Məhkəmə qərarları › İş №2(105)-324/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-324/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-324/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh, X9, X5 və X3 qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X13 ibarət tərkibdə, məhkəmə katibi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-8/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış 09 avqust 2018-ci il tarixli, Y-275 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016cı il tarixli, 2(060)-5875/2016 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) yerləşən 25 saylı evin 43 saylı mənzili hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 207.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" KB ASC əmlakı 131962,50 manata almışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 25, mənzil 43 xüsusi mülkiyyət hüququ ilə "xxxx" Kommersiya Bankı ASC-nin adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmışdır.

3. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh, X9, X5, X6, X15 və Mansurlu Zeynəb Şahmar qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilində qeydiyyatdadırlar.

4. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh, X9, X5 və X3 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilinə Cavabdeh, X9, X5, X6, X15 və Mansurlu Zeynəb Şahmar qızının istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X15 və Mansurlu Zeynəb Şahmar qızının Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilini almışdır. Bu barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. “Elektron notariat” X1 əldə olunmuş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh, X9, X5, X6, X15 və Mansurlu Zeynəb Şahmar qızı qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Lakin, qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh və onun ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvlərinin Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Qeyd edək ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) xx.xx.2022-ci il tarixli, 2(060)-8/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı olduğundan təmin olunmalı, mənzilə istifadə hüququna xitam verilməli və mənzil boşaldılmalıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1, 146.2, 152.5, 178.1, 203.1-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinə və MPM-nin 14.2, 217.4cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək mənzilin istifadə hüququna xitam verilməsinin müvəqqəti dayandırılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-8/2022 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mahiyyəti üzrə iddiaçı (girov götürən) X7 mülkiyyətin dəyərinə görə kassasiya şikayətini vermişdir. Həmin kassasiya şikayəti qismən təyin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edib, təkrar işə baxmaq üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi prosessual qaydalarını pozaraq işi yerli məhkəməyə qaytarmışdır. Bundan başqa apellyasiya tərəfindən kassasiya şikayətində iddiaçı Ələkbərov Roman 4 mənzilin qiymətini mübahisələndirmişdir. Bu mənzillərdən biri kassasiya şikayəti verilənə qədər X14 tərəfindən bank ilə razılaşaraq mənzili satmışdır. Ali Məhkəmə tərəfindən göstərilən iradları Sumqayıt Apellyasiya Məhkəməsi araşdırmamışdır. Apellyasiya Məhkəməsi girovda əmlakı olmayan X10 məhkəməyə dəvət edib, onun izahını qəbul etmişdir. iddiaçı X2 Respublikasında ürək əməliyyatı keçirib müalicədə olduğu zaman, iddiaçının xəbəri, iştirakı və məlumatı olmadan məhkəmə prosesi bir tərəfli qaydada keçirilmiş, X14 məhkəməyə dəvət edilərək qətnamə ilə maraqlarına toxunan şəxs kimi dəvət edilərək izahatı almışdır. X14 da bankın xeyrinə izahat verməklə onun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Halbuki, Ali Məhkəmə qərar qəbul edilənə kimi X14 üzrə özünə məxsus ünvan 1 ünvanını ipoteka yüklülüyündən çıxartmışdır. Belə olan halda X8 məhkəmə prosesində prosessual tərəf kimi iştirak etməsi qanunsuzdur. Bundan başqa iddiaçının Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılarkən məhkəmədə X14 prosessual tərəf olmamışdır. Baxmayaraq ki, X11 əmlakı bankın girovundan çıxdığını nəzərə almamışdır. Əhmədov Rəhimdilin xahişi əsasında Ali Məhkəmədən qayıdan Apellyasiya Məhkəməsinin təmin olunmaması və işin yerli məhkəməyə qayıtmasını hakimdən xahiş etmişdir. Həmin vaxtda Sumqayıt Şəhər Məhkəməsində 2 mənzilin istifadə hüququna xitam verilməsi barədə bank tərəfindən müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Mahiyyəti üzrə təkrarən Ali Məhkəmə prosesi getdiyi üçün məhkəmə mənzilin istifadə hüququna xitam verilməsini dayandırmalı idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

17. Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

23. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-8/2022 nömrəli qətnaməsi Cavabdeh tərəfindən mübahisələndirilmişdir.

26. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə araşdırılmasını zəruri hesab edir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Öyrənilən işin faktiki halı ondan ibarətdir ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) yerləşən 25 saylı evin 43 saylı mənzili almışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh, X9, X5, X6, X15 və Mansurlu Zeynəb Şahmar qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır və onların mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır.

30. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəf mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdehlərr hal-hazırda həmin mənzildən istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apelyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

35. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-8/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar