Məhkəmə qərarları › İş №2(105)-343/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-343/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-343/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması, həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: çıxarışların ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2812/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 279 saylı reyestr kitabının 71 saylı vərəqində **********96-05301-093065 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-343/2025 nömrəli qərardadı ilə “həmin mənzillərə dair müvafiq olaraq dövlət reyestrində onun adına dair qeydiyyat aparılmaqla həmin mənzillərə dair iddiaçının adına yeni çıxarışların verilməsi”nə dair iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması, həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini, həmin məzillərə dair müvafiq olaraq dövlət reyestrində onun adına dair qeydiyyat aparılmaqla həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya vətəndaşı olduğu üçün etibar etdiyi, yaxın münasibətdə olduğu, ona hər zaman düz və güvənilir insan kimi göstərən, həmkəndlisi olan Cavabdeh1 adına şəxsi mülklərini onun adına alaraq sonradan onun adına keçirəcəyi şərti ilə aralarında razılaşmışlar. Belə ki, 05 fevral 2021-ci il tarixdə müqavilə əsasında Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili 50000 manata, həmin kompleksdə bina 3, 126 nömrəli mənzil, bundan başqa 2022-ci ilin dekabr ayında "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzili aralarında olan razılaşmaya əsasən iddiaçının dostunun qayınanası Tünzalə Əhmədovanın vasitəsilə Cavabdeh1 adına keçirmişdir. Sonuncu mənzilin təmiri üçün ünvan 2 ünvanında yerləşən, Nərimanov metrosunun yaxınlığındakı ödəmə terminalı vasitəsilə hissə-hissə olmaqla Cavabdeh1 50000 manat pul göndərmişdir. Bütün bu hərəkətlərin şahidləri də vardır. Belə ki, X5, X12, X6, X9, makler Tünzalə xanım və X2 bütün bu hadisələrin şahidləri olmuşlar. Sonradan Cavabdeh1 həmin mənzillərə çıxarışlar almışdır. Binəqədidə yerləşən mənzildəki əşyalar, mebellər, hamam-tualet əşyaları, mətbəxə adi əşyalar hamısı iddiaçıya məxsusdur. Uzun sürən mübahisədən sonra Cavabdeh1 mənzillərdən birini, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən bina 3, 126 nömrəli mənzil iddiaçıya qaytarmışdır, lakin digər mənzilləri qaytarmayacağını bildirmişdir. Bundan başqa qeyd edir ki, həmin mənzillər iddiaçının istifadəsində olmuşdur, mənzillərin təmirini iddiaçı etmişdir, mənzilləri iddiaçının tərəfindən Tünzalə Əhmədovanın vasitəsilə kirayəyə vermişdir, kirayə pulları iddiaçıya çatmışdır. Bütün bunlara dair sms yazışmalar, səs yazıları, şahidlər və digər sübutlar vardır. Hazırda bir mənzil iddiaçıya qayıtmışdır, digər yerdə qalan 2 mənzilin (Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzil) çıxarışı cavabdehin adındadır. Həmin çıxarışlar ləğv edilərək dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmaqla yeni çıxarışlar verilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

5. Məhkəmədə iclasında şahid qismində ifadəsi alınmış X7 bildirmişdir ki, o, iddiaçının əmisioğludur. Cavabdeh1 onların yerlisidir. İddiaçı ilə cavabdehlərin münasibətləri isə çox yaxşı olmuşdur. İddiaçı ilə cavabdeh arasında həm dost, həm tanışlıq münasibətləri olmuşdur. O, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili və həmin kompleksdə bina 3, 126 nömrəli mənzillərə görə MTK-ya aylıq ödənişlərinin ödənilməsində 3-4 dəfə iştirak etmişdir. Daha sonra isə iddiaçı ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzili alması üçün ona 50000 manat pul göndərmiş və qalanını da kreditə salmasını bildirmişdir. Cavabdeh1 evlərin ödənişi ilə bağlı nəsə lazım olduqda həmişə ona zəng etmişdir. Bir müddət sonra Cavabdeh1 bu evlərin onun adında qalmasını istəmədiyini bildirmiş və evlərin onlardan birinin adına keçirilməsini istəmişdir. Lakin sonradan cavabdehin fikri əskinə dəyişmiş və Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən bina 3, 126 nömrəli mənzilin pulunu bank hesaba qaytaran zaman, pulu hesabdan çıxarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh pulun 15000 manat hissəsini özündə saxlayıb, qalan pulu iddiaçıya vermişdir. Təsdiq edir ki, həmin mənzilləri iddiaçı almışdır.

6. Məhkəmədə iclasında şahid qismində ifadəsi alınmış X6 bildirmişdir ki, o, iddiaçı ilə yerlidir və normal münasibətləri olmuşdur. Sözügedən mənzillər iddiaçı tərəfindən alınmışdır, lakin cavabdehin adına olmuşdur. İddiaçının evlərində hətta o, usta olaraq işləmişdir. Xırdalanda olan 2 mənzilin onun adına keçiriləcəyi söz verilmişdir. 9-cu mkr-da yerləşən mənzili X7, Xırdalanda yerləşən 2 mənzili isə X3 iddiaçıya tapmışdır. Evlərin alınmasında şəxsən iştirak etməmiş, lakin evlərin iddiaçının aldığını bilmişdir.

7. Məhkəmədə şahid qismində ifadəsi alınmış X12 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostudur və 20 ildən artıqdır ki, Moskvada işləyir. O, Quliyev Susana ilə də eyni kənddəndir. Lakin cavabdeh iddiaçının etibarından sui-istifadə etmiş, evləri iddiaçı alsa da cavabdehin adınna keçirmişdir. Sonradan isə cavabdeh evləri iddiaçının adına keçirməkdən imtina etmişdir.

8. Məhkəməyə şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, Xırdalan şəhəri, Heydər Əliyev prospektində işləyir və əmlak alqı- satqısı ilə məşğuldur. Onun iddiaçı ilə qohumluğu vardır. Təxminən 3-4 il əvvəl iddiaçı onun osifinə yaxınlaşaraq kreditlə mənzil almaq istədiyini bildirmişdir. Daha sonra iddiaçı Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili və həmin kompleksdə bina 3, 126 nömrəli mənzili bəyənmiş, lakin öz adına deyil, başqasının adına keçirmək istədiyini bildirmişdir. Alqı-satqı olunan zaman iddiaçı hər 2 mənzili Cavabdeh1 adına almışdır. Onu da qeyd edir ki, mənzlləri uzun illər o, kirayə vermiş, pulları isə iddiaçıya göndərmişdir. Odur ki, qeyd etdiyi mənzilləri iddiaçı almışdır və iddiaçıya məxsusdur. Çünki Cavabdeh1 həmin mənzilləri almağa maddi imkanı yoxdur.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2812/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 124.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2812/2024 nömrəli qətnaməsini ləğv edərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil və hesab edir ki, məhkəmə tərəfindən sübutlara tam, obyektiv və hərtərəfli qiymət verilməmiş, işin halları düzgün araşdırılmamış, hüquq normaları işin hallarına düzgün tətbiq edilməmişdir ki, nəticədə maddi və prosessual hüquq normaların tələbləri pozulmaqla işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X7 bildirmişdir ki, o, iddiaçının əmisi oğludur. Cavabdeh1 onların yerlisidir. İddiaçı ilə cavabdehlərin münasibətləri isə çox yaxşı olmuşdur. İddiaçı ilə cavabdeh arasında həm dost, həm tanışlıq münasibətləri olmuşdur. O, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” tanışlıq münasibətləri olmuşdur. O, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili və həmin kompleksdə bina 3, 126 nömrəli mənzillərə görə MTK-ya aylıq ödənişlərinin ödənilməsində 3-4 dəfə iştirak etmişdir. Daha sonra isə iddiaçı ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzili alması üçün ona 50000 manat pul göndərmiş və qalanını da kreditə salmasını bildirmişdir. Cavabdeh1 evlərin ödənişi ilə bağlı nəsə lazım olduqda həmişə ona zəng etmişdir. Bir müddət sonra Cavabdeh1 bu evlərin onun adında qalmasını istəmədiyini bildirmiş və evlərin onlardan birinin adına keçirilməsini istəmişdir. Lakin sonradan cavabdehin fikri əksinə dəyişmiş və Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən bina 3, 126 nömrəli mənzilin pulunu bank hesaba qaytaran zaman pulu hesabdan çıxarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh pulun 15000 manat hissəsini özündə saxlayıb, qalan pulu iddiaçıya vermişdir. Təsdiq edir ki, həmin mənzilləri iddiaçı almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X6 və X12 da eyni məzmunlu ifadələr verərək mübahisə predmeti olan mənzillərin faktiki iddiaçı tərəfindən alındığı və yalnız formal qaydada cavabdehin adına keçirildiyini təsdiq etmişlər. Bundan əlavə, məhkəməyə şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, Xırdalan şəhəri, Heydər Əliyev prospektində işləyir və əmlak alqı-satqısı ilə məşğuldur. Onun iddiaçı ilə qohumluğu vardır. Təxminən 3-4 il əvvəl iddiaçı onun ofisinə yaxınlaşaraq kreditlə mənzil almaq istədiyini bildirmişdir. Daha sonra iddiaçı Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili və həmin kompleksdə bina 3, 126 nömrəli mənzili bəyənmiş, lakin öz adına deyil, başqasının adına keçirmək istədiyini bildirmişdir. Alqı-satqı olunan zaman iddiaçı hər 2 mənzili Cavabdeh1 adına almışdır. Onu da qeyd edir ki, mənzlləri uzun illər o, kirayə vermiş, pulları isə iddiaçıya göndərmişdir. Odur ki, qeyd etdiyi mənzilləri iddiaçı almışdır və iddiaçıya məxsusdur. Çünki Cavabdeh1 həmin mənzilləri almağa maddi imkanı yoxdur. Beləliklə, iş üzrə əldə olunan mötəbər sübutlar və tutarlı dəlillərlə, eləcə də şahid ifadələri ilə mübahisənin predmeti olan mənzillərin iddiaçının pul vəsaiti hesabına sonradan iddiaçının adına keçiriləcəyi şərti ilə Cavabdeh1 tərəfindən yalnız formal olaraq sonuncunun adına alındığı təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, “Məhkəmə şahidlərin ifadəsi ilə bağlı qeyd edir ki, şahidlər iddiaçın cavabdehin adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilin və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilin alınmasında pul vəsaitinin onun tərəfindən ödənilərək mənzillərin alınmasında iştirak etdiyini bildirərək təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, mənzillərin alınmasında iştirak etmiş iddiaçı gələcəkdə cavabdehə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ vardır və bu hüququ özündə saxlayır.” Belə ki, məhkəmə qətnamədə qeyd etdiyi bu ifadə ilə əslində iddiaçının iddiasının əsaslı və düzgün olduğunu, şahid ifadələrinin mötəbərliliyini təsdiq edir, lakin qərəzli şəkildə sübutetmə yükünün iddiaçıda olduğunu və iddiasını sübut edəcək mötəbər dəlil təqdim etmədiyini bildirmişdir. Məhkəmənin hazırki iş üzrə mövqeyi ağlabatan deyildir, belə ki, bir tərəfdən şahid ifadələri ilə mənzillərin iddiaçının pul vəsaiti hesabına alındığını təsdiq edir, lakin iddia tələbini dəyişdirərək pul tələbi ilə müraciət edilməsini tövsiyə edir. Digər tərəfdən isə iddiaçının iddiasını sübut edəcək dəlil təqdim etmədiyini vurğulayır. Bütün bunlar işə qərəzli, qeyri-obyektiv və birtərəfli qaydada baxılmasının bariz nümunəsidir. Məhkəmə qeyd edir ki, -“ Məhkəmə hesab edir ki, iddianın ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində məhkəmə, iddiaçı tərəfindən həmin mənzilə dair hər hansı bir sübut təqdim edilmədiyindən həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlir.”

14. Məhkəmənin yuxarıda qeyd etdiyi mövqe qəbuledilməzdir. İşin faktiki halları da onu təsdiq edir ki, mənzil formal olaraq cavabdehin adına olsa da, faktiki olaraq iddiaçıının pul vəsaiti hesabına alındığı şahid ifadələri ilə təsdiq olunur. Göründüyü kimi, məhkəmənin yuxarıda qeyd etdiyi hallar tamamilə absurddur və hər bir cümləsi işin faktiki halları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən hesab edirik ki, iddia tələbi tam təmin edilməlidir. Hesab edirik ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, hüquq normaları səhv tətbiq edilmiş və nəticədə qeyd olunan prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, MPM-ə əsasən hər bir tərəf öz tələbini və etirazını əsaslandırmalıdır. Beləliklə hesab edirik ki, məhkəmə iddianı tələbini rədd edərkən sübutlara düzgün qiymət verilməmiş, əldə olunan sübutlar birtərəfli və iddiaçının zərərinə qiymətləndirilmişdir. Nəticədə prosessual pozuntulara yol verilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə müraciət edərək, işlərin üst-üstə düşməsi səbəbindən işin təxirə salınmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

21. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Apellyasiya şikayətindən görünür ki, ididaçı Abbasov X8 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2812/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

33. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia “cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi” hissəsində rədd olunmalıdır.

35. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini sübuta yetirilmədiyindən təmin etməmişdir.

36. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzil formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir.

37. İddia tələbindən görünür ki, iddiaçı qeyd olunan mənzillərə dair çıxarışların ləğv olunmasını xahiş etsə də, həmin çıxarışların verilməsinə əsas olan müqavilələri mübahisələndirməmişdir.

38. Belə olan halda, kollegiya apellyasiya şikayətin dəlilləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə “cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi təmin oluna bilməz.

39. Əvvəla kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddiasının rədd edilməsi müqavilələrin etibarsızlığına dair iddianın qaldırmaq imkanını istisna etmir. Belə ki, nə qədər ki müqavilənin etibarlılığına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir, çıxarışın ləğvinə dair iddia təmin oluna bilməz.

40. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 54-56-cı bəndlərində qeyd olunmuşdur ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

41. Yuxarıda qeyd olunanlara əsaslanaraq, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia “cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi” hissəsində rədd olunmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2812/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarlsın. İddia “cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi”nə dair hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar