Məhkəmə qərarları › İş №2(105)-318/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-318/2022

04.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-318/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X10, vəkili Vəkil4, üçüncü şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsinə qarşı Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı1 qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi barədə qarşılıqlı iddia tələbinə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7819/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini X1 12 oktyabr 2009-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satın almışdır. Onunla yanaşı bir neçə şəxs X13, X23 və X11 da eyni gündə U.G.İsgəndərovadan həmin torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar. Bundan sonra həmin şəxslərə qarşı X19, Cavabdeh1, X16 adlı şəxslər məhkəmədə iddia qaldırmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, U.G.İsgəndərova ilə A.M.Allahyarov arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, U.G.İsgəndərova ilə A.Z.Hacıyev arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, U.G.İsgəndərova ilə S.B.Teymurov arasında bağlanmış 12 oktyabr 2009cu il tarixli alğısatqı müqavilələri və bu müqavilələr əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və çıxarışlar etibarsız sayılmışdır. Eyni zamanda həmin qətnamə ilə, U.G.İsgəndərova ilə İddiaçı1 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi, onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, A.M.Allahyarov və S.B.Teymurov tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri, Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər, o cümlədən özü həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)232/2017 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçıların həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən, ona məxsus torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir. Onunla yanaşı U.G.İsgəndərovadan torpaq sahəsi almış A.M.Allahyarov və qeyrilərinə məxsus torpaq sahələri üzərində də mülkiyyət hüququna dair qeydiyyat yazısı da ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı ilə həmin şəxslərə, o cümlədən ona verilmiş çıxarışların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. Qərardad icraya yönəldilmiş, A.M.Allahyarova, A.Z.Hacıyevə, S.B.Teymurova məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar bərpa edilmiş, ona aid torpaq sahəsinə dair çıxarışın bərpasına dair hissədə isə qərardad icra olunmamışdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi bunun səbəbini onunla izah etmişdir ki, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Halbuki, sözügedən torpaq sahəsi hazırda onun mülkiyyətində, faktiki sahibliyində və istifadəsindədir. Bundan əvvəl aralarında olan məhkəmə çəkişməsi zamanı Cavabdeh1 tərəfindən belə bir müqavilə ortaya çıxarılmamış, belə bir müqavilənin olmasından DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubu aldıqdan sonra xəbər tutmuşdur. Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Corat bağları, 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi 10 iyul 2013-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alğısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə 1316 manat pulu Sumqayıt Bələdiyyəsinin büdcəsinə keçirmişdir. Hazırda İddiaçı1 göstərilən torpaq sahəsini qonşusunun torpağı hesabına bir qədər genişləndirərək onun tikdiyi hasara əlavə 2 divar hasar tikmiş və darvaza qoymuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsi apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-724/2019 nömrəli 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), S.A.Qafari və F.Ə.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsi ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4679/2019 saylı, 03 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev) cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-70/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), T.O.Quliyev və E.G.Rəhimov) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 02 oktyabr 2018-ci il tarixli 2(060)7819/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı1 Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməmiş, Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi tələbinə dair iddia təmin edilərək, Sumqayıt şəhəri, Corat bağları 2333C saylı torpaq sahəsində iki tərəfdən tikilmiş daş hasar və darvaza sökülməsi qət edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov, Vüqar Həsənov) 24 avqust 2021-ci il tarixli, 2(102)-3637/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-70/2021 nömrəli 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual qanunvericiliyə zidd olaraq çıxarılmışdır. Məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət verməmiş və iş üzrə mövcud olan sübutlara dair səhv nəticəyə gəlmişdir. Həmin torpaq sahəsi isə əslində 2004-cü il tarixli 151 saylı qərarı ilə mülkiyyətinə verilmiş Corat bağları ərazisində yerləşən sahəsi 0,06 ha olan 233 saylı bağ torpaq sahəsinin daxilində yerləşirdi. Bu halın özü həmin torpaq sahəsinin 2004-cü ildən onun faktiki istifadəsində olduğunu və Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir. Eyni zamanda məhkəmənin bu hallara əhəmiyyət verməməsinin özü məhkəmə tərəfindən işə tamamilə ədalətsiz və qeyriobyektiv baxıldığını və məhkəmə araşdırmasının yalnız bir məqsədlə, işin nəyin bahasına olursa-olsun iddiaçının xeyrinə sonunclanması məqsədi daşıdığını sübuta yetirir. Qeyd olunmalıdır ki, hal-hazırda da qüvvədə olan bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına əsasən yalnız bələdiyyə tərəfindən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində sərəncam verilərkən konkret torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və müvafiq reyestr çıxarışı ilə rəsmiləşdirilir. Məhz bu cür sənədləşmə işləri onun mülkiyyətinə torpaq sahəsi ayrılarkən də həyata keçirilmişdir. Məhkəmə ilkin iddianı təmin etməklə, aşkar qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin alqı-satqı əməliyyatı aparılarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin onun hüquqlarını pozdugu qənaətinə gəlməyə əsas verir ki, bu halda həmin qətnamənin apellyasiya qaydasında ləğvi qaçılmaz olur. Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Corat bağları ərazisində yerləşən 2344 saylı bağ sahəsinin U.G.İsgəndərovanın qanuni istifadəsində olması faktını müəyyən edən və həmin torpaq sahəsi üzərində U.İsgəndərovanın mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyan Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2009-cu il tarixli, 2(060)2154 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 18 yanvar 2010-cu tarixli, 2(105)-49/2010 saylı qərardadı ilə ləğv edilmiş və icrada dönüş edilərək DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən U.İsgəndərovanın adına verilmiş mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə reyestr çıxarışı etibarsız sayılmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 19 dekabr 2011-ci il tarixli, 2(105)-1284/2011 saylı qətnaməsi ilə U.G.İsgəndərovanın Sumqayıt Bələdiyyəsinə və qeyrilərinə qarşı bağ sahəsinin icarə müqaviləsinin onunla bağlanmış sayılması və həmin bağ sahəsini özbaşına zəbt etmiş şəxslərin bağdan çıxarılması barədə iddia ərizəsi rədd edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə U.İsgəndərovanın mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququnun olmadığı və həmin torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. Belə olan halda U.İsgəndərovanın sonradan ləğv edilmiş reyestr çıxarışı ilə özünə məxsus olmayan və bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsini bölərək İddiaçı1 və qeyrilərinə satması qanuni hesab edilə bilməz və tərəflər arasında həyata keçirilmiş torpaq sahəsinə dair alqısatqı əqdləri əhəmiyyətsiz əqd kimi etibarsızdırlar. Təəssüf ki, məhkəmə bu halı nəinki nəzərə almamış, çıxarılmış məhkəmə qətnaməsində buna ümumiyyətlə qiymət verməkdən yayınmışdır. Məhkəmə İddiaçı1 guya vicdanlı alıcı olduğunu bəyan edərək onun iddia ərizəsini təmin, Cavabdeh1 iddiaçı AŞ.Dadaşovaya qarşı torpaq sahəsində olan darvazanın və hər iki tərəfdə olan hasarın sökülməsi barədə qarşılıqlı iddia ərizəsini rədd etməklə torpaq sahəsinin mülkiyyətçisi kimi həm İddiaçı1, həm də Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu öz təsdiqini tapmışdır. Belə olan halda Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini İddiaçı1 satması hər hansı şəkildə qanunsuz sayıla bilməz. Həmçinin, məhkəmə mülkiyyət hüququna dair məsələyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. Məhkəmə formal mülahizələr əsasında, müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə özü-özünə zidd çıxmışdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli torpaqayırma sənədlərinə əsasən Sumqayıt Şəhər Bələdiyyəsinə təhvil verilmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə torpağın alqı-satqı müqaviləsinin hüquqi statusunu şübhə altına alsa da, iş materiallarında olan və mübahisələndirilən torpaq sahələri daxilində yerləşən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında reyestr çıxarışına əhəmiyyət verməmişdir. Belə ki, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, 03 iyun 2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0235 ha olan torpaq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə Sumqayıt Bələdiyyəsinin adına qeydə alınmış və sonradan Sumqayıt Bələdiyyəsinin müvafiq qərarı əsasında İddiaçı1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi isə əslində 2004-cü ildən etibarən İddiaçı1 istifadəsindədir. Belə ki, mübahisələndirilən 0,0235 ha olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli,151 saylı qərarı ilə İddiaçı1 mülkiyyətinə verilmiş Corat bağları ərazisində yerləşən sahəsi 0,06 ha olan 233 saylı bağ torpaq sahəsinin daxilində yerləşir. Bu halın özü həmin torpaq sahəsinin 2004-cü ildən İddiaçı1 faktiki istifadəsində olduğunu və Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir. Həmçinin qeyd olunmalıdır ki, hal-hazırda da qüvvədə olan bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına əsasən bələdiyyə tərəfindən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində sərəncam verilərkən yalnız konkret torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır və müvafiq reyestr çıxarışı ilə rəsmiləşdirilir. Məhz bu cür sənədləşmə işləri İddiaçı1 mülkiyyətinə torpaq sahəsi ayrılarkən də həyata keçirilmişdir. Məhkəmə Sumqayıt Bələdiyyəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və torpağın İddiaçı1 mülkiyyətinə verilməsi barədə bələdiyyənin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarı mübahisələndirilmədiyi halda, torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə İddiaçı1 arasında 02 iyul 2013-cü il tarixdə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsini etibarsız saymışdır. Bununla da məhkəmə aşkar qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin alqı-satqı əməliyyatı aparılarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ancaq məhkəmə nə bütün bu sübutlara, nə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin İddiaçı1 və Sumqayıt Bələdiyyəsinin hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir ki, bu halda da həmin qətnamə apellyasiya qaydaşında ləğv olunmalıdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi X20, vəkili Vəkil4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X6 iş üzrə məhkəmə qətnaməsinin qəbul olunmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Cavabdeh Sumqayıt Bələdiyyəsi və üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini X1 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı alğı-satqı müqaviləsi əsasında almış və bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin alğı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq xx.xx.2013cü il tarixli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar X12, Cavabdeh1, X7 cavabdehlər X8, X17, X4 və İddiaçı1 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, X3 ilə X5 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X23 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X9 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə İddiaçı1 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, X13 və X11 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri, Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 206-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-232/2017 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadından görünür ki, həmin iş üzrə İddiaçı1, X8 məxsus torpaq sahəsi və digər şəxslərə məxsus torpaq sahələrinə dair verilmiş çıxarışların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı1 məxsus torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alındığından, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı əsasında X5 və qeyrilərinin mülkiyyət hüquqları bərpa olunsa da, İddiaçı1 məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş notariat işinin surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 m2 torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etmiş və hesab etmişdir ki, tərəflər arasındakı başqa məhkəmə çəkişməsinin nəticəsi olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli torpaq sahəsinin ilkin İddiaçı1 məxsus olduğu müəyyən edildiyindən, İddiaçı1 iddiası təmin olunmalı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında ona məxsus olduğu müəyyən edilmiş və üzərində mülkiyyət hüququ bərpa edilməli olan Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən mülkiyyət hüququ bərpa edilməli olan Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpasına, daha doğrusu qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olan hal aradan qaldırılmalı, yəni, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təstiq edilmiş 02 iyul 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********* qeydiyyat nömrəli, 10 iyul 2013-cü il tarixli çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə bağlanan zaman qanunvericiliyin bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə satılmalı olmasına dair tələbləri kobud surətdə pozulmuşdur. Həmçinin tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğu halda Sumqayıt Bələdiyyəsi yekun məhkəmə aktına əsasın torpaq sahəsinin mülkiyyətçisi olmayan şəxslə müqavilə bağlamaqla, eyni zamanda torpaq sahəsinin əsl mülkiyyətçisi olan İddiaçı1 satın almada üstünlük hüququnu da pozmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbini rədd edərkən hesab etmişdir ki, mübahisə predmeti olan darvaza və daş hasar qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarına əsasən İddiaçı1 məxsus torpaq sahəsində yerləşdiyi üçün qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki iş üzrə Ali Məhkəmənin 03 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqddə göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə, bu sahənin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə eynilik təşkil etməsini, hər iki tərəfə məxsus torpaq sahələrinin reyestrdən çıxarışda, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara uyğun yerləşibyerləşməməsini (GPS cihazı vasitəsilə naturada ölçmə işləri aparmaqla), iddiaçıya və cavabdehə məxsus olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğu halda iş üzrə ekspertiza keçirilməsini müzakirə etməmiş, tərəflər arasında əvvəlki mübahisə üzrə mülki işin materiallarını tələb edib öyrənməklə, həmin məhkəmə aktlarında bəhs edilən torpaq sahəsinin hazırki iddianın predmetini təşkil edən 0,0235 ha torpaq sahəsi olub-olmamasını araşdırmamış, eyni zamanda, işdə 3-cü şəxs olan DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubda göstərilənlərlə bağlı münasibətini öyrənməmişdir. İşə təkrar baxan kassasiya kollegiyası isə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, mübahisəli torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi üçün araşdırmanı sonadək aparmamış, iddianın mahiyyəti üzrə həlli üçün ilk növbədə araşdırılmalı olan məsələnin – “mübahisəli torpaq sahələri üst-üstə düşürmü?” sualının cavabı tapılmamışdır. Bu sualın cavablandırılmasının mümkünsüzlüyü barədə mütəxəssisin əsaslandırması ondan ibarətdir ki, A.Ş.Şirinovanın (Dadaşovanın) Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edilməsi göstərilməsi səbəbindən, hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Lakin mütəxəssisin bu cavabı yarımçıq araşdırmanın nəticəsidir. Çünki məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini X1 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı alğı-satqı müqaviləsi əsasında almış və bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının adına olan həmin çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə etibarsız sayıldığına görə reyestrdə olan bu qeydin ləğv edilməsinə baxmayaraq, məhkəmənin həmin qətnaməsi ləğv edilmiş, müqavilənin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia tələbi təmin olunmamış, nəticə etibarilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı ilə icranın dönüşü qaydasında iddiaçının adına olan çıxarışın dövlət reyestrində qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. Bu halda, ekspertiza zamanı daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinat göstəricilərindən istifadə olunmalı idi. Lakin ekspert bu məlumat mənbəyindən istifadə etməmiş, formal əsas göstərməklə, əhəmiyyətli sual üzrə araşdırma aparmamışdır. İşə yenidən baxılarkən mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməli, bu zaman iddiaçının Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınarkən müəyyən olunmuş koordinatlar tələb edilib ekspertə təqdim edilməlidir. Hazırki apellyasiya icraatında məhkəmə kollegiyası tərəfindən MPM-in 420-ci maddəsinin tələblərindən çıxış edərək iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmətorpaqşünaslıq ekspertizaları təyin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinat göstəricilərindən istifadə olunmaqla 10 iyul 2013-cü il tarixli ********** saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nomrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi və 13 noyabr 2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 nomrəli İddiaçı1 mülkiyyətində olan bağ sahəsinin eynilik təşkil edibetməməsi, hər iki tərəfə məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, hər iki tərəfə məxsus torpaq sahələrinin reyestrdən çıxarışda, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara uyğun yerləşib-yerləşməməsinin (GPS cihazı vasitəsilə naturada ölçmə işləri aparmaqla) müəyyən olunması, iki tərəfdən tikilmiş daş hasar və darvazanın kimə məxsus olan sahədə inşa edilməsi barədə ekspert qarşısında suallar qoyulmuş, müvafiq rəy alınması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 10/2308 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yerquruluşu üzrə mütəxəssisi Ə.Yasinovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 iyul 2013-cü il tarixli, ********** saylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 noyabr 2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 nömrəli İddiaçı1 məhkəməyə təqdim olunmuş torpaq sahəsinin plan və ölçüsünə əsasən mülkiyyətində olan bağ sahəsi ilə eynilik təşkil edir. Hər iki torpaq sahəsi eyni koordinatda sahələrə uyğun olaraq eyni yerdə yerləşir. Kadastr Məlumat bazasında olan məlumatlara əsasən torpaq sahələri üst-üstə düşür. Torpaq sahələri üst-üstə düşdüyü üçün hər ikisinə məxsus torpaq sahəsindədir. Göründüyü kimi, hazırki ekspert rəyi ilə Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinin predmeti olan 235 m.kv torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğu müəyyən olunur. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi və Corat bağları ərazisində yerləşən 2344 nömrəli İddiaçı1 məhkəməyə təqdim olunmuş torpaq sahəsinin plan və ölçüsünə əsasən mülkiyyətində olan bağ sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edildiyindən Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin iddia təmin və qarşlıqlı iddia tələbi rədd olunduğundan iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7819/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar