Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3426/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(027)- 2026/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunması, ərizəçiyə izah olunsun ki, o, ilk növbədə Maraqlı şəxsnə müraciət edə bilər. Xidmətin verdiyi cavab onu qane etmədiyi təqdirdə ərizəçi vəzifəli şəxsin hərəkətindən və ya hərəkətsizliyindən, həmçinin qərarından şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilməsi qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(027)-2026/2021 saylı qərardadından Ərizəçi verdiyi şikayət təmin edilməməsi, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi heç bir dövlət vətəndaşlığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasında 1977-ci il tarixdən daimi yaşamağı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardadla razılaşmır. Hesab edir ki, qərardad əsassız qəbul edilmiş və ləğv edilməli, ərizəsinə baxılmalıdır. Qərardad ona görə əsassızdır ki, o, 04 may 1977-ci il tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olsa da, elə həmin il nənəsi onu Azərbaycan Respublikasına gətirmiş və həmin tarixdən də Azərbaycan Respublikasında yaşamış, Quba rayonu, Digah kəndində oxuyaraq, natamam orta təhsil haqqında şəhadətnamə, daha sonra isə attestat almışdır. 04 iyun 1997-ci il tarixdə isə X2 ilə Quba rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahından 1997-2012-ci illər müddətində 3 övladı Quba rayonunda anadan olmuşdur. Göründüyü kimi, o, 1977-ci ildən ailəsi ilə birlikdə Quba rayonu, Digah kəndində daimi yaşayır. O, vətəndaşlıq almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Daha sonra o, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq Şöbəsinə müraciət etmiş, Rusiya Federasiyasının da vətəndaşlığını almamış və Rusiya Federasiyasının da vətəndaşı deyil. Qeyd etdiyi vəziyyətdə onun problemimin yeganə çıxış yolu yaşadığı ərazi üzrə Quba Rayon Məhkəməsinə müraciət etmək olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlı şəxsin nümayəndəsi X3 şikayətin təmin edilməsini və ərizəyə mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçiyə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli və onunl bağlı 15 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin yolverilməzliyinə görə geri qaytarılması barədə gəldiyi nəticəni işə ümumi məhkəmədə baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, ərizəçi heç bir dövlət vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1977-ci il tarixdən daimi yaşaması faktının müəyyən edilməsini xahiş etmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 307.2.10-1. maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Kollegiya qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Hər hansı şəxsin məhkəmə müdafiəsi hüququ məhkəməyə yazılı şəkildə ərizə (iddia ərizəsi) ilə müraciət etdiyi vaxtdan başlanır. Pozulmuş hüquqların və azadlıqların müdafiəsinin məhkəmədən kənar qaydada – digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutularsa, bu halda ərizə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilə bilər. Ərizəçi heç bir dövlət vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1977-ci il tarixdən daimi yaşaması faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən edilə bilər. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2014-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli və onunla bağlı 15 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli və ərizə icraata qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 4025-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli və onunla bağlı 15 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Ərizə icraata qəbul edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3426/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3426/2021
13.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver