Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3286/2020 09.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4861/2018 saylı qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən 3397 (üç min üç yüz doxsan yeddi) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3427 (üç min dörd yüz iyirmi yeddi) manat pul tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim Ş.Nəcəfova) Cavabdeh2 ASC-nin Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 ASC qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən 3397 (üç min üç yüz doxsan yeddi) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişin məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh2 ASC Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, qətnamədən verilmiş apellyasiya şikayəti poçt vasitəsilə deyil, nümayəndəsi ilə məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Məhkəmə dəftərxanasının səlahiyyətli nümayəndəsi təqdim olunmuş şikayəti və şikayətə əlavə olunmuş sənədləri bir-bir yoxladıqdan sonra apellyasiya şikayətini qəbul etmiş, öz imzası və möhürü ilə təsdiq etmişdir. Əgər apellyasiya şikayətinə dövlət rüsumu barədə qəbz əlavə edilməsəydi, dəftərxana işçisi həmin şikayəti qəbul etməkdən imtina edərdi. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti şikayətə əlavə edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını dövlət rüsumunun ödənilməsinə dair qəbzin sənədlərə əlavə edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1. maddəsinin məzmununa görə apellyasiya və kassasiya şikayətləri verilməsi üçün həmin qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətini dövlət rüsumunun ödənilməsi barədə qəbzin sənədlərə əlavə edilməməsi əsas gətirərək, geri qaytarmışdır. Lakin cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, apellyasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilməsi barədə qəbz sənədlərə əlavə edilmişdir. Həmçinin onlar şikayətə həmin qəbzin surətini əlavə etmişlər. Həmin qəbzə əsasən Cavabdeh2 ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlinmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ASC-nin şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti mümkünlük məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 ASC-nin şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Apellyasiya şikayətinin mümkünlük məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-3286/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3286/2020
09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver