Məhkəmə qərarları › İş №2(105)-328/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-328/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-328/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ( Açar sözlər: avtomobilə dəymiş ziyan- pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı2 ərizəsinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 232- 1 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTByə göndərilmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(074)- 185/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir.

3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21703” minik markalı, 99DT170dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir.

4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/58 nömrəli ekspert rəyindən görünür ki, “Şamaxı Avtomotoservis və Ticarət müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Vaz 21703” markalı, 99- DT-170 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 820 manat müəyyən edilir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəsdən törədilmiş avtoqəza hərəkətinə görə maddi ziyanın əvəzi kimi cavabdehdən 1820 manat pul, habelə cavabdehin İddiaçı2 söydüyü söyüş-təhqirlərə görə iddiaçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində iddiaçının keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə dəymiş əlavə maddi və mənəvi zərər nəzərə alınmaqla, o cümlədən dörd aya 1200 manat pul, ümumilikdə cəmi 3020 manat pulun alınaraq onlara ödənilməsi, habelə ödənilmiş 50 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 aprel 2022-ci il tarixdə saat 15:10 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində idarəetdiyi avtomobili Sakit Abbasovun “Vaz 21703” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə iki dəfə vurmaqla iddiaçılara məxsus əmlaka qəsdən ziyan vurmuşdur. Bununla yanaşı o, iddiaçıya qarşı nalayiq ifadələr işlətmişdir. Cavabehin onlara məxsus avtomobilə qəsdən ziyan vurması nəticəsində 820 manat avtomobilə, maşında olan 1000 manat dəyərində olan televizor isə tamamilə yararsız vəziyyətə düşmüşdür. Şamaxı rayon polis şöbəsinə müraciət etmiş, Şamaxı rayon Polis şöbəsinin 31 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və baş vermiş hadisə zamanı X6 əsas götürməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri qeyd olunmaqla iş materialları məhkəməyə göndərilmişdir. İş materialları Şamaxı Rayon Polis Şöbəsində olarkən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə mütəxəssis təyin edilmiş və Şamaxı rayon avtomotoservis və ticarət müəssisəsinin sex rəisi tərəfindən verilmiş rəydə ümumilikdə avtomobilə 820 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. İş üzrə Şamaxı Rayon məhkəməsinin 3(074)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında yazılanlardan aşkar görünür ki, Cavabdeh günahkar olduğunu etiraf edərək qəsdən onun avtomobilinə ziyan vurduğunu bildirmiş, əməlindən peşman olmasını və bir daha belə hadisə törətməyəcəyinə söz vermişdir. Bununla belə cavabdehin təqsiri nəticəsində baş vermiş hadisə zamanı onlara məxsus “Vaz 21703” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və avtomobildə olan 1000 manat dəyərində televizor tam yarasız hala düşmüşdür

7. Şamaxı Rayon Məhkəməsinin (hakim N.İsmayılov) 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X4 vurulmuş maddi ziyana görə 820 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************4, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı sübiutlarla təsdiq olunduğundan qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 820 manat məbləğində pul cavabdeh X4 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin avtomobildə olan televizorun zədələnməsinə görə 1000 manat pulun və iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində iddiaçının keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə dəymiş əlavə maddi və mənəvi zərərə görə 1200 manat pulun tutulmasına dair hissəsini araşdıraraq hesab edib ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən heç bir sübut iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə iclasında təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə əsassız qətnamə qəbul etmişdir. İddia ərizəsində qeyd olunan həqiqəti əks etdirmir. Belə ki, baş verən yol-nəqliyyat hadisəsi təsadüfən baş vermişdir. Lakin iddiaçılar iddia ərizəsində qəzanın onun tərəfindən qərəzli şəkildə törədildiyini iddia edirlər. Həmin qəza nəticəsində Sakit Abbasova məxsus avtonəqliyyat vasitəsinə ümumilikdə 150-200 manat məbləğində ziyan dəymişdir. Məhkəmə isə həmin məbləği 820 manat müəyyən etmişdir ki, bu ağlabatan mövqe hesab edilə bilməz. Avtomobilə dəymiş ziyan az məbləğdə olduğu üçün dərhal nəqliyyat vasitəsini təmir edən iddiaçılar, öz tanışları olan avtoservisdə qüsur aktı tərtib ediblər. Məhkəmənin qərarında qeyd olunan məbləğ real dəymiş ziyan məbləğinə uyğun gəlmədiyi üçün avtomobilə dəymiş ziyanın, yenidən hesablanmasını zəruridir. Göstərilənlərə əsasəna apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ziyan məbləği həddindən yüksəkdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə dəymiş ziyan ümumilikdə 100 manat dəyərindədir. Həmin məbləği ödəməyə hazırdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Cavabdeh ona məxsus avtonəqliyyat vasitəsini qəsdən yararsız hala salmışdır. Dəymiş ziyanın məbləği iş materiallarında olan ekspert rəyi ilə təstiq olunur. İşə baxan məhkəmə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətdə qeyd olunanlar həqiqəti əks etdirmir. Cavabdeh ziyan məbləğini mübahisələdirsə də, keçən müddət ərzində avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi üçün könüllü heç bir addım atmamışdır. Avtonəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı iş materiallarında sübutlar vardır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. .

17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

23. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

24. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

26. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

27. Baxılan işdə cavabdehin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, cavabdehin əməli ilə iddiaçının düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(074)- 185/2022 saylı qərarının surətindən də görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın təsviri hissəsində cavabdeh tərəfindən iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə zərər vurulduğu müəyyən edilmişdir.

28. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Beləliklə deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə Cavabdeh tərəfindən idarə edilən avtonəqliyyat vasitəsinin sonuncunun təqsiri üzündən zərbə nəticəsində ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığı kimi, işin bu halı cavabdeh tərəfindən qəbul edilmiş və mübahisələndirilməyən haldır.

30. Apellyasiya şikayətinin məzmunundan aydın olduğu kimi hazırda iddiaçının avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği barədə tərəflər arasında mübahisə qalmaqdadır.

31. Apellyasiya şikayətinin iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin qətnamədə müəyyən edilmiş məbləğdən daha az olması ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiyası məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanın məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və avtomobilə dəymiş ziyan məbləğini müəyyən edərkən haqlı olaraq qüsur aktına və ekspert rəyinə istinad etmişdir.

32. Cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin “şişirdiyildiyini”, bu məbləğin əslində 100 manat təşkil etdiyini bildirsə də, bununla bağlı hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmiş, etirazlarını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.

33. İşdən müəyyən edildiyi kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı iş materiallarında həm müstəqil qiymətləndiricinin, həm sığorta şirkətinin fərqli məbləğdə qiymətləndirməyə dair sənədləri vardır. İşə baxan məhkəmə yaranmış ziddiyyətli məqamın aradan qaldırılması məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilən ekspert rəyində iddiaçıya məxsus “Vaz 21703” markalı, 99- DT-170 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 820 manat müəyyən edilmişdir.

34. Kollegiya cavabdeh tərəfin bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

35. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan məbləği kimi mötəbər sübut qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/58 nömrəli ekspert rəyinə istinad edilməsi barədə işə baxan məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.

37. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın rədd оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şamaxı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar