Məhkəmə qərarları › İş №2(105)-3297/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3297/2021

13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3297/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və mənəvi ziyan tələbinə dair» ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1250 (bir min iki yüz əlli) manat maşına görə verilən pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin mənəvi zərər hissəsində rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsinin ləğv edilməsi, cavabdehdən 25250 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25250 (iyirmi beş min iki yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, ilkin iddianın rədd edilməsi, ona məxsus olan “Hyundai Sonata” markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınıb ona verilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, iddia tələbinin ona məxsus olan “Hyundai Sonata” markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınıb ona verilməsi hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Cavabdeh təxminən 2018-ci ilin sonlarında tanımış, həmin vaxt özünə avtomobil almaq istədiyindən tanışlarından maraqlanıb mobil telefon nömrəsini tapmış və onunla telefon danışığı zamanı Elgizin Sumqayıt şəhəri, 41a məhəllə ərazisində yerləşən, adı “CARS 200” olan avtomobil salonunda işlədiyini öyrənmişdir. Bundan sonra Sumqayıt şəhərinə gələrək avtosalondakı 2011-ci il buraxılışlı “Mercedes C-class” markalı avtomobilə baxıb bəyənmiş və həmin avtomobilin qiymətini 33.000 manata razılaşaraq almışdır. Həmin avtomobili təxminən 10 ay müddətində idarə etmiş və bundan sonra özünə “Prado” markalı avtomobil almaq istədiyindən ilk aldığı avtomobili götürüb Sumqayıt şəhərinə gəlmiş və Elgizə bu barədə demişdir. Elgiz ona almaq istədiyi “Prado” markalı avtomobil tapacağına söz verdiyindən, ondan aldığı “Mercedes” markalı avtomobilin qiymətini 24.000 manata razılaşdırıb, avtomobili satılması üçün avtosalona təhvil vermişdir. Aradan təxminən bir həftə keçmiş, Elgiz ona zəng vurub “Prado” markalı avtomobil tapmadığını, ancaq yaxşı vəziyyətdə olan “Hyundai İX-35” markalı avomobil olduğunu bildirmiş və həmin avtomobili almağını məsləhət görmüşdür. Avtomobilə baxıb bəyəndiyindən qiymətini 29.500 manata razılaşaraq həmin avtomobili almış, ilk olaraq “Mercedes” markalı avtomobili salona təhvil verərkən avtomobilin qiymətini 24.000 manata razılaşdığından, avtomobili almaq üçün əlavə 5.000 manat pul ödəmiş, qalan 500 manat pulu isə sonradan ödəyəcəyinə söz vermişdir. Avtomobili bir neçə gün ərzində idarə etdikdən sonra müəyyən nasazlıqlarının olduğunu öyrənmiş və Elgizə zəng vurub bu barədə bildirmişdir. Elgiz avtomobili geri qaytarmağına razılıq vermiş, üç gün sonra avtomobili qaytarıb salona gətirmişdir. Əlavə pul verərək birdəfəlik istədiyi “Prado” markalı avtomobil almağında köməklik göstərməsini Elgizdən xahiş etmişdir. Elgiz bununla maraqlanacağını, nəticə olarsa məlumat verəcəyini bildirmişdir və həmin vaxt fikrinin ciddi olduğunu bildirmək üçün Elgizə əlavə olaraq 6000 manat da pul vermişdir. Bundan sonra “Hyundai İX-35” markalı avtomobili götürüb getmişdir. Təxminən bir ay sonra Elgiz təkrar əlaqə saxlayıb onu avtomobil salonuna çağırmış, gəldikdən sonra Elgiz salonda satışda olan “Hyundai Sonata” markalı avtomobili göstərib həmin avtomobili almağını təklif etmiş, avtomobilə baxıb bəyəndiyindən, qiymətini 24.000 manata razılaşaraq avtomobili almışdır. Sonradan avtomobilə yanacaq doldurmaq istəyərkən avtomobilin benzin yanacağı ilə deyil, qazla işlədiyini öyrənmişdir. Daha sonra bu barədə zəng vurub məlumat verdikdə Elgiz, avtomobili bir neçə gün idarə etməyini, əgər bəyənməsə bundan sonra avtomobili geri qaytarmağını məsləhət görmüşdür. Avtomobili idarə edərkən istifadə etdiyi qaz yanacağının ucuz qiymətə olduğunu görüb ilk olaraq özündə saxlamaq qərarına gəlmişdir. Həmin müddətdə Elgiz ona verdiyi ümumilikdə 35.000 manat puldan 24.000 manat avtomobilin dəyərini çıxdıqdan sonra 9.750 manat pul qaytarmış, o, isə aralarında olan ticarət münasibətlərinə görə Elgizdən 1.250 manat pulu almamış və beləlikə avtomobilə ümumilikdə 25.250 manat vermişdir. Avtomobili təxminən iki həftə ərzində idarə etmiş, ancaq müəyyən nasazlıqları olduğunu görmüşdür. Hətta avtomobilin təmirinə Elgizin məlumatı olmaqla 800 manat pul xərcləmiş, ancaq təmir etməyin mümkün olmadığını gördükdə geri qaytarmaq qərarına gəlmişdir. Dəqiq tarixi xatırlamasa da təxminən 06.02.2019-cu il tarixdə saat 13-14 radələrində avtomobili götürüb qohumu Bəhruzla birlikdə avtosalona gəlmiş və Elgizdən avtomobili geri götürməsini, pulunu verməsini tələb etmişdir. Elgiz isə avtomobili salona qaytarıb gözləməyini, həmin müddətdə ya avtomobili satıb pulunu verməsini, ya da altı ay müddətində avtomobilin pulunu hissə-hissə qaytarmasını təklif etmişdir, ancaq bu təkliflə razılaşmamış, həmin vaxt orda olan Elgizin qardaşı Aqil ünvanına nalayiq ifadə işlədərək onu söyüb təhqir etmiş və yumruqla sağ üz nahiyəsindən bir zərbə vurmuşdur və bundan sonra kirvəsi Bəhruz və Elgiz araya girib Aqili sakitləşdirmək istəsələr də, bu dəfə Aqilin kirvəsi Emil ora gəlib yumruqla baş nahiyəsinə bir zərbə vurmuş, daha sonra Aqil qoluna girib onu avtosalonun içərisnə dəvət etmişdir. Həmin vaxt Aqil başını kəsib öldürəcəyini və qanını batıracağını deməklə hədələmişdir. Emil isə daha sonra içəridə olan mətbəxə tərəf getmiş, içəridə olan Ağa adlı şəxs və adını bilmədiyi şəxs isə üstünə düşüb yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamışlar. Bu müddətdə Emil getdiyi mətbəxdən əlində vintaçanla geri qayıdıb başına zərbə vurmaq istədikdə, özünü müdafiə etmək üçün hər iki əlini baş nahiyəsinə aparıb zərbənin qarşısını almağa cəhd etmiş, Emilin əlində olan vintaçanla vurduğu zərbə sağ əlinə dəyib xəsarət yetirmiş, bundan sonra Bəhruz və Elgiz araya girib onu həmin şəxslərin əlindən almış, onu döyüb xəsarət yetirmiş şəxsləri sakitləşdirmişdilər. Bundan sonra Elgiz heç bir yerə şikayət etməməsini deyərək avtomobil almaq üçün verdiyi 25.250 manat pulu geri qaytaracağına söz verdiyindən, razılaşıb çıxıb getmiş və vaxt tamam olanda zəng vurmuş və Elgiz əlavə olaraq bir həftə də vaxt istəmiş, beləliklə aradan üç həftə vaxt keçmiş, ancaq pul geri qaytarılmamışdır. Sonra isə pulunun geri qaytarılmasını istəsə də heç bir nəticəsi olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin müddətdən sonra qeyd edilən avtomaşın heç vaxt onun tərəfindən idarə edilməmişdir. Məhkəmə dövründə Cavabdeh özü etiraf etmişdir ki, “Hyundai Sonata” markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobilin hal-hazırda harda olması barədə DİNBDYPİ-nə sorğu vermişdir. Buradan aydın olur ki, qarşı tərəf ona sataraq pulunu aldığı maşını həm də mülkiyyətçi kimi axtarışa verib. Cavabdehin sonradan tələbin azaldılması və o hissədən imtina edilməsi planlaşdırılmış bir hərəkətdir və hesab edir ki, bu kimi hərəkətlər ədalət mühakiməsinə kölgə salır. Mülki Məcəllənin 5681-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Burdan da görünür ki, cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanın, yəni maşının dəyərindən aşağı olan maşın vermişdir. Ödədiyi məbləğə dəymədiyindən maşını onlara qaytarmışdır. Cavabdeh qarşılıqlı iddia verməkdə dolayısı ilə etiraf etmişdir ki, maşını ona təhvil verməmişdir. Məhkəmə baxışında cavabdeh maşının son olaraq 25.250 manat qiymətə razılaşmasını etiraf etmişdir. Daha sonra göstərdi ki, “Hyundai Sonata” markalı avtomobili aralarındakı münaqişədən bir həftə əvvəl, 2018-ci ildə 25250 manata Aqildən alıb, Elgiz vasitəçi olub. Maşını alanda ofisdə Aqil, Elgiz və Emil adlı şəxslə söhbət etmiş, onlara “Mercedes C-class” markalı avtomobil və 11000 manat nağd pul vermişdi. Pulu masanı üzərinə qoydu, Elgiz götürüb saydı, bundan sonra seyfə qoydu. Maşını alarkən nəzərdən keçirməmişdi, uzun illərdir maşın idarə etsə də benzinlə yoxsa qazla işlədiyini özü ayırd edəcək qədər təcrübəsi yoxdur. Həmin maşını avtosalondan Sumqayıt şəhəri, 8ci mikorayonda yerləşən «Zirvə» şadlıq sarayına çatana qədər sürüb orada da saxladı, bir daha sürmədi. Bir neçə gündən sonra Türkiyəyə getdi, qayıdanda bildi ki, qardaşı həmin maşınla qəza törədib, bamperin altı qırılmışdı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh onun xeyrinə 25.250 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, müvəkkilinin izahatını təsdiq edir. Əlavə olaraq bildirir ki, qarşı tərəf müvəkkilinə borclu olmasını birinci instansiya məhkəməsində etiraf edir və bu məsələ məhkəmə iclas protokollarında da əks olunmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh oğlundan müvəkkilinin xeyrinə 25.250 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh nümayəndə və vəkili X3 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışlar. İddiaçı müvəkkilinin onun tələb etdiyi məbləğdə borcu yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsini tərəflər mübahisələndirməmişlər. Bu səbəbdən qətnamənin qeyd edilən hissəsi müzakirə edilmir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24.09.2020-ci il tarixli, 1(060)225/225 saylı hökmünün surətindən görünür ki, X4 06.02.2019-cu il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “200 CARS” avtosalonda İddiaçı qaytarmaq istədiyi «Hyundai Sonata» markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobil ilə qəza törədilmədiyini iddia edərək nalayiq sözlər dediyi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan vintaçanla sonuncunu bir dəfə vurub sağ əlin cırılmış yarası kimi xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh 25.250 manat maddi ziyana görə pul tələb etsə də birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Belə ki, məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh İddiaçı 25.250 manat deyil, 1250 manat borclu qaldığını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh-iddiaçının etiraf etdiyi hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz nərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, ztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ctimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, əyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Müəyyən edilmişdir ki, iş üzrə iddiaçı-cavabdeh İddiaçı Cavabdeh tərəfindən ona 10.000 manat məbləğində mənəvi ziyanın vurulması barədə iddia qaldırsa da buna dair heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Apellyasiya şikayətindən görünür ki, apelyant Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh onun xeyrinə 25.250 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının dəlilləri iş materialları ilə təkzib olunur, həmin dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında izahat verərkən də şikayətinin dəlillərini əsaslandıracaq hər hansı bir sübutu təqdim edə, əsaslandıra bilmədi. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli avtomobili aldığı vəziyyətdə geri qaytarmasını bildirsə də, buna da sübut təqdim etməmişdir. Həmçinin qeyd edilən faktı izahatı ilə təkzib etmişdir. Belə ki, izahatında göstərmişdir ki, özü Türkiyəyə getmiş, qayıdanda bilmişdir ki, qardaşı həmin maşınla qəza törətmiş, bamperin altı qırılmışdı. Həmçinin qeyd edilən avtomobilin cavadbehə qaytarılması barədə hər hansı sübut mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Rnespublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə İddiaçı dair hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar