Məhkəmə qərarları › İş №2(105)-348/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-348/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-348/2021 11.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(026)-139/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(026)-139/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Mirələm Quliyev) iddiaçı “AzSığorta” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “AzSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “Opel Astra” markalı, 90 LM-196 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1783 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb “AzSığorta” açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, “AzSığorta” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1783 manat sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “Qaz 31029” markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019cu il tarixdə idarə etdiyi “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı avtomobil yolunun 98,5-ci kilometrində geriyə, əks istiqamətə manevr edərkən arxadan gələn “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilin sürücüsünün idarə etməni itirməsi səbəbindən avtomobil dəmir bardura dəyərək aşmışdır. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3366 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə Azərbaycan Respublikası DİN Baş Dövlət X7 YPX xidməti tərəfindən qeydə alınmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat cərimə olunmuşdur. Bundan başqa, “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 da Azərbaycan Respublikası DİN Baş Dövlət X7 YPX xidməti tərəfindən araşdırmanın nəticəsi olaraq inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat cərimə olunmuşdur. Hər iki tərəfin, yəni həm “Qaz 31029”, həm də “Opel Astra” dövlət qeydiyyat nişanlı avtomobillərin sürücülərinin mülki məsuliyyəti yarandığından, “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1783 (3366 x 50%=1783) manat məbləğində maddi zərər cəmiyyət tərəfindən avtomobilin sahibi X2 ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun günahı yalnız avtomobili etibarnaməsiz sürməyi olmuşdur. O, xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “QAZ 3129” markali minik avtomobillə Bədəlli kəndindən Şamaxı rayon istiqamətinə dönərkən yolun sol kənar zolağı, yəni öz yolu ilə hərəkət edən zaman sola dönmə anında arxadan gələn “Opel Astra” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı minik avtomobili onun avtomobilini sol tərəfdən vuraraq qabağa atmış, özü isə aşmışdır. Həmin avtomobilin sürücüsü onun sağ tərəfində olan iki boş hərəkət zolağını buraxmış və onun idarə etdiyi avtomobili sol tərəfdə geriyə dönmə zolağında vurmuşdur. Onun idarə etdiyi avtomobilə dair etibarnaməsinin müddəti qurtarmışdır. Sığorta şirkəti həmin avtomobili onun adına etibarnaməsiz sığorta etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “AzSığorta” açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsinin sığortası şəhadətnaməsinin elektron çıxarışının surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat məbləğində “AzSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən sığorta edilmişdir. İş materiallarında olan “AzSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli, 3353/M/CML-1869/2019 saylı sığorta aktının surətindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** saylı sığorta şəhadətnaməsinə əsasən “Qaz 31029” markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin “AzSığorta” açıq səhmdar cəmiyyətində xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə Bakı-Şamaxı avtomobil yolunda “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3366 manat məbləğində zərər dəymiş, hər iki tərəfin mülki məsuliyyəti yarandığından “AzSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “Opel Astra” markalı avtomaşının sahibi X2 1783 manat məbləğində sığorta ödənişi verilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən geriyə, əks istiqamətə manevr qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2019cu il tarixli rəyinin surətindən görünür ki, “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3366 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “AzSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən 1783 manat məbləğində sığorta ödənişi X1 hesabına ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” qanunun 20.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019cu il tarixdə “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı avtomobil yolunun 98,5-ci kilometrində geriyə, əks istiqamətə manevr edərkən arxadan gələn “Opel Astra” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilin sürücüsünün idarə etməni itirməsi səbəbindən avtomobil dəmir bardura dəyərək aşmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuş, “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3366 manat məbləğində maddi ziyan dəymiş, avtomobilin sahibi X2 “AzSığorta” açıq səhmdar cəmiyyəti tərəfindən 1783 manat məbləğində sığorta ödənişi edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(026)-139/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Fuad Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar