Məhkəmə qərarları › İş №2(105)-318/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-318/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-318/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh və X9 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 2(031)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 və Cavabdeh maddi zərərə görə 7560 (yeddi min beş yüz altımış) manat pulun, mənəvi zərərə görə 10000 (on min) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb İddiaçı1 və X3 ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və X4 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq maddi zərər kimi 37 000 manat (22 000 uşağın öldüyü tarixədək saxlanılması görə və 15 000 dəfnlə bağlı xərclənmiş pul) və mənəvi zərər kimi 50 000 manat pulun, habelə iddia ərizəsinin verlməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və X4 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək övladının qətli ilə bağlı uşağın öldüyü tarixədək saxlanılmasına görə çəkdikləri xərc olaraq vurulmuş maddi zərər kimi 34 650 manatın, 14 620 manat dəfnlə bağlı xərclənmiş pulun, mənəvi zərər kimi 100000 manatın, vəkilə ödənilmiş 500 manatın və iddia ərizəsinin verlməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər X15 və Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və X4 iddia tələbini onunla əsaslandırmışlar ki, Bağırov Elçin oğurluq yolu ilə əldə etdiyi silahla 13 metr məsafədən atəş açaraq övladları Şıxəliyev Mahiri alnından vurmuş və qətlə yetirmişdir Uzun illərlə böyütdükləri övladlarının 18 yaşı tamam olmuşdur. Qətlin baş verməsindən bəri onlar mənəvi sarsıntı və iztirab keçirmişlər, iddiaçılardan İddiaçı1 birinci dərəcəli əlildir, görmə qabiliyyətini 80% itirmişdir. Öldürülən oğlu ona qulluq edirdi. İstintaq orqanlarının cinayət işini səhv aparılması, məsələn: cinayətin baş verdiyi yeri yanlış göstərməsi, hadisənin ovda baş verməsi, atəşin ehtiyatsızlıq üzündən baş verməsi (açılması) və s. bu kimi uydurmalar ona daha da əzab vermişdir. Baş vermis cinayət hadisəsi onlara həm mənəvi cəhətdən, həm də, maddi cəhətdən böyük zərər vurmuşdur. 18 illik əməyin nəticəsi olaraq övladlarının həyatı 18 yaşında bir güllə ilə sona yetmişdir. Dövlət bir uşağın bir aylıq alimentinin miqdarını 154 manat məbləğində müəyyən etmişdir. Bəs onun 18 illik əməyi ayda 100 manatdan hesablansa idi ona dəymiş zərər hansı məbləğə olardı?- 22.000 (iyirmi iki min) manat. Qatilin atası oğlunun hərəkətlərini müdafiə edir. Hər dəfə onu görəndə oğlunun əzab çəkərək ölümü gözü qarşısına gəlir. Bu da onların iztirablarını daha da artırmaqdadır. Oğlunun dəfninə 15000 manat pul xərclənmişdir. Lakin cavabdeh ona bir qəpik də maddi yardım etməmişdir. Oğlunun qan içində çapaladığını görəndən sağlamlığının həddən artıq geri düşdüyü faktı ilə üzləşmişdir. Bir neçə dəfə tibbi müalicə almış və almaqda davam edir. Cavabdehin oğlu, cinayəti törətmiş Bağırov Elçin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirli bilinərək barəsində cəza təyin edilmişdir. Dəfnlə bağlı xərclər aşağıdakı kimidir: qəbir baş daşı (qara mərmərdən)-6000 manat, cənazənin aparılması üçün Qazel avtomaşınına-100 manat, tabut-250 manat, kəfən suyu, cənazəni yuyan molla-100 manat, cənazəni dəfn edən molla-100 manat, üç mərasimində xərclənən maddi zərər, xeyir-şər evi, kişilər və qadınlar üçün-2000 manat, kişi mollası-100 manat, qadın mollası-60 manat, birindən üçünədək süfrə yeməkləri, cəmi 2000 manat, üçündən yeddisinə qədər xərclənən maddi zərər cümə axçamı süfrəsi-300 manat, 5-ci gün süfrə-400 manat, 6-cı gün 300 manat, yeddisi mərasimində xərclənən 360 manat, qadın mollası-50 manat, kişi mollası-150 manat, süfrə yeməkləri aş qara və s-1000 manat, cümə axşamları: 1-ci cümə axşamı-200 manat, 2-ci cümə axşamı-200 manat, 3-cü cümə axşamı-200 manat, 4-cü cümə axşamı- 200 manat, 5-ci cümə axşamı-200 manat, mərhumun qırx mərasimində xərclənən zərər süfrə üçün alınan ərzaq-2000 manat, qadın və kişi mollası-150 manat, yas mərasimlərinə ətin bir kq-mı 10 manat olmaqla, 200 kq ət alınmışdır, cəmi xərc - 14 620 manat. Hüquqi yardımın göstərilməsilə bağlı vəkilə isə 500 manat vəsait ödənilmişdir. Bütün bu xərclərin əvəzi onlara qaytarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki hallarına uyğun deyildir. İddianın əsasını təşkil edən dəlillərə dair heç bir mötəbər sübutu iddiaçılar təqdim edə bilməmişlər. Baş vermiş cinayət hadisəsində heç bir qəsd yoxdur və ehtiyatsızlıqdan törədilən əməldir. Yas mərasimlərində və dəfnə görə xərclənən vəsait olduqca şişirdilmişdir. Rayon şəraitində hər hansı dəfn üçün 15000 manat pulun xərclənməsi həqiqətə uyğun deyildir. İşin hallarından görünür ki, iddiaçılar hazırkı tələblə bağlı məhkəməyə 3 dəfə müraciət etmiş, hər dəfəsində nəbləğləri artırmışlar, halbuki tələb edilən xərc sabitdir və müddət keçdikcə artmır. Bundan başqa, cinayət işindən görünür ki, həm Bağırov Elçin, həm də onun dostu olmuş mərhum Mahir Şıxəliyev törədilmiş əməldə təqsirli bilinmişlər, lakin birinin 16 yaşı tamam olmadığından, digəri isə artıq vəfat etdiyindən cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarından da görünür ki, baş vermiş cinayətə Bağırov Elçini məhz Mahir Şıxəliyev sövq etmişdir. Bağırov Elçinin hərəkətlərinə Azərbaycan Respulikasınən mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli hökmü ilə o, Azərbaycan Respublikasının CM-nin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Halbuki, Elçini mərhum Mahir ailəsinin nəzarət etdikləri Arzu Mahmudovun evinə apararaq oradan Mahmudova məxsus tüfəngi və patronları götürməsəydi bu xoşagəlməz bədbəxt hadisə də baş verməyəcəkdi, Elçin Bağırov yetkinlik yaşına çatmamış məhkumluq həyatı yaşamayacaqdı, həyatına qara ləkə düşməyəcəkdi. Belə ki, mərhum Mahirin Elçini cinayət etməyə cəlb etməsi nəticəsində bütün həyatı, gələcəyi məhv olmuşdur. Nəzərə alınmalıdır ki, mərhum X10 və X16 hər ikisi eyni cinayətin əlbir olub törədildiyinə görə ittiham olunublar və hər ikisi cinayət törədiblər. Törətdiyi cinayətə görə cinayətin iştirakçısı olmuş Elçin Bağırov etdiyi əmələ görə məhkəmənin məlum hökmü ilə cəzalandırılmış, məhkum olunmuşdur, cinayətin təşkilatçısı-mərhum X10 isə məlum bədbəxt hadisə nətticəsində öldüyünə görə cinayət məsuliyyətinə verilə bilinməmişdir. Odur ki, cavabdehlərdən iddiaçılar tərəfindən maddi və mənəvi zərər barədə tələbin irəli sürülməsi tamamilə yolverilməzdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyinə görə qətnamə ləğv olunmalı, iddia isə tamamilə rədd edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Məmmədov Kamran Məmmədmövsüm oğlu apelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X4, habelə onların vəkili və nümayəndəsi X17 apelyasiya şikayətinə etiraz etdilər və onun təmin edilməməsini xahiş etdilər. İş üzrə cavabdeh X16 apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ 966064 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxx 2018-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-810/2019 saylı hökmdən görünür ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Şabran rayonu Zeyvə kənd sakini X2 xx.xx.2018-ci il tarixdə vəfat etmiş oğlu Mahirin Zeyvə kəndində təşkil olunmuş yas mərasimində 40 gün ərzində təxminən 2000 min nəfər iştirak etmiş, 200 kq ətdən və 2000 manatlıq digər ərzaq məhsullarından istifadə edilmişdir. Aktın doğruluğunu Q. Aslanov, İ .Mahmudov və Ə. Nuriyev öz imzaları ilə təsdiq etmişlər. Yenə işdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 9/1992 saylı ekspert rəyindən görünür ki, iş materiallarında göstərilən 01 ədəd qara mərmər baş daşının hazırlanmasına çəkilən xərc təxminən 3060 manat müəyyən olunur.-1 dəst qara daş-2000 manat, -ƏDV18%-360 manat, -usta işi-700 manat. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 043425 saylı mədaxil qəbzindən görünür ki, X4 hüquqi yardıma görə 500 manat məbləğində pulu X12 hesabına (VÖEN: **********) köçürmüşdür. Yenə işə əlavə edilmiş, AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqinin sübutların qiymətləndirilməsi barədə xx xxxx 2019-cu il tarixli qərarından məlum olur ki, ********* saylı cinayət işi üzrə X8 əməlində Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinin tərkib əlamətləri olmadığından, eləcə də, hadisə törədilən vaxt onun 16 yaşı tamam olmaması səbəbilə CM-nin 124.1 və 157.1-ci maddələri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, hazırkı mərhələdə bu hissədə qətnamə apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi maddi və mənəvi zərərin məbləğləri hissəsində dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Tərəflərin izahatlarından, qeyd edilən məhkəmə hökmündən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçıların mərhum oğlu Mahir Şixəliyev xx xxxxxxx 2018-ci il tarixdə, dostu olmuş, hazırkı iş üzrə cavabdeh Elçin Bağırovun ehtiyatsız hərəkəti nəticəsində əlində olan tüfəngdən açılan atəşlə başından yaralanmış və aldığı ağır xəsarətlər nəticəsində ölmüşdür. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-810/2019 saylı hökmü ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 ölümü ilə bağlı mərhumun valideynləri X7 və X3 maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Baş vermiş cinayət hadisəsi Elçin Bağırovun ehtiyatsızlığından törədilsə də, mərhumun valideynləri bu hadisə nəticəsində həm maddi, həm də mənəvi zərər çəkmişlər. Azərbaycan Respublikası MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Yenə həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərər vuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1127-ci maddəsinə əsasən zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. AR Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.3-cü maddələrinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanunvericilik cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki şəxsə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mövcud qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçılar İddiaçı1 və X1 övladları Mahir Şixəliyevin ölümü nəticəsində onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə X15 ilə yanaşı onun atası Cavabdeh qarşı məhkəməyə müraciət etmək hüququ vardır və onların həmin tələbi əsaslıdır, bu barədə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Belə ki, Mülki Məcəllənin 1104-cü maddəsinin ümumi məzmununa görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Bununla belə zərərin məbləğinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçılar övladları mərhum Mahir Şixəliyevin dəfnini təşkil etmiş, yas mərasimləri keçirmiş, mərhumun qəbirüstü başdaşını (abidəni) qoydurmuşlar. İşə baxan məhkəmə yas mərasimlərinə çəkilmiş xərc olaraq cavabdehlərdən 4000 manat tutulması nəticəsinə gəlsə də, həmin məqsədlər üçün ümumilikdə 2000 manat vəsaitin xərclənməsini məhkəmə kollegiyası daha ağlabatan məbləğ hesab edir. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli aktda da qeyd edilmişdir ki, mərhum Mahir Şixəliyevin yas mərasimlərində 40 gün ərzində 2000 manatlıq ərzaq məhsullarından istifadə edilmişdir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatı nəticəsində mərhumun qəbirüstü abidəsinə çəkilən xərcin 3060 manat olduğu müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, dəfn xərci dedikdə, dəfn günü nəqliyyat xərci, məzarın hazırlanması ilə bağlı xərclər, bütün zəruri dini ayinlərə əməl olunmaqla, mərhumun dəfninə sərf olunan xərclər, habelə qəbirüstü abidənin qoyulmasına çəkilən xərclər başa düşülür. Beləliklə də, məhkəmə kollegiyasının qənaətinə görə onlara dəymiş maddi zərər cəmi 5060 manat təşkil edir. Bu məbləğdən aşağı və ya yuxarı miqdarda maddi zərərin təmin edilməsi, məhkəmə kollegiyasının fikrincə, hazırkı şəraitdə ağlabatan deyildir və işin faktiki hallarına uyğun gəlmir. İşdən həmçinin görünür ki, iddiaçılar baş vermiş bədbəxt hadisə nəticəsində mənəvi zərər çəkdiklərini qeyd edərək, cavabdehlərdən 100000 manat tələb etmiş, məhkəmə isə bu zərəri 10000 manat miqdarında qiymətləndirmiş, iddiaçılar bu məbləğlə razı olsalar da, Cavabdeh bu hissədə də iddianı qəbul etməmişdir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, övladının Elçin Bağırov tərəfindən silahla vurularaq ölməsi iddiaçılar X7 və X3 yüksək dərəcəli mənəvi sarsıntı vermiş və iztiraba səbəb olmuşdur. AR Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.4-cü maddələrinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun tələbindən də görünür ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, başqa sözlə, məhkəməyə müraciət etməklə bağlı çəkdiyi xərclər də onun zərəri kimi başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçıların övladlarının E.Bağırovun ehtiyatsız hərəkətləri nəticəsində ölməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Belə olan halda, qanunvericliyin tələbinə görə iddiaçıların bu hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzini tələb etmək hüquqları vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarda qeyd olunmuşdur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alnmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçılara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin zərərin məbləği hissəsində qət edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası məhkəmənin zərərin məbləğilə bağlı gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, mənəvi zərərin əvəzi kimi cavabdehlərdən 1500 manat məbləğində pul tutulması daha ağlabatandır və bu məbləğ işin faktiki hallarına, o cümlədən cavabdehlərin əmlak vəziyyətinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ hesablanarkən hadisə törədilən zaman Elçin Bağırovun yetkinlik yaşına çatmaması, cinayət hadisəsinin törədilməsi zamanı zərərçəkənin rolu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası vəkil xidməti üçün ödənilmiş 500 manatın cavabdehlərdən tutulması hissəsində qətnamə ilə razılaşır. Belə ki, AR MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, hazırkı mülki mübahisə üzrə iddiaçılar vəkil xidmətindən istifadə etmiş və bu xidmətə görə 500 manat vəsait ödəmişlər. İddia qismən təmin edildiyinə görə həm MM-nin 21-ci, həm də MPM-nin 121.1-ci maddəsinə əsasən həmin məbləğ cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Yəni, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İddiaçılar cavabdehlərdən E.Bağırovun qanunsuz hərəkətləri nəticəsində onlara maddi və mənəvi zərərin vurulmasını sübut edə bilmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə onların bununla bağlı ümumilikdə 7060 manat pul tələbi vurulmuş ziyana adekvatdır. Beləliklə, məhkəmə kollegiyası baş vermiş cinayət hadisəsinin xüsusatlarını, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməli, tutulacaq maddi ziyan 5060 manat, mənəvi zərər 1500 manat müəyyən olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X21 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X22rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tələb edilən maddi və mənəvi zərərin əvəzinin göstərilən qaydada tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatan olardı. Bu cür tələblər qisas zəminində olmamalı, qarşı tərəfin maddi məhrumiyyətlərə düçar edilməsinə səbəb olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəymiş maddi və mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. X6 və Cavabdeh müştərək qaydada maddi zərərə görə 5060 manat pul, mənəvi zərərə görə 1500 manat pul tutularaq iddiaçılara verilsin. Qətnamə vəkil xidmətinə görə ödənilmiş 500 manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb İddiaçı1 və X3 ödənilməsi, 100 manat ekspertiza xərcinin tutulub AR Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X, M/h AZ37NABZ******************** hesab) köçürülməsi, iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar