Məhkəmə qərarları › İş №2(105)-323/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-323/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-323/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 sədri X6, Cavabdeh2 nümayəndəsi X8 iştirakları ilə açıq məhkəmə iclasında, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-503/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-503/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı torpaq sahəsində tikilmiş tikiliyə çəkilmiş xərcin və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 əvvəlki evin təmirinə çəkilmiş 5870 manat pulun və həmin torpaq sahəsində yeni tikilmiş evə və həyətdə aparılan abadlaşdırma işlərinə, hasar, darvaza, torpaq səthinin betonlaşdırılması və s. məqsədlər üçün çəkilən 14850 manat məbləğində pulun və 30000 manat məbləğində mənəvi ziyana görə təzminatın, 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olan və hazırda Cavabdeh2 tərəfindən mübahisə edilən yerdə yerləşdiyi ehtimal olunan boş torpaq sahəsini almamışdan qabaq o, həmin torpaq sahəsinin mülkiyyət növünü aydınlaşdırmaq üçün Cavabdeh1nə müraciət etmiş, bələdiyyə tərəfindən tərtib edilmiş sxem əsasında qeyd edilən yerə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bu torpaq sahəsi boş olduğu üçün bələdiyyə mülkiyyətinə verilmiş və orada olan tövlə isə çiy kərpicdən olan qanunsuz tikilidir. Bundan sonra qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı o, Cavabdeh1nə müraciət etmiş və müvafiq orqanların rəyi alındıqdan sonra onunla bələdiyyə arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmış, torpağın dəyərini ödəmiş və bələdiyyənin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə 0,28 hektar torpaq sahəsi ona satılmışdır. Cavabdeh2 əvvəlcə 2012-ci ildə bələdiyyəyə və onun anası B.Sultanovaya qarşı maddi ziyanla bağlı iddia qaldırmış, lakin həmin iddia tələbi təmin edilmədikdə yeni iddialarla məhkəməyə müraciət etmişdir. O, həmin torpaq sahəsini aldıqdan sonra orada olan tövlənin yerində abadlaşdırma işləri aparmış və buna 5870 manat məbləğində vəsait sərf etmişdir. Bundan başqa, o, həmin torpaq sahəsində 1 mərtəbəli mişar daşından bir otaq, bir dəhliz, bir mətbəx və bir hamamdan ibarət yaşayış evi tikdirmiş, hasar çəkdirmiş və dəmir darvaza qoydurmuş, həyətə çınqıl tökdürmüş, daşqına qarşı arx və nöhur qazdırmış, evin çölünə beton tökdürmüş, qapının qarşısını hamarlatdıraraq beton, sement örtüyü çəkdirmiş, 23 ədəd meyvə ağacları alaraq əkmiş və digər xərcləri ödəmiş, bütün bunlara ümumilikdə 14850 manat vəsait sərf etmişdir. Bu müddət ərzində Cavabdeh2 bir dəfə də olsun həmin əraziyə gəlməmiş və bu torpaq sahəsinin, evin ona məxsus olduğunu bildirməmişdir. Yalnız tikinti işləri başa çatdıqdan və torpaq alqı-satqısından 5 il sonra, yəni 2012-ci ildə əvvəlcə pul, daha sonra isə torpağa dair sənədlərlə bağlı iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(85)-82/2018 saylı qərarı ilə Cavabdeh2 Cavabdeh1nə qarşı iddiası qismən təmin edilməklə bələdiyyənin xx xxxxxx 2007-ci il tarixli, 32 saylı qərarı Cavabdeh2 məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. O və Cavabdeh1 həmin qərarla razı olmadıqları üçün apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(105)-480/2018 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla da razı olmadığı üçün Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-169/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hər iki cavabdehin təqsiri üzündən ona ziyan dəymişdir. Cavabdehlərin bu hərəkəti nəticəsində 8 il əsəb və həyəcan keçirmiş, mənəvi sarsıntılara məruz qalmışdır. Ona dəymiş mənəvi ziyanı 30000 manat qiymətləndirir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır və ləğv olunmalıdır. Belə ki, Cavabdeh1 mülkiyyətində olan və boş torpaq sahəsini almamışdan qabaq o, həmin torpaq sahəsinin mülkiyyət növünü aydınlaşdırmaq üçün Cavabdeh1nə müraciət etmiş, bələdiyyə tərəfindən tərtib edilmiş sxem əsasında qeyd edilən yerə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bu torpaq sahəsi boş olduğu üçün bələdiyyə mülkiyyətinə verilmiş və orada olan tövlə isə qanunsuz tikilidir. Bundan sonra qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı o, Qusar rayon Avaran Bələdiyyəsinə müraciət etmiş və müvafiq orqanların rəyi alındıqdan sonra, onunla bələdiyyə arasında torpağın alqısatqısına dair müqavilə bağlanmışdır. O, torpağın dəyərini ödəmiş və bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə 0,28 ha torpaq sahəsi qanuni əsaslarla ona satılmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra orada olan tövlənin yerində fərdi yaşayış evi tikmiş və buna böyük məbləğdə vəsait sərf etmişdir. Bu müddət ərzində bir dəfə də olsun bu əraziyə gəlməmiş və bu torpaq sahəsinin, evin ona məxsus olduğunu bildirməmişdir. Yalnız tikintini başa vurduqdan və torpağın alqı-satqısından 5 il sonra, yəni 2012-ci ildə əvvəlcə pul, daha sonra isə torpağa dair sənədlərlə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası DT və XK-nın Qusar rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 428 saylı məktubundan da aydın olur ki, ona ayrılmış torpaq sahəsi sahibsiz torpaq kimi qeydə alınmışdır. O, qeyd edilən sahəyə külli miqdarda vəsait xərcləyərək orada əmlaklar inşa etdirmişdir. Bir müddət keçdikdən sonra isə məhkəmə qərarları ilə torpaq sahəsi Cavabdeh2 qaytarılmışdır. Nəticədə həm əmlakından, həm də vəsaitindən məhrum olmuşdur. Bələdiyyənin səhv aktı nəticəsində o, külli miqdarda vəsaitindən məhrum olmuşdur. Cavabdeh2 isə məhkəmə qətnaməsinə istinad edərək heç bir vəsait xərcləmədən tikililərə sahib olmuş, əsassız varlanmışdır, lakin qüvvədə olan mülki qanunvericiliyə əsasən bu, yolverilməzdir. Bundan başqa, məhkəmə bələdiyyəyə dair hissədə mübahisəni düzgün həll etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” qanunun 36.1.1-1.3-cü maddələrinə görə inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçıları sayılırlar. “İnzibati orqanların Təsnifatı”nın İV bəndinə görə bələdiyyələr inzibati orqanlar hesab olunurlar. Ona dəymiş zərərin ödənilməsinə dair Avaran Bələdiyyəsinin üzərinə vəzifə qoyulması barədə hazırki iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir, halbuki yuxarıda qeyd edilən prosessual normanın tələbinə əsasən bu mübahisənin həlli ümumi məhkəməyə deyil, inzibati-iqtisadi məhkəməyə aiddir. Buna baxmayaraq Qusar Rayon Məhkəməsi səhvən iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı apellyasiya şikayətinə əlavə və düzəlişlə məhkəməyə müraciət edərək Cavabdeh1 başqa şəxsə məxsus torpaq sahəsini rəsmi qaydada ona satdığını, onun aldığı torpaq sahəsini abadlaşdırmasına, orada tikinti inşa etməsinə heç bir etiraz etmədiyini göstərərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 20720 manatın, mənəvi ziyanın əvəzi olaraq 30000 manatın Cavabdeh1ndən tutularaq ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X5 apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavə və düzəlişdə göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunaraq qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 20720 manatın, mənəvi ziyanın əvəzi olaraq 30000 manatın Cavabdeh1ndən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 sədri X10 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh2 münasibətdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixli, 32 nömrəli qərarının surətindən görünür ki, Sumqayıt şəhər sakini İddiaçı Avaran bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 0,28 hektar torpaq sahəsi satılmışdır. İş materiallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(85)-82/2018 saylı qərarı ilə Cavabdeh2 Cavabdeh1nə (İddiaçı üçüncü şəxs olmaqla) qarşı torpağın alqı-satqısına dair aktın, xx xxxxxx 2007-ci il tarixli, 32 saylı qərarın və aidiyyəti sənədlərin etibarsız hesab edilməsinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixli, 32 nömrəli qərarının Cavabdeh2 məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(105)-480/2018 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(85)-82/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-480/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “S-X7 Mərkəzi” MMC-nin xx xxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus Qusar rayonu, Avaran kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilən xərclər və real evin təmiri və restavrasiya xərcləri ilə birlikdə hazırki bazar dəyəri 20720 manat təşkil edir. İş materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Avaran kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli, 431 saylı arayışdan görünür ki, İddiaçı 2007-ci ildə Avaran kəndində torpaq sahəsi alarkən həmin torpağın üstündə 32 kv.metrlik çiy kərpicdən tikilmiş tikili olmuşdur. İş materiallarına əlavə olunmuş Qusar Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(029)-159/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 X3 və qeyrisinə qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddiası və X1 Cavabdeh2 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilmələrinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qusar rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx xxxx 2016-cı il tarixli məktubundan görünür ki, rayonun Avaran kəndində ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəd xəttində qonşusu Osmanov Sabir tərəfindən atılmış məişət tullantıları götürülərək təmizlənmiş və yağan yağış suları nəticəsində dağılmış taxta çəpər bərpa edilərək əvvəlki vəziyyətə gətirilmişdir. İş materiallarından, iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 əvvəlki evin təmirinə çəkilmiş 5870 manat, həmin torpaq sahəsində yeni tikilmiş evə və həyətdə aparılan abadlaşdırma işlərinə, hasar, darvaza, torpaq səthinin betonlaşdırılması və s. məqsədlər üçün çəkilən 14850 manat və mənəvi ziyana görə 30000 manat tələb edir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan apellyasiya şikayətinə əlavə və düzəlişlə məhkəməyə müraciət edərək Cavabdeh1 başqa şəxsə məxsus torpaq sahəsini rəsmi qaydada ona satdığını, onun aldığı torpaq sahəsini abadlaşdırmasına, orada tikinti inşa etməsinə heç bir etiraz etmədiyini göstərərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 20720 manatın, mənəvi ziyanın əvəzi olaraq 30000 manatın Cavabdeh1ndən tutularaq ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı apellyasiya şikayətinə əlavə və düzəlişdə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini faktiki olaraq Cavabdeh2 münasibətdə mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh2 münasibətdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-503/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar