Məhkəmə qərarları › İş №2(105)-3358/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3358/2021

05.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3358/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bağlanmış yolun açılması, mülkiyyət hüququnun bərpası tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(067)-16/2020-023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cavabdeh2) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası qismən təmin olunması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 25 kv.m hissəsindən və həmin torpaq sahəsinə gedən yolun 109 kv.metr hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pulun yarısı – 25 (iyirmi beş) manat məbləğində pul İddiaçı, yarısı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun yarısı – 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim Cavabdeh2) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02.11.2020- ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən və ona məxsus olan 0.10 ha torpaq sahəsinin eni 3.2 metr və uzunluğu 32 metr olan 102 kv. hissəsindən cavabdehlərin çıxarılması, ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 52 metr uzunluğu və 3.5 metr hissəsinin təyinatı üzrə istifadəsi və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində ona dəymiş 840 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət edərək, 21.06.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(067)-16/2020 saylı qərardadının surətini qəbzə imza etməklə almışdır və müddəti ötürmədən apellyasiya şikayəti vermişdir, lakin kiçik texniki səhvə yol verdiyi üçün apelyasiya şikayəti məktubla geri qaytarılmışdır. Bundan sonra o, mövcud texniki səhvi aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir və prosessual müddəti ötürməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli və onunla bağlı 07 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual müddətin ötürülməklə verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, məhkəmə aktı 02 noyabr 2020-ci il tarixdə tərəflərə, 04 fevral 2021ci il tarixdə isə icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Cavabdeh1 21 iyun 2021-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış, 15 iyul 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi Cavabdeh1 qətnamənin nömrəsi və çıxarılma tarixinin səhv qeyd olunduğunu bildirən məktub göndərilmiş, tarix və nömrə dəqiqləşdirilməklə yenidən məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, cavabdeh yenidən 02 avqust 2021-ci il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd etmək lazımdır ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Göründüyü kimi qətnamənin surəti Cavabdeh1 tərəfindən 21 iyun 2021-ci il tarixdə alınmış, apellyasiya şikayətini 15 iyul 2021-ci il tarixdə vermişdir. Lakin birinci instansiya məhkəməsi qətnamənin hansı tarixdə alınmasına əhəmiyyət verməmiş, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin prosessual müddətin ötürülməklə verilməsi qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar aydınlaşdırılmadan Cavabdeh1 tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı müddətin bərpa edilməməsi qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli və onunla bağlı 07 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli və onunla bağlı 07 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar