hüququ nəzərdə tutulmamışdır. Yalnız ayrılmaq istəyən iddiaçı öz payının dəyərinin onun tərəfindən ona ödənilməsini istəmək hüququna malikdir və həmin hüquq onun qarşısında bu barədə vəzifə qoymur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli mənzilin tərəflərin ümumi mülkiyyətində olmasının müəyyən edilməsi, mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi cavabdehin əmlakın istifadəsində mühüm mənafeyinin olubolmamasını araşdırmadığı və məhz mühüm mənafeyinin olmamasını təsdiq edən hər hansı bir sübutun olmamasına baxmayaraq iddianın təmin olunması nəticəsinə gəlməsi, lakin ümumi əmlakın 1/8 hissəsi ilə bağlı cüzi olması nəticəsinə gələrkən hansı sübutlara əsaslanmasının müəyyən edilmədiyi, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmədiyini, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmadığını və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Cavabdeh aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş edərkən şikayətinin dəlillərindən biri kimi məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclasında cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, 7/8 pay hissəsində iddiaçının, 1/8 pay hissəsində isə cavabdehin mülkiyyət hüquqları var. İşdən görünür ki, iddia tələbi ümumi paylı mülkiyyətdə olan payın ayrılması, bu mümkün olmadıqda payın əvəzinə kompensasiya ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.2-220.4-cü maddələri təşkil edir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6. maddələri). Bu mənada məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətin tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvercilik mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsünün aparılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspertiza ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi ümumi paylı mülkiyyətdə olan iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə kollegiyası kompensasiya ilə bağlı iddia tələbinə hazırki iddia icraatı çərçivəsində baxılmasının mümkünlüyünü nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 28,5 kv.m. sahədən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi 7/8 pay hissəsi iddiaçıya, qalan 1/8 pay hissəsi cavabdehə məxsus olmaqla, iddiaçının həmin əmlakdakı 7/8 payı mənzilə aid hissədə 24,5 kv.m., torpaq sahəsinə aid hissədə 261,5 kv.m., cavabdehin mənzilin 1/8 paya aid hissədə 3,5 kv.m., torpaq sahəsinə aid hissədə isə 37,5 kv.m. təşkil edir. Göründüyü kimi cavabdeh ümumi paylı mülkiyyətdə olan əmlakda payı cüzi olmaqla, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş mənzilin foto şəkillərindən və Quba rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 18.11.2021-ci il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış üçün nəzərdə tutulmuş evə baxış keçirilməsi zamanı evin 1948-ci ildə inşa edilməsi, istismar müddəti başa çatmış bir mərtəbəli fərdi yaşayış evinin çiy kərpicdən inşa edilmiş daşıyıcı divarlarında dərin çatların olması, döşəmələrin bir neçə hissədə çökməsi, tavanların tirlərinin və örtüyünün çürüyərək yararsız hala düşməsi səbəbindən evin qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdə olduğu aşkar edilmişdir. Eyni zamanda əraziyə poçt xidməti göstərən poçtalyon X4 təsdiq etdiyi yazılı sənəddən görünür ki, Cavabdeh gələn bütün məktubları onun yaşadığı Quba rayon X6 küçəsi 33 saylı evdəki ünvana çatdırılır. Qeyd olunduğu kimi cavabdeh həmin ünvanda deyil, başqa ünvanda yaşayır və sonuncunun payına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulan ev yaşayış üçün yararlı vəziyyətdə deyil. Bu hallar bir daha cavabdehin həmin əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmadığını təsdiq edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil1 yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Cavabdeh Şamilovnaya ünvan 7 ünvanında yerləşən yaşayış evindəki payın əvəzinə 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi təklif olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilin naturada ayrılmasının texniki cəhətdən qeyri mümkünlüyünü, cavabdehin həmin əmlakdakı payının cüzi olduğunu və sonuncunun ümumi əmlakda istifadə edilməsində onun mühüm mənafeyinin olmadığını, eləcə də cavabdehin əmlakdakı payına xitam verilməsi barədə iddiaçı tərəfindən təklif olunan 10.000 (on min) manat kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı keçirilən ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin Cavabdeh Şamailovnaya məxsus olan 1/8 pay hissəsinə 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilsin. Keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3171/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3171/2021
30.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver