Məhkəmə qərarları › İş №2(105)-337/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-337/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Torpaq sahəsinin boşaldılması - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-337/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X17 və X12 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3377/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X6, X3, Cavabdeh6, Cavabdeh5 və qeyrilərinin onlara məxsus olan ev əşyaları ilə birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və orada yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması, həmin fərdi yaşayış evinin və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, X6, X3, Cavabdeh6 və Cavabdeh5 ünvan 3 saylı fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri, Cavabdeh1 əmlakın satış qiymətinə görə ödənilmiş 5000 manat, dövlət rüsumu olaraq 224 manat, əldən çıxmış faydaya görə 19000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə evin əvvəlki mülkiyyətçisi Cavabdeh1 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 85000 manat məbləğində borc pul vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2018-ci il tarixli, 3M-1119 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli, xx.xx.2019-cu il tarixli əlavə sazişə əsasən müqavilənin 3.2-ci bəndinə dəyişiklik edilərək öhdəliyin əsası kimi faizsiz 105400 manat borc müəyyən olunmuşdur. Cavabdeh1 bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün və həmin müqavilədən irəli gələn şərtlərə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisi cavabdehə 2 dəfə xəbərdarlıq etməsinə baxmayaraq, onun tərəfindən notariat ofisinə heç bir müraciət daxil olmadığından həmin müqavilələr üzrə icra qeydi aparılmış və icra olunması ücün 16 mart 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Propasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron rayon İcra və X14 rayonu 2 saylı Notariat Kontorunun 8İ-1175 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərar əsasında lazımi icra tədbirləri həyata keçirilmişdir. O cümlədən tələbin könüllü icrası haqqında Cavabdeh1 bildiriş göndərilmiş və o, həmin bildirişlə tanış olaraq imzalamışdır. Buna baxmayaraq, cavabdeh könüllü olararq üzərinə düşən öhdəliyi yenə də yerinə yetirməmişdir. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 72 saylı, xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsindəki 20 saylı fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə 150000 manata qiymətləndirilmişdir. “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Propasiya Şöbəsi tərəfindən 17/7550/2V saylı, xx.xx.2020-ci il tarixli məktubla Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsi, 20 saylı fərdi yaşayış evi və orada yerləşən 0,07 ha torpaq sahəsinin açıq hərracda (əmlakın ilkin satış qiyməti 150000 manat olmaqla) satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 04 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə tərəflərə 16 oktyabr 2020-ci il tarixli, 158 saylı bildiriş göndərilmişdir. “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17/75-50/2V saylı xx.xx.2020 tarixli məktubla Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsi, 20 saylı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda (əmlakın qiyməti 127500 manat) satışının təşkil edilməsi ücün sifariş verildiyi və açıq hərracın 25 noyabr 2020-ci il tarixdə saat 11:00 da keçiriləcəyi barədə tərəflərə 06 noyabr 2020-ci il tarixli, 191 saylı bildiriş göndərilmişdir. Bildirişin 3-cü bəndində göstərilmişdir ki, satış qiymətinin 5 faizi məbləğində behin ödənilməsi haqqında qəbz hərrac keçirilənədək nağd və ya köçürülmə yolu ilə Hərrac mərkəzinin hesabına ödənilməlidir. “X2 Mərkəzi” MMC tərəfindən həyata keçirilmiş hərracın nəticələrinə dair YP 82 saylı, 24 dekabr 2020-ci il tarixli yekun protokolundan görünür ki, sifarişçi satıcı Abşeron rayon İcra və Probasiya Şöbəsi, Abşeron rayonu 2 saylı Notariat Ofisinin 8İ-1175 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hərracın təşkilatçısı “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 17/75-50/2V saylı xx.xx.2020 tarixli sifariş əsasında Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi keçirilən hərraclarda iştirakçı olmadığından, əmlakı ipoteka saxlayan tərəfindən, yəni qalib alıcı İddiaçı 95625 manata almışdır. Həmçinin satış qiymətinin 5 faizi həcmində, yəni 5000 manat pulu Hərrac Mərkəzinə ödəmişdir. Hərracın nəticələrinə dair yekun Protokolun 8-ci bəndində satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsasları göstərilmişdir. Həmçinin orada deyilir ki, Azərbaycan Respublikası MM-nin 415.5-ci maddəsinə əsasən hərracın nəticələrinə dair protokol müqavilə qüvvəsinə malikdir. Hərracın yekun nəticələrinə dair əmlakın alğı-satqısı barədə 24 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən bir tərəfdən satıcı “X8 Mərkəzi” MMC-nin direktoru Ə.N.Ələsgərov şəxsində və digər tərəfdən alıcı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, (müqavilənin 3.1 bəndi) satıcı ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı əmlakı 95625 manata satdı və alıcı ipoteka saxlayan İddiaçı həmin qiymətə aldı. Müqavilənin 3.3-cü maddəsinə əsasən satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alğı-satqı müqaviləsi bağlandığı andan sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Hərracın yekun nəticələrinə dair ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin alğı-satqısına dair 24 dekabr 2020-ci il tarixli müqavilə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsindəki 203.6 kv.metr sahəsi olan 20 saylı fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021, payı tam olmaqla İddiaçı (hüquq sahibi) məxsusdur. Cavabdeh1 ilə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixdən onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Cavabdeh (aralarında olan şifahi razılaşmaya görə) ona borc olaraq verdiyi pulla qazanc əldə etməli və ona həmin qazanca görə müəyyən məbləğ ödəməli idi. Lakin cavabdeh nəinki ona əlavə pul verib, hətta onun hərəkətləri nəticəsində özü həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. O, həmin pulla başqa bir əmlak əldə edə və bundan faydalana bilərdi. Bu illər ərzində cavbdeh onun pulunu ələ keçirməklə ailəsinin dolanışığı üçün əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Borc olaraq verdiyi pulla başqa bir ev alsaydı və onu 500 manata icarəyə versəydi, 2018 ortalarından 2021-ci ilin sentyabr ayınadək cəmi 38 ay x 500 manat =19000 manat edər ki, cavabdehin hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cavabdeh1 19000 manat əldən çıxmış faydanı da ona ödəməlidr. Həmçinin əmlakın satış qiymətinin 5 faizi həcmində Hərrac Mərkəzinə ödədiyi 5000 manat pul da Cavabdeh1 alınaraq ona ödənilməlidir. Bundan əlavə, cavabdeh hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində həm də ona mənəvi zərər vurmuşdir. Bu illər ərzində ağır iztirablar keçirmişdir. Həmin borc olaraq verdiyi pula görə ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu sıxıntılara düçar etmişdir. Cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat ödənilməsini tələb edir. Cavabdehlər hazırda onun mülkiyyətində olan evdən və torpaq sahəsindən hələ də istifadə edirlər. Onlar könüllü olaraq evdən çıxmaq istəmirlər. Bu da ona məxsus olan əmlakın üzərində öz mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə iddia ərizəsinə əlavə ərizə verərək, cavabdehlərdən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 95000 manat pulun tutulmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd edilənlərlə yanaşı, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 43900 manat və mənəvi zərərin əvəzi kimi 20000 manat, dövlət rüsumu kimi ödənilmiş 224 manat, hərrac üçün ödənilmiş 4780 manat olmaqla, ümumilikdə 68904 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz verilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3377/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, X6, X3, Cavabdeh6 və Cavabdeh5 onlara məxsus əşyalarla birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılması, ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması,qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1, Cavabdeh2, X6, X3, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlak onun əvvəlki mülkiyyətçisi Cavabdeh1 tərəfindən kredit müqaviləsinin təminatı olaraq İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə notariat orqanının verdiyi icra qeydinə əsasən müvafiq icra qurumunun sifarişi ilə açıq hərraca çıxarılmış, mübahisəli əmlak hərrac vasitəsilə 95625 manata İddiaçı satılmış, bundan sonra isə o, öz adına 16 mart 2021-ci il tarixli reyestrdən çıxarış almış, yəni həmin evin hazırki mülkiyyətçisi İddiaçıdir. İş üzrə cavabdehlərin həmin evdə heç bir hüquqları olmadan yaşamaları isə iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 avqust 2022-ci il, 2(012)-3377/2014 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahişetmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 avqust 2022-ci il, 2(012)-3377/2014 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddia tələbi tam təmin edilməlidir. Belə ki, Cavabdeh1 ilə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixdən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum olmuşdur. Cavabdeh (aralarında olan şifahi razılaşmaya görə) ona borc olaraq verdiyi pulla qazanc əldə etməli və həmin qazanca görə müəyyən məbləğ ödəməli idi. Lakin cavabdeh nəinki əlavə pul verib, hətta hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Həmin pulla başqa bir əmlak əldə edə və bundan faydalana bilərdi. Bu illər ərzində cavbdeh pulunu ələ keçirməklə ailəsinin dolanışığı üçün əldə edəcəyi gəlirlərdən onu məhrum etmişdir. Borc olaraq verdiyi pulla başqa bir ev alsaydı və onu 500 manata icarəyə versəydi, 2018 ortalarından 2022-ci ilin noyabr ayınadək cəmi 52 ay x 500 manat =26000 manat edər ki, cavabdehin hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cavabdeh1 26000 manat əldən çıxmış faydanı da ona ödəməlidr. Həmçinin əmlakın satış qiymətinin 5 faizi həcmində Hərrac Mərkəzinə ödədiyi 5000 manat pul da Cavabdeh1 alınaraq ona ödənilməlidir. Bundan əlavə, cavabdeh hüquqazıdd və qanunsuz hərəkətləri nəticəsində həm də ona mənəvi zərər vurmuşdur. Bu illər ərzində ağır iztirablar keçirmiş, həmin borc olaraq verdiyi pula görə ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu sıxıntılara düçar etmişdir. Cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat ödənilməsini tələb edir. Bütün bunların nəzərə alınmaması hüquq pozuntusudur. Cavabdeh3 qlzl apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iİddiaçının məqsədi dəyəri 300000 manatdan artıq olan fərdi yaşayış evini qanunsuz olaraq ələ keçirməkdir. İddiaçı oğlu, Cavabdeh2 ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün ona 50000 dollar pul vermiş, həmin vəsaiti hal-hazırda axtarışda olan X11, X9, X1 dələduzluq əməli nəticəsində mənimsənilmişdir. İddiaçı həmin pulu borc məqsədi ilə deyil, biznes fəaliyyəti ilə məşğul olmaq, pul qazanmaq məqsədi üçün vermişdir. Bundan başqa fərdi yaşayış evinin qiymətləndirilməsi və onun hərrac vasitəsi ilə satılması qanun pozuntuları ilə müşayiət olunmuş və nəticədə onun konstitutsiyon hüquqları pozulmuşdur. Belə ki hərracın keçirilməsi barədə onun məlumatı olmamış, hərracın keçirilməsində iştirak etməmişdir. Hərrac keçirilib qurtardıqdan xeyli vaxt sonra ona hərracın keçirilicəyi barədə bildiriş göndərilmişdir. İddiaçının əsassız və qanunsuz hərəkətləri onu qane etməmiş, əlavə olaraq ona dəymiş “ maddi və mənəvi ziyana görə konpensasiya tələb edir ”. Hesab edir ki, mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma və ona dair istifadə hüququnun itirilməsi barədə iddiaçının tələbi əsassızdır, ədalət prinsiplərinə ziddir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiası qismən təmin olunub. Maddi və mənəvi ziyan hesablanmayıb. 4 il yarımdır ki, 105000 manat pul xərcləmişdir. Qarşı tərəf nə icraçının çağırışına, nə də hərraca gəlməyib. 3-cü hərracda ev ona təklif olunub və hərraca 5000 manat pul ödəməklə məcbur olub evi alıb. Pulu bankdan götürüb cavabdehə vermişdi. Amma pulu qaytarmadığı üçün çətin vəziyyətə düşüb. 4-5 ildə həm maddi, həm də mənəvi ziyana uğrayiıb. Borcu bir ay müddətinə götürmüşdülər və evi girov qoymuşdular. Məhkəməyə rüsum ödəməyə, vəkil xidmətindən istifadə etməyə pul ödəyibm. Pulu bankda depozit hesabında saxlayırdı və 12 faizlə fayda əldə edirdi. İndi həm həmin faydadan məhrum olub, həm də evindən çıxmırlar. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, iddianın təmin olunmayan hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, evinin dəyəri 300000 manatdan yuxarıdır, hərracda çox ucuz qiymətə satılıb. Ev iddiaçının mülkiyyətindədir. İddiaçı onun əri Cavabdeh1 50000 ABŞ dolları pul verib. Həmin borcu ödəmək müddəti keçdikdən sonra yenidən 12000 ABŞ dolları borca dair müqavilə bağlandı. Bunu iddiaçı belə əsaslandırdı ki, 12000 ABŞ dolları gecikdirdikləri borca görə onun əldə etməli olduğu faydadır. Yəni reallıqda bağlanmış müqaviləyə uyğun borc ərinə verilmədi. İddiaçı onlara vaxt versə onun pulunu verə bilmirlər. Evdən çıxa bilmir, çünki başqa yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. .Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(012)-3377/2022 saylı qətnaməsi İddiaçı və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və İddiaçı bu hüququna dair RX ******* saylı reyestrdən çıxarış verilmişdir. İşdə olan 10 mart 2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon 2 saylı Notariat Ofisində təsdiq edilmiş əqdlər üzrə icra qeydi aparılaraq icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, YP 82 saylı hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 95625 manata İddiaçı satılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alğısatqısına dair müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini İddiaçı 95625 manata almışdır. İşdə olan 16 mart 2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Goradil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 203,6 kv.metr olan 20 saylı fərdi yaşayış evi həmin tarixdən İddiaçı mülkiyyətindədir. Əmlaka dair onun adına 11 mart 2021-ci il tarixli texniki paport tərtib olunmuşdur. İşdə olan Abşeron RİHB-nin Görədil kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 286 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlak onun əvvəlki mülkiyyətçisi Cavabdeh1 tərəfindən kredit müqaviləsinin təminatı olaraq İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə notariat orqanının verdiyi icra qeydinə əsasən müvafiq icra qurumunun sifarişi ilə açıq hərraca çıxarılmış, mübahisəli əmlak hərrac vasitəsilə 95625 manata İddiaçı satılmış, bundan sonra isə o, öz adına 16 mart 2021-ci il tarixli reyestrdən çıxarış almış, yəni həmin evin hazırki mülkiyyətçisi İddiaçıdir. İş üzrə cavabdehlərin həmin evdə heç bir hüquqları olmadan yaşamaları isə iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edərək hesab edir ki, məhkəmə iddia tələbinin cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri,cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 43900 manat və mənəvi zərərin əvəzi kimi 20000 manat, dövlət rüsumu kimi ödənilmiş 224 manat, hərrac üçün ödənilmiş 4780 manatın tutulması hissəsində iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn mübahisələndirilməsi də qeyri-mümkündür. Ona görə də iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa iddiaçı ona vurulmuş maddi zərərin əvəzi kimi 43900 manat və mənəvi zərərin əvəzi kimi 20000 manatın ödənilməsini bildirsə də, qeyd edilən məbləğdə ona maddi zərər dəyməsinə dair hər hansı sübutu təqdim etməmişdir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını sübut etməlidir. Lakin iddiaçı cavabdehlər tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehlərdən 43900 manat maddi ziyan tələb etsə də cavabdehlərin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını, həmçinin həmin məbləğdə ziyanın hansı amillər nəticəsində yaranmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Bundan başqa iddiaçının mənəvi zərər görə 20000 manat pulun tutulmasına dair məhkəmənin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Bu baxımdan iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa hərrac üçün ödənilmiş 4780 manatın tutulması barədə tələbə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, idiaçı öz istəyi əsasında, könüllü olaraq həmin evi aldığından həmin evin hərracda alması üçün ödənilmiş məbləğ də onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki,şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilmədir. Həmçinin iddiaçının dəlillərinə qiymət verilərək əsassız olması təsdiq edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətiin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, cavabdeh evin açıq hərracda satılması barədə məlumatlandırılmamasını bildirir. Məhkəmə kollegiyası qeyd edilən hala qiymət verərək qeyd edir ki, fərdi yaşayış evinin satılmasına dair "X2 Mərkəzi" MMC, Abşeron rayon İcra ve Propasiya Şöbəsi tərəfindən 17/7550/2V saylı xx.xx.2020-ci tarixli məktubla satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 04 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə tərəflərə 16 oktyabr 2020-ci il tarixli, 158 saylı bildiriş göndərmişdir. "X2 Mərkəzi" MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17/75-50/2V saylı xx.xx.2020 tarixli məktubla satışının təşkil edilməsi ücün sifariş verildiyi və açıq hərracın 25 noyabr 2020-ci il tarixdə saat 11:00 da keçiriləcəyi barədə tərəflərə 06 noyabr 2020-ci il tarixli, 191 saylı bildiriş göndərilmişdir. Göründüyü kimi, hərracın keçirilməsi ilə bağlı tərəflərə məlumat verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hərracın keçirilməsi barədə məlumat verilməməsi, eləcə də hərracın keçirilməsinin qanunsuz hesab edilməsi hazırki iddianın predmeti deyildir. Belə ki, fərdi yaşayış evi iddiaçı tərəfindən alınmış və onun adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən də cavabdeh hərracın nəticələri, eləcə də iddiaçının adına verilmiş çıxarışı hazırki işdə mübahisələndirə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki gündə mübahisəli fərdi yaşayış evi iddiaçının adına dövlət reyestrində qeydiyyata alındığından məhkəmə iddiaçının cavabdehlərin evdən çıxarılmasına dair gəldiyi nəticə haqlı olmuşdur. Belə ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli evdən könüllü çıxmamışdır. Belə olan halda, iddiaçı mülkiyyətində olan evə dair hüquqlarını həyata keçirə bilməmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaradır. Bu səbəbdən də cavabdehlər onlara məxsus əşyalarla birlikdə iddiaçının mülkiyyətində olan ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalı, ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi boşaldılmali, qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-cı maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Eyni zamanda mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan iddiaçının hazırki iddia tələbi ilə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3377/2022 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və Cavabdeh3tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)3377/2022 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar