Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-340/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Qəni qızına qarşı daşınmaz əmlak üzərində payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-112/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-112/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişmişdir. (A.Sadıqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-112/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Qəni qızı ilə onun paylı mülkiyyətlərində olan, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi, N.Məhəmmədəliyev küçəsi, 61 ünvanda yerləşən evin və 0,06 ha torpaq sahəsinin öz paylarına uyğun naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X4 miras qalmış Xaçmaz rayonu, Müqtədir qəsəbəsində yerləşən evin 5/8 hissəsinə və mərhum anası X2 miras qalmış həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 5/8 hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Digər vərəsə olan cavabdeh isə, qeyd olunan evin 3/8 hissəsinə və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 3/8 hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Hazırda cavabdeh onun payına düşən torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməsinə maneçilik törədir. Buna görə də mübahisəli daşınmaz əmlak üzərində payların naturada ayrılmasını məhkəmə qaydasında həll etmək üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdeh tərəfin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh uzun müddətdir ki, mübahisəli yaşayış evini və torpaq sahəsini tamamilə zəbt edərək qızına vermişdir. Bu əmlaklar üzərində payların müəyyən edilməsilə bağlı tərəflər arasında 10 ilə yaxın məhkəmə çəkişməsi olmuşdur. Bu hallara məcmu halda qiymət verilsəydi, iddia təmin olunmalı idi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh Qəni qızı məhkəmə iclasında iştirak etməməsinin üzrlü sayılmasına dair heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında olan 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 5/8 hissəsinə xx.xx.2018-ci ildən İddiaçı və 3/8 hissəsinə xx.xx.2017-ci ildən Cavabdeh Qəni qızının mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 5147 saylı ekspert rəyindən müəyyən olunur ki, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin 5/8 hissədə İddiaçı və 3/8 hissədə Cavabdeh Qəni qızının paylarına uyğun naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında olan 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 5/8 hissəsinə xx.xx.2018-ci ildən İddiaçı və 3/8 hissəsinə isə xx.xx.2017-ci ildən Cavabdeh Qəni qızının mülkiyyət hüquqları reyestrdə qeydə alınmışdır. Hazırda tərəflər arasında münasibətlər pis olduğundan İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Qəni qızı ilə onun paylı mülkiyyətlərində olan, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi, N.Məhəmmədəliyev küçəsi, 61 ünvanda yerləşən evin və 0,06 ha torpaq sahəsinin öz paylarına uyğun naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Eyni Məcəllənin 220.2.-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materialları ilə müəyyən olunmuşdur ki, naturada ayrılması tələb edilən daşınmaz əmlakın (yaşayış evi və torpaq sahəsi) naturada paylara uyğun (3/8 və 5/8) ayrılması mümkün deyildir. Belə ki, bu cür ayrılma Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 5147 saylı ekspert rəyinə əsasən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada ayrılması texniki cəhətdən mümkün olmadığından İddiaçı hazırkı iddiası təmin oluna bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası izah edir ki: Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinin tələblərinə görə isə bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası, iddaçıya izah edir ki, hazırki formada iddianın təmin edilməməsi mübahisənin daha öncə sadalanan normalara uyğun həllini tələb etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)- 112/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-340/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-340/2021
12.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver