Məhkəmə qərarları › İş №2(105)-3390/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3390/2021

20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3390/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200A saylı bağın 200 m2-lik hissəsinin yalnız 80 m2-də yerləşən evdən əmlakları və ailə üzvləri ilə birlikdə çıxarılmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən ona məxsus sahəsi 200 m2 olan 200A saylı bağda olan hər iki evdən ailə üzvləri və əmlakları ilə birlikdə çıxarılması və həmin bağ evlərinin onun əməli istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək, Cavabdeh ünvan 3də yerləşən 200A saylı bağın 200 m2lik hissəsinin yalnız 80 m2-də yerləşən evdən əmlakları və ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ sahəsi ünvan 3də yerləşən 200a saylı bağdır. Həmin bağ sahəsi X8 Cəmiyyəti tərəfindən 10 dekabr 2000-ci il tarixli bağ kitabçasına əsasən onun istifadəsinə verilmiş, həmin bağın sahəsi 200 kv.m-dir. Bağ evi onun tərəfindən 2010-cu ildən öz şəxsi vəsaiti ilə tikilmiş və bu məqsədlə o, bankdan 50 min manatdan artıq pul götürmüş, krediti də özü qaytarmışdır. Lakin cavabdeh həmin evi 2011-ci ildən zəbt edərək kirayə vermiş, ev yararsız bir hala düşmüş və ona külli miqdarda ziyan dəymişdir. Evin bütün pəncərələri və barmaqlıqları çıxardılaraq yerinə köhnə pəncərələr qoyulmuşdur. Cavabdeh ona məxsus Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən 200A saylı bağ evini qanunsuz olaraq zəbt edərək onu həmin evə buraxmadığı üçün o, məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(060)-3383/2020 saylı qətnaməsi ilə ona məxsus olan mübahisəli bağ sahəsinə köçürülməyi qət edilmişdir. Artıq qətnamənin qəbul edilməsindən 5 aya yaxın müddətin keçməsinə baxmayaraq cavabdeh onu öz bağ evinə buraxmır, hətta məhkəmə qətnaməsindən sonra həmin bağda olan şəxsən onun ailə üzvləri ilə birlikdə istifadə etdiyi evi də zəbt etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin bütün sənədlərinin ünvan 3yə heç bir aidiyyatı yoxdur. Belə ki, Cavabdeh əlindəki bağ kitabçasında ünvan ünvan 1cra Hakimiyyəti tərəfindən verilmiş digər lahiyədə lahiyə digər bir şəxs Əliyeva Sahibənin adınadır. Orada isə ünvan ünvan 2 S.Əliyevanın orada onuna adına heç bir sənəd olmadığı halda onun adına lahiyə çəkilmişdir. Lahiyə isə başqa bir ünvanın lahiyəsidir. Məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Bununla da onun konstitusion hüquqları pozulmuşdur. ünvan 3 ünvanında yerləşən 200A saylı bağ evinin ona məxsus olmasını Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2021-ci il tarixli qətnaməsi tərtib edilmiş qətnaməsi təsdiq edir. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(060)-3624/2021 saylı qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh T.Z.Ziyadova (Əliyeva) apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni rədd edərkən, iddiaçının cavabdeh tərəfindən ona məxsus olan bağın zəbt olunmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5538/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X2, X3 və X6 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, X18, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200A saylı bağ sahəsinə köçürülməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 27.01.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2021-ci il tarixli icra sənədi tam şəkildə icra olunmuşdur. İş materiallarında olan “Xəzər” Bağçılıq Yoldaşlığı cəmiyyəti tərəfindən verilmiş 200A/1 №li “Bağçının üzvlük kitabçası”nın surətindən görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi “Xəzər” bağçılıq yoldaşlığı ərazisindən sahəsi 80 m2 olan 200A/1 №li bağ sahəsi Sumqayıt şəhər XDS-nin 07.04.1987-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən 9 №li protokolla bağçılıq cəmiyyəti üzvlərininm 15.08.2015-ci il tarixli 11 №li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş T.Z.Ziyadovaya verilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən X3 ünvanlanmış 01.12.2014-cü il tarixli 735 saylı məktubun surətindən görünür ki, Sumqayıt şəhər XDS-nin 07 aprel 1987-ci il tarixli qərarı ilə (protokol № 9) Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyəti, Nəsimi küçəsi, 3-cü məhəllə, 200/1 nömrəli bağ sahəsində Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən qanunamüvafiq qaydada bağ evinin tikintisi məqsədilə tikinti işlərinin aparılmasına etiraz edilmir. İşdə olan 10.12.2000-ci il tarixdə Sumqayıt şəhəri “Xəzər” KBC tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın surətindən görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi, birləşmiş məhəllədə yerləşən 200A №li bağ sahəsi Sumqayıt şəhər XDS-nin 16.08.1986cı il tarixdə 119 №li əmrlə qeydə alınmış müqaviləsinə əsasən 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş İddiaçı daimi istifadə etmək üçün verilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu C.M.Qasımov tərəfindən təsdiq olunmuş və 7E/39333 saylı reyestrlə qeydə alınmış İddiaçı 12.11.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, göstərmişdir ki, Xəzər bağlar massivi cəmiyyətinin 10.11.2000-ci il tarixli Bağçının üzvlük kitabçasına əsasən 200 kv.m torpaq sahəsinin 80 kv.m hissəsinin T.Z.Ziyadovaya verilməsinə dair heç bir iddia tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, 30.11.2016-ci il təvəllüdlü X12, 03.08.1988-ci il təvəllüdlü X5, 09.05.1964-cü il təvəllüdlü X10, 12.03.2011-ci il təvəllüdlü X11, 02.07.2012-ci il təvəllüdlü X13 və 31.03.2014-cü il təvəllüdlü Ziyadov Camal Namil oğlu Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 84 saylı evin, 11 saylı mənzilində qeydiyyatdadırlar. İşə əlavə olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin X4 verdiyi 459 nömrəli, 28.04.2021-ci il tarixli arayışdan görünür ki, layihədə göstərilən bağ nömrəsi 200/1; 200a/1 olmalıdır. Layihə verilərkən bağ nömrəsi səhv yazılmışdır. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 332 nömrəli, 10.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi Murovdağ küçəsi, keçmiş Nəsimi küçəsi 2-ci məhəllədə bağ nömrəsi 200a-da sahəsi 200 kv.m2 olan bağda qeydiyyatsız yaşayır. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 317 nömrəli, 07.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a/1 saylı bağ evində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 3də yerləşən 200a saylı bağın 80 m2 ərazisi hüquqmüəyyənedici sənədlərlə cavabdehə məxsusdur. O, orada müvafiq icra hakimiyyəti qurumunun anası Sahibə Əliyevaya verilmiş icazə əsasında valideynləri tərəfindən tikilmiş mübahisəli evdə hazıradək yaşayır. Həmin bağın qalan sahəsi hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsusdur. O, həmin yerdə tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Belə ki, məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, X18, Nəsimi küçəsi, 2-ci məhəllə, Bağ 200 A ünvanında iddiaçıya məxsus olan ev vardır. Cavabdehə məxsus olan və cavabdehin ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi, iddiaçıya məxsus bağ sahəsi ilə qonşuluqda yerləşir. Mübahisə predmeti olan bağın ümumi sahəsi 200 kv.metrdir. İddiaçıya məxsus olan ev bağ sahəsinin 120 kv.metr hissəsində yerləşir. Cavabdehə məxsus olan ev bağ sahəsi 80 kv.metr hissəsində yerləşir. Hər iki evin yerləşdiyi həyətyanı sahənin giriş-çıxış qapıları fərqlidir və fərdi yaşayış evlərindən, evlərin yerləşdiyi həyətyanı sahənin istifadəsində tərəflərə ayrıayrılıqda maneə yaradacaq hal yoxdur. Evlər arasında hazar çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin ailə üzvləri və əmlakları ilə çıxarılması tələb olunan ev və onun yerləşdiyi torpaq sahəsi sonuncunun qanuni sahibliyində olduğundan iddia əsassızdır. Bundan əlavə olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh mübahisə olunan evin sənədləri qüvvədədir və ləğv olunmayıb. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01 iyul 2021-ci il tarixli 2(060)-3624/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar