Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-332/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələrinə görə ödənilməmiş 446500 manat pulun və dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-287/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-287/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim E.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-287/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 446500 manat məbləğində pulun, mənəvi ziyana görə 100000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə alıcı X6 arasında ünvan 2ndə yerləşən ümumi sahəsi 67,2 kv.metr olan, 59,2 kv.metr əsas, 8,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının alqısatqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı qeyri-yaşayış binasını alıcıya 27000 manata satmışdır. Həmin müqaviləyə aid notariat işinin surətində olan sənədlərdən görünür ki, satılan daşınmaz əmlak xx.xx.2008-ci il tarixli, MH ******* saylı dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. Müqavilə bağlanılan zaman Cavabdeh öz adına verilmiş xx.xx.2009-cu il tarixli, ƏN-İ 129195 saylı etibarnamə əsasında çıxış etmişdir. Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə alıcı X6 arasında Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsi, 16 ünvanında yerləşən ümumi sahəsi 499,9 kv.metr olan, 376,4 kv.metr əsas, 123,5 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasının alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı qeyri-yaşayış binasını 400000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Həmin müqaviləyə aid notariat işinin surətində olan sənədlərdən görünür ki, satılan daşınmaz əmlak xx.xx.2008-ci il tarixli, MH ******* saylı dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. Müqavilə bağlanılan zaman Cavabdeh öz adına verilmiş xx.xx.2009-cu il tarixli, ƏN-İ 129194 saylı etibarnamə əsasında çıxış etmişdir. Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə alıcı X6 arasında Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsindəki 6 saylı evin 3 saylı mənzilinin alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı mənzili 19500 manata alıcıya satmışdır. Həmin müqaviləyə aid notariat işinin surətində olan sənədlərdən görünür ki, satılan daşınmaz əmlak xx.xx.2009-cu il tarixli, MH ******* saylı dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. Müqavilə bağlanılan zaman Cavabdeh öz adına verilmiş xx.xx.2009-cu il tarixli, AR-İ 083442 saylı etibarnamə əsasında çıxış etmişdir. Cavabdeh onun adından alqı-satqı müqavilələrini imzalamaqla, ona məxsus üç daşınmaz əmlakını satsa da, həmin müqavilələr üzrə aldığı məbləğlərin heç birini ona ödəməmişdir. Halhazıradək həmin alqı-satqı müqavilələrindən əldə olunan vəsait ona təqdim olunmamışdır. Bununla da, cavabdeh tərəfindən ona 446500 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əsəb sarsıntısı, mənəvi iztirab keçirmiş, sağlamlığında problemlər yaranmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 100000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından ləğv olunmalıdır. Belə ki, iddianın rədd edilməsi barədə nəticəyə gələrkən məhkəmə onun etibarnamə üzrə nümayəndəsi X7 notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli ərizəsinə istinad etmişdir. Bu ərizə isə uzun illər ərzində axtardığı Cavabdehla söhbətləşəndən sonra, yaranmış problemin həll edilməsində ona etimad edilməsi nəticəsində yazılmışdır. Cavabdeh inamından istifadə edərək aralarında razılaşdırılmış qəbzi özünə sərf etdiyi kimi tərtib etmiş, onu notariat kontorunda A.Əliyevə təqdim etmiş, nümayəndə isə onunla 12 saatlıq zaman fərqi olduğu üçün (iddiaçı hazırda ABŞ-dadır) əlaqə saxlaya bilməmiş və Eminə inanaraq həmin qəbzi olduğu kimi imzalamışdır. Onun adından Cavabdeh xx xxxxxx 2009-cu ildə etibarnamə verilsə də, alqı-satqı əməliyyatlarından onun 2010-cu ilin ortalarında xəbəri olmuşdur. 2012-ci ilin ortalarında isə onu taparaq məsələni həll etməsini tələb etmişdir. Bundan başqa, məhkəmənin mübahisəyə iddia müddəti tətbiq etməsi də qanunsuzdur, çünki onunla Cavabdeh arasında heç bir müqavilə olmadığından ona qarşı qaldırılan tələbə də iddia müddəti tətbiq edilə bilməz. Bundan başqa, alqı-satqı edilmiş əmlakların müqavilələrin etibarsız hesab edilməsi yolu ilə geri qaytarılması barədə məhkəmələrdə mübahisə araşdırılmış və Ali Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə bu müqavilələrin qanuniliyi barədə çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Yalnız bundan sonra Cavabdeh qarşı hazırkı tələblə məhkəməyə müraciə etmişəm və burada iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bu hallara məhkəmə qətnaməsində düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, pulun tutulması barədə onun iddiası təmin edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi X10 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hazırda alqı-satqı müqavilələrinin etibarsızlığından söhbət gedə bilməz, çünki bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin alqı-satqı müqavilələrində qeyd edilmiş əmlakların dəyəri onları satana ödənilməmişdir. Bu əməliyyatda isə satıcını Cavabdeh təmsil etdiyindən hazırkı iddia ona qarşı qaldırılmışdır və bu əsaslı iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib göstərdi ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmış və ədalətli qərar qəbul etmişdir. Buna görə də şikayət təmin olunmamalıdır. Cavabdeh əlavə etdi ki, iddiaçını şəxsən tanımır, İddiaçıı yalnız bir dəfə- 2009-cu ildə görmüşdür. İddiaçı 2013 və 2015-ci illərdə də mütəmadi olaraq başqa şəxslərə qarşı eyni tələblərlə bağlı məhkəmələrə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edəndə ona zəng edərək demişdir ki, ona borcu olmadığını bilir, məhkəmədə çıxışında da ona heç bir borcunun olmadığını söyləyəcəkdir. Belə ki, həmin dövrdə onun İddiaçı adından etibarnamə əsasında çıxış etməyi sırf formal xarakterli olmuşdur və həmin vaxtadək onun İddiaçıla tanışlığı yox idi. Bunu ondan işlədiyi yerdən xahiş etmişdilər ki, Nazim Dəmirov adlı şəxsin əmlak məsələlərilə bağlı sənədləşmə işində iştirak etsin. İddiaçının əmlakı ilə bağlı məsələlər 2009-cü ilin avqust ayında olmuşdur. Həmin dövrdə o, işlədiyi yer vasitəsilə Nazim Dəmirov adlı şəxslə əlaqələndirilmiş və sonuncuya bəzi hüquqi xidmətlər göstərmişdir. Nazim Damirov və İddiaçı arasında bir-birinə qarşı müxtəlif əmlak iddiaları var idi. Məhz həmin ərəfədə İddiaçı adından ona etibarnamə verilmişdir. Ondan əvvəl o, İddiaçı tanımamışdır, iddiaçını ilk dəfə ona verilən etibarnamələri imzalayarkən, notariat kontorunda görmüşdür. İddiaçı kontora gəlib, hazır sənədləri imzalayıb və getmişdir. Alıcını da o tanımamışdır, tək məlumatı bu olub ki, alıcı, Nazim Dəmirovla əlaqəli adamdır. Alıcı ilə əmlakların alqı-satqısı ilə heç bir sövdələşməsi olmamışdır, əmlaklara görə heç bir pul almamışdır, bunda maddi və digər marağı olmamışdır, hətta əmlakların harada yerləşməsindən xəbəri yox idi. Beləliklə iddiada göstərilən alqı-satqı müqavilələri və onun həmin alqı-satqı müqavilələrində təmsilçiyi formal xarakter daşımışdır, müqavilələr üzrə heç bir məbləğ ödənilməmişdir və xüsusilə də ona həmin qeyd olunan müqavilələr üzrə heç bir məbləğ ödənilməmişdir. İddiaçı 2018-ci ilin fevral ayında öz salahiyyətli nümayəndəsi vasitəsilə notarial qaydada təsdiq edilmiş məktub vermişdir və ona qarşı heç bir iddiasının olmamasını qeyd etmişdir. Satılan əmlakların dəyəri notariusun depozit hesabına ödənilsə də, o, bundan xəbərsiz olmuşdur. Digər tərəfdən də həmin pulu notariusun depozitindən satıcı olaraq İddiaçı özü də götürə bilərdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan AN-İ ******* saylı, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə alıcı X6 arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı ona məxsus olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını 27000 manata alıcıya satmış, alıcı da həmin qiymətə almışdır. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə alıcı X6 arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı ona məxsus olan, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasını 400000 manata alıcıya satmış, alıcı da həmin qiymətə almışdır. Yenə iş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə alıcı X6 arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı ona məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsi, 6 saylı evdə yerləşən 3 saylı mənzili 19500 manata alıcıya satmış, alıcı da həmin qiymətə almışdır. Yenə də iş materiallarında olan Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiqlənmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı etiraf etmişdir ki, 2009-cu ildə ona məxsus daşınmaz əmlakların alqı-satqısında onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh iştirakı yalnız formal xarakter daşımışdır və Cavabdeh aşağıda qeyd olunan alğı-satqı müqavilələri üzrə heç bir ödəniş almamış və onun Cavabdeh qarşı heç bir iddiası yoxdur və Cavabdeh heç bir pul tələbi yoxdur. Belə ki, xx.xx.2009-cu il tarixdə onun adından verilmiş ƏN-İ 129194, ƏN-İ 129195 və AR-İ 083442 saylı etibarnamələr əsasında Cavabdeh ünvan 2ndə yerləşən ümumi sahəsi 67,2 kv.m, 59,2 kv.m əsas, 8,0 kv.m köməkçi-sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının alqı-satqısına dair AN-İ ******* saylı, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 499,9 kv.m, 376,4 kv.m əsas, 123,5 kv.m köməkçi sahadən ibarət qeyri-yaşayış binasının alqı-satqısına dair AN-İ ******* saylı və Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsi 6 saylı evin 3 saylı mənzilinin alqı- satqısına dair AN-İ ******* saylı daşınmaz əmlakların alğı-satqı müqavilələrini imzalamışdır və həmin müqavilələr çərçivəsində faktiki olaraq heç bir ödəniş və pul köçürmə əməliyyatı həyata keçirilməmişdir. Qeyd olunan bu müqavilələr imzalanan andan ona məlumdur ki, bank qəbzlərinin imzalanmasına baxmayaraq Cavabdeh heç bir ödəniş almamış, alğı-satqı müqavilələrində qeyd olunan hər hansı bir məbləğ ona verilməmişdir. Qeyd olunanların həqiqət olduğunu imzası ilə təsdiq edir və Cavabdeh qarşı iddia və tələbi yoxdur. İşə əlavə edilmiş 3 alqı-satqı müqaviləsilə bağlı notariat işlərindən görünür ki, AN-İ ******* saylı, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi alıcı X6 Bakı 5 saylı DNK-nin “xxxx” ASC-dəki bank hesabına 27000 manat, AN-İ ******* saylı, xx.xx.2009cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı X6 Bakı 5 saylı DNK-nin “xxxx” ASC-dəki bank hesabına 400000 manat və AN-İ ******* saylı, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi alıcı X6 Bakı 5 saylı DNK-nin “xxxx” ASC-dəki bank hesabına 400000 manat pul ödəmişdir. Həmin notariat işlərində İddiaçı nümayəndəsi Cavabdeh 21 və xx xxxxxx 2009-cu il tarixli ərizələrindən görünür ki, qeyd edilmiş məbləğlərin müvafiq müqavilələrin notarius tərəfindən təsdiqlənməsindən sonra, kontorun depozit hesabı vasitəsilə ödəniləcəyi ona izah edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələrinə görə ödənilməmiş 446500 manat pulun və dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiasını rədd edərkən İddiaçı tərəfindən qanunla nəzərədə tutulmuş 10 illik iddia müddətinin ötürülməsinə istinad etmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiqlənmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 2009-cu ildə İddiaçı məxsus daşınmaz əmlakların alqısatqısında İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh iştirakı yalnız formal xarakter daşımışdır və Cavabdeh sözügedən alğı-satqı müqavilələri üzrə heç bir ödəniş almamışdır və İddiaçı Cavabdeh qarşı heç bir iddiası, pul tələbi yoxdur və hal-hazırda da məhkəmədə sübutların tədqiqatı zamanı ərizədə qeyd olunan xüsusatları təkzib edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki işin mübahisə predmetini pul vəsaiti təşkil edir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu təmsil etmiş Cavabdeh alqı-satqı müqavilələri ilə satıcı kimi ona çatası (satdığı əmlaklarının dəyəri olan) 446500 manat məbləğində pulun, mənəvi ziyana görə isə 100000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan 3 ədəd daşınmaz əmlakı nümayəndəsi vasitəsilə 21 və xx xxxxxx 2009-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən X1. İş materiallarından görünür ki, K.Ə.Balakişiyev 3 ədəd əmlaka görə notariat kontorunun depozitinə ümumilikdə 446500 manat pul ödəmişdir. Mülki Məcəllənin 567-ci maddsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Alqı-satqı müqavillərinə əsasən satılmış daşınmaz əmlakların dəyəri olan ümumilikdə 446500 manat pul həmin tarixdən İddiaçı mülkiyyəti hesab edilir, bu tip mübahisələrə isə iddia müddəti tətbiq edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddia tələbinin digər hissəsini dəymiş mənəvi zərərin əvəzinin tutulması təşkil edir. Belə ki, 384.0 1 və 384.0.4-cü maddələrinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə və mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, mülkiyyət hüququ və mənəvi zərərlə bağlı tələbə iddia müddəti tətbiq etmişdir ki, bu da mülki qanunvericiliyə birbaşa ziddir. İddianın bu əsasla təmin edilməməsi isə məhkəmə kollegiyasının qənaətinə görə yolverilməzdir. Bununla belə, yuxarıda da qeyd edildiyi kimi, İddiaçı mülkiyyətində olan 3 ədəd daşınmaz əmlakı nümayəndəsi vasitəsilə 21 və xx xxxxxx 2009-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən X2, K.Ə.Balakişiyev isə bu əmlaklara görə notariat kontorunun depozitinə ümumilikdə 446500 manat pul ödəmişdir. İşə əlavə edilmiş notariat işlərində qeyd edilən məbləğin “xxxx” ASC-nin İnşaatçılar filialında Bakı 5 saylı Dövlət Notariat Kontorunun depozit hesabına ödənilməsi barədə sübutlar olsa da, həmin vəsaitlərin alınması barədə heç bir sübut yoxdur. Başqa sözlə, həmin məbləğin depozitdən İddiaçı nümayəndəsi olmuş Cavabdeh tərəfindən çıxarılması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur, halbuki qüvvədə olan qanunvericiliyə əsasən pul münasibətləri ilə bağlı mübahisələrin həllində mümkün sübut etmə vasitələri yazılı sübutlardır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yenə həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İş materiallarında qeyd olunan alqı-satqı əməliyyatları zamanı Cavabdeh nəzərdə tutulmuş məbləği notariusun depozit hesabından çıxarmasını təsdiq edən yazılı sübut mövcud deyildir. Onun vaxtilə iddiaçının nümayəndəsi olması və alqı-satqı əməliyyatlarında onu təmsil etməsi Cavabdeh İddiaçı qarşısında nəzərdə tutulmuş məbləği notariusun depozit hesabından da çıxarmalı olması mənasına gəlmir, yəni bu barədə onun öhdəliyi olmamışdır və buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ona qarşı İddiaçı qaldırdığı hazırkı iddia təmin oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə alqı-satqı münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, əsas tələb təmin edilmədiyindən, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia da təmin oluna bilməz. Başqa sözlə, hazırkı halda Cavabdeh İddiaçı mənəvi zərər yetirməsi iş materiallarından görünmür. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X9 Məhkəməsi "X3rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. http://hudoc.echr.coe.int/eng, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. http://hudoc.echr.coe.int/eng, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən iddiaya dair tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı rədd etsə də, mübahisəyə tətbiq edilməli normanı düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X9 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X11rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 30 manat və 15,40 manat dövlət rüsumları onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)- 287/2020 saylı qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələrinə görə ödənilməmiş 446500 manat pulun və dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiası təmin olunmasın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-332/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-332/2021
29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver