Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3196/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-6987/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə dair verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsinin rəisi X.Qarayev, qeydiyyat icraçısı B.Bayramov tərəfindən imzalanmış MA ******* nömrəli, ********** qeydiyyat nömrəsi ilə 06 oktyabr 2010-cu il tarixdə xüsusi mülkiyyət kimi adına qeydiyyata alınmış çıxarışın, həmin çıxarış əsasında Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" QSC-yə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli, ********** nömrə ilə qeydə alınmış 21 dekabr 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında yerləşən torpaq sahəsinin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-6987/2021 saylı qərardadı ilə İddiaçı qeyd olunan iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmış və ona hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. (hakim E.Abdullayev) Qərardaddan İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-6987/2021 saylı qərardadının ləğv edilərək mülki işin icraata götürülərək baxılmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, hazırkı tələbə mülki icraat qaydasında baxılmalıdır. Məhkəmənin qərardadı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına tamamilə ziddir. Bu Qərara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bundan başqa, Qərara əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış, iddia ərizəsi səhvən geri qaytarılmışdır. Buna görə də qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(060)-6987/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-6987/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülkihüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından göğrünür ki, İddiaçı "xxxx" QSC ilə yanaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini də cavabdeh kimi göstərərək həmin İdarə tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları mübahisələndirir. İddiaçı tələbinin əsası kimi Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində qeydin qanunsuz aparılmasına əsaslanır. Göründüyü kimi, iddiaçı həmin çıxarışları vermiş inzibati orqanın hərəkətlərini mübahisələndirir, yəni tərəflər arasında yaranmış mübahisə ümumi hüquq münasibətlərindən yaranan mübahisə deyildir. Belə ki, bu münasibətlərdə bir tərəfdə fiziki və ya hüquqi şəxs, digər tərəfdə isə hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan dayanır. Digər tərəfdən, iddia ərizəsində cavabdeh kimi "xxxx" QSC göstərilsə də, iddiaçının həmin cavabdehə qarşı tələbinin nədən ibarət olması müəyyən deyildir. Beləliklə də iddiaçı hazırkı iddia ilə mülki qaydada ümumi məhkəməyə deyil, yalnız inzibati orqanı cavabdeh kimi göstərməklə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. AR MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Yenə həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, İddiaçı reyestrdən çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür və buna görə də işə baxan məhkəmə onun iddia ərizəsinin qəbulundan imtina etməsi və onu geri qaytarması barədə qanuni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin həmin əsasla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-6987/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3196/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3196/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver