Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3267/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı maddi ziyanın ödənilməsi və əmək haqqı kartının cavabdehdən alınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Aysu Qida-Sənaye LTD” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 saylı qətnaməsinin ləgv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən ona vurulan 14000 manat maddi ziyanın (2016-cı il tarixdən bu günədək ödənilməyən əmək haqqının) ödənilməsi və əmək haqqı kartının cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh "Aysu Qida-Sənaye LTD” MMC-dən ona çatası 15000 manat əmək haqqının, əmək haqqını qanunsuz saxladığına görə hər gün üçün 3% ödəncin, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, o, 19 aprel 2016-cı il tarixdən cavabdeh təşkilatla əmək müqaviləsi bağlamaqla ekspeditor vəzifəsinə işə qəbul edilmiş, bağlanmış müddətsiz əmək müqaviləsinə görə ona hər ay 250 manat əmək haqqı verilməli idi. İşlədiyi müddət ərzində işin öhdəsindən layiqincə gəlmiş və üzərinə düşən öhdəliyi bir ekspeditor kimi həmişə vaxtında yerinə yetirmişdir. İstifadəsinə verilmiş nəqliyyat vasitəsilə sürücü Fərruxla birlikdə lazımı məntəqələrə gedib malları paylamış və xidməti işlərini də yüksək səviyyədə icra etmişdir. Cavabdeh, yəni "xxxx" MMC-yə heç bir borcu və kəsiri yaranmamışdır. Amma buna baxmayaraq cavabdeh təşkilat əmək müqaviləsi üzrə ona müəyyənləşdirilmiş 250 manat əmək haqqını bu günə kimi verməmiş və müxtəlif bəhanələr gətirməklə nəinki ümumilikdə toplanmış 14000 (on dörd min) manat məbləğində əmək haqqını vermək istəmir, hətta ona məxsus olan əmək haqqı kartını da verməkdən imtina edir. Ona görə də məcbur olub bu barədə məhkəmədə iddia qaldırmaqla 14000 (on dörd min) manat əmək haqqının cavabdeh təşkilatından alınaraq ona verilməsini və əmək haqqı kartının ona qaytarılması barədə əsaslı və qanuni tələblərinin məhkəmə qaydasında həll edilməsini xahiş etmək məcburiyyətində qaldı. Pandemiya dövründə barəsində maddi vəziyyətini çətinləşdirən məmur özbaşınalığı yolverilməz olduğu halda bu vəziyyət ciddi qanun pozuntusu kimi dərk olunmalıdır. Əmək qanunvericiliyinin kobud şəkildə pozulmasının nəticəsi olaraq ona vurulmuş olan maddi ziyan ödənilməli və təqsirli vəzifəli şəxslər barədə də ciddi tədbirlər görülməlidir. Verdiyi iddia üzrə işə baxılarkən iş uzadılmaqla kobud səhvlərə yol verilmiş, birmənalı olaraq hakim tərəfindən işin həlli üçün sübutların araşdırılması qanunlarla tənzimlənməmiş və qeyri-obyektiv qətnamənin çıxmasına şərait yaradılmışdır. Qətnamə ilə razı deyil. Təqdim etdiyi iddia üzrə işə mahiyyəti üzrə obyektiv baxılmalı və iddiası təmin edilməli idi. Çünki bu barədə bütün sübutlar tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəmə onun sübutlarını nəzərə almadan iddianı qismən təmin etmişdir. Hansı ki, iddianın qismən təmin edilməsinə dair qətnamə onun hüquqlarını pozmuş, ailəsinin ehtiyaclar içərisində yaşamasına şərait yaratmışdır. Məhkəmə prosesində cavabdeh dolayı yollarla iddianın təmin edilməməsinə çalışmışdır. Onun iddiası qanunidir. Tələbi qanuni araşdırılmalı, hüquqlarının bərpası üçün tələbi təmin edilməlidir. Çünki bu onun haqqı və zəhmətidir. Hakim bütün bu sadaladığı faktlara laqeyd yanaşmış, qanunlara istinad edilməyən tərzdə barəsində qətnamə çıxarmış və ağır məşəqqətlər yaşamağına şərait yaratmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və qeyri-obyektivdir. İddiasının tam təmin olunmaması onun hüquqlarını pozduğundan və ehtiyaclar içərisində yaşamağına səbəb yaratdığından əsassızdır. Bu səbəbdən də məhkəmənin qəbul edilmiş qətnaməsini qəbul etmir. Çıxarılmış qətnamə qeyri-obyektivdir, ləğv olunmalı və yeni qətnamə çıxarılmalıdır. Belə ki, iddianın təmin olunmaması zamanı məhkəmə heç bir maddi normaya istinad edə bilməyib. Daha sonra göstərdi ki, 2016-cı ildən işdən çıxana qədər əmək haqqı almayıb, ona verilməli olan əmək haqqı barədə məlumatı olmayıb. Ona əmək haqqı verilməli olduğu barədə 2020-ci ilin aprel ayında xəbərdar olub. Tələb etməyinə baxmayaraq ona məxsus plastik kartı təqdim etmədilər. Ona hədə-qorxu gələrək mənimsəməsi olduğu barədə izahat yazdırdılar. Gətirdiyi sübutlar qanunvericiliyin tələbinə uyğundur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh təşkilatda gedən audit yoxlaması zamanı iddiaçının mənimsəməsinin olduğu aşkar edilmişdir. Bu barədə mülki qaydada tərəfilərindən iddia qaldırılıb. Həmçinin prokurorluqda da müvafiq araşdırılma aparılmaqdadır. Bildirir ki, iddiaçı Cəlilabad rayonunda malların dövriyyəsi ilə məşğuldur. Barəsində danışdığı plastik kart müəssisədədir. İddiaçıya gəlib kartını götürməsi təklif olunsa da gəlməmişdir. Kartda hazırda təxminən 3000 manatdan yuxarı məbləğdə pul olmalıdır, gəlib təhvil ala bilər. Təkrar olaraq qeyd edir ki, iddiaçının 2018-ci il də işdən azad edilməsinin səbəbi mənimsəmə faktının aşkarlanmasıdır. Əmək haqqına dair cədvəlləri də təqdim edib. İddiaçının müqavilə ilə nəzərdə tutulan əmək haqqı məbləği kartına köçürülmüşdür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş edir. Lakin iş mteriallarından eləcə də apellyasiya şikayətindən müəyyən olunur ki, iddia qismən təmin olunmuşdur. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin iddianın təmin olunmamış hissəsindən narazıdır və qətnaməni həmin hissədə mübahisələndirir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 19 aprel 2016-cı il tarixli, İ-165 saylı əmək müqaviləsindən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında 19 aprel 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19 aprel 2016-cı il tarixli, İ-165 saylı maddi məsuliyyət haqqında müqaviləyə əsasən İddiaçı oğlu işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə vetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyi öhdəsinə götürür: ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; müəssisənin, idarənin, təşkilatın rəhbəliyinə vaxtlıvaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; etibar edilmiş maddi sərvətlərin, pul vasitələrinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir; etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. «X1 LTD» MMC tərəfindən aşağıdakı tələbləri yerinə yetirməyi öhdəsinə götürür: ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasna və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün şərait yaratmalıdır; işçini maddi sərvətlərin qorunub saxlanılması və maddi ziyanın ödənilməsinə dair qüvvədə olan tam maddi məsuliyyət haqqındakı qanunvericilik aktlarının tələblərilə, həmçinin müəssisəyə, idarəyə, təşkilata dəyən ziyanın maddi məsul şəxs tərəfindən ödənilməsi barədə təlimatlarla, normativlərlə və eyni zamanda saxlama, qəbul etmə, emal etmə, satış (buraxılış: yaxud verilmiş maddi sərvətlərin məsrəfi və başqa qaydalarla əvvəlcədən tanış etməlidir; müəssisə üzrə müəyyən olunmuş qaydalara uyğun inventarizasiyanı həyata keçirməlidir; maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə təşkilata dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra ödənişinin mövcud qanunvericiliyin tələblərinə uyğun tələb etmək, maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İş materiallarında olan «X1 LTD» MMC-nin 99/k saylı, 15 avqust 2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş cədvəldən görünür ki, İddiaçı «Rabitəbank» vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği 3009,79 manat təşkil edir. Müəyyən edilmişdir ki, İddiaçı 19 aprel 2016-cı il tarixdən cavabdeh təşkilatla əmək müqaviləsi bağlamaqla həmin təşkilatda "ekspeditor" vəzifəsinə işə qəbul edilmiş, bağlanmış əmək müqaviləsinə görə ona hər ay 250 manat əmək haqqı verilməsi nəzərdə tutulmuş və İddiaçı əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi hüquqlarını müdafiə etdiyi "xxxx" MMC-nin özəl müəssisə olduğunu, İddiaçı şirkətdə ekspeditor işlədiyinə görə vəzifə maaşından kənar əlavə ödənişlər edildiyini və əlavə ödənişlərin daxilində idiaçıya vəzifə maaşının da ödənildiyini bildirmiş, əlavə ödənişlərin ödənilməsi məhkəmədə təsdiqini tapsa da əmək haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilat həmin halları təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş cədvəldən görünür ki, İddiaçı «Rabitəbank» vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği 3009,79 manat təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh "Aysu Qida-Sənaye LTD” MMC-dən 3009,79 manat əmək haqqı məbləği cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «d» bəndinə əsasən əmək müqaviləsi üzrə işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Bundan başqa məhkəmə iddia tələbinin əmək haqqı qanunsuz saxlanıldığına görə hər gün üçün 3% ödənilməsi hissəsinin də qismən təmin olunması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmədə işin faktiki hallarından görünür ki, İddiaçı işlədiyi illər ərzində əmək haqqını cavabdeh təşkilatın təqsiri nəticəsində almamışdır və məhkəmə tərəflər arasında balansı nəzərə alaraq hesab etmişdir ki, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə Məcəllənin “əmək mübahisələribölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə iddia tələbinin Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissələrlə bağlı sübutlar və əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manat cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir, məhkəmə kollegiyası məhkəmənin gəlmş olduğu nəticə ilə razılaşır. Apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin iddianın təmin olunmayan hissəsindən narazıdır və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətindən görünür ki, iddiaçı cavabdeh təşkilat tərəfindən onun əmək haqqı kartının və əmək haqqı olaraq 14.000 manat pulun tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh təşkilat əmək haqqı kartının cavabdehə verilməsindən heç bir zaman imtina etməmişdir. O, istədiyi vaxt müraciət edib ala bilər. Bundan başqa iddiaçı cavabdeh tərəfindən 2016-cı il tarixdən indiyədək ona hesablanmış 14.000 manat əmək haqqının tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də buna dair hər hansı bir sübüt təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-cı maddəsinin tələblərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-365/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3267/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3267/2021
15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver