Məhkəmə qərarları › İş №2(105)-3245/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3245/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3245/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(067)-1877/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(067)-1877/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sərxan Səmədzadə) İddiaçı Cavabdeh qarşı qətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(067)-2901/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(067)- 2901/2019 saylı qətnaməsinə əsasən 09.05.2014-cü il təvəllüdlü X1 görə əlavə xərclərə cəlb edilməklə hər ay ondan 30 manat pul tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli qətnaməsinə əsasən hər ay bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 137 manat alimenti Cavabdeh vaxtlı-vaxtında ödəyir. Əlavə yazılan 30 manat pul övladının 6 saylı uşaq bağçasında loqoped yanında müalicə alması üçün kəsilmişdir. Lakin hazırda övladı orada və ümumiyyətlə, heç bir yerdə müalicə almır. O, heç bir yerdə işləmir, alimenti çətinliklə ödəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli və işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən, iddianın məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(067)- 2901/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 09.05.2014-cü il təvəllüdlü X1 görə əlavə xərclərə cəlb edilməklə hər ay İddiaçı 30 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdən görünür ki, İddiaçı iddia tələbi Xaçmaz Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(067)-2901/2019 saylı qətnaməsinin ləğv edilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi məsələsinə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində birinci instansiya məhkəməsinin qətnamələrindən apellyasiya şikayəti vermə müddəti və qaydası müəyyən edilmişdir və İddiaçı hazırki iddia tələbinə məhkəmədə baxıla bilməz. Qeyd edilən hal isə iddia ərizəsi üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməmiş, iddia ərizəsini icraata qəbul etmiş, iddia tələbinə mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(067)-1877/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı qətnamənin ləğv edilməsi tələbinə dair iddiası üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. İddiaçı izah olunsun ki, Xaçmaz Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(067)-2901/2019 saylı qətnaməsindən qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti vermək hüququna malikdir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar