Məhkəmə qərarları › İş №2(105)-35/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-35/2021

30.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-35/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi X14 iştirakı ilə, İddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızının Cavabdeh1 qarşı miras payının bölünməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)- 845/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 2(031)-845/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızının Cavabdeh1 qarşı miras payının bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən iddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən əmlakda miras şəriklərinin paylarının müəyyən edilərək bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar tələblərini bununla əsaslandırmışlar ki, Dəvəçi (Şabran) rayon XDS İK-nin 07 sentyabr 1988-ci il tarixli, 14 saylı qərarına əsasən X1na Dəvəçi (indiki ünvan 2 ünvanında yerləşən 794,5 kv.metr həyətyanı sahəsində yerləşən yararsız evinin sökülüb yenidən tikilməsinə icazə verilmişdir. Bundan sonra, həmin yerdə yaşayış sahəsi 48 kv.metr, ümumi sahəsi 84 kv.metr olan iki otaq, mətbəx və eyvandan ibarət yaşayış evi inşa edilmişdir. X1 05.03.1989-cu il tarixdə, anaları X5 isə 01.09.1991-ci il tarixdə vəfat etmişlər. Miras payı vərəsələr tərəfindən qəbul edilməmişdir. Həmin evdə qardaşları Cavabdeh1 öz ailəsi ilə yaşamışdır. 1995-ci ildə Dəvəçi (indiki Şabran) şəhərinə yağan güclü leysan yağışları nəticəsində şəhəri sel basmış və bir çox evləri, o cümlədən onların ata evlərini sel suları yuyub aparmışdır. Bununla əlaqədar olaraq, Dəvəçi (indiki Şabran) rayon FHK-nın təqdimatına əsasən İcra Hakimiyyəti tərəfindən qardaşları Cavabdeh1 ailəsi ilə birlikdə yaşamaq üçün dövlət vəsaiti hesabına başqa bir ünvanda ev inşa edilərək verilmişdir. Sonrakı illərdə Cavabdeh1 ona dövlət tərəfindən verilmiş evi qanuni vərəsələrlə razılaşdırmadan sataraq, yenidən ata yurdunda bir mərtəbəli ev inşa etdirərək ora köçmüşdür. Hazırda qardaşları Cavabdeh1 ağır xəstə olduğu üçün kənar şəxslər həmin əmlakı satmağı ona təklif edirlər. Digər vərəsələr - Məmmədova (İdrisova) Cansiyyət İdris qızı, o cümlədən onlar bununla qətiyyən razı olmadıqları üçün qanunla qorunan hüquqlarının məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı apelyasiya şikayətini bununla əsaslandırmışlar ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Onlar öz tələblərinin əsası kimi, müxtəlif vaxtlarda dövlət hakimiyyət orqanları tərəfindən verilmiş arayışları məhkəməyə təqdim etsələr də, cavabdeh tərəf öz etirazının əsası kimi hər hansı sübutu məhkəmə təhqiqatına təqdim etməmişdir. Məhkəmə təhqiqatı zamanı, mirasın qəbul edilməsi üçün vaxtın uzadılmasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edilmiş və Şabran Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmişdir. Maraqlı şəxs DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi mülki işdə iştirak etməmiş, qeyri-qanuni aparılan qeydiyyatlar barəsində məhkəmə təhqiqatına izahat verməmiş, məhkəmə tərəfindən bununla bağlı qanuna uyğun müvafiq tədbirlər həyata keçirilməməklə yanaşı Şabran rayon dövlət notariat kontoru maraqlı şəxs kimi mülki işə cəlb edilməmişdir. Cavabdeh1 faktiki qəbul edilmiş hesab olunan miras payından artıq öz məqsədləri üçün istifadə etdiyinə görə digər vərəsələrin də miras payını mənimsəməsi yolverilməzdir, çünki Cavabdeh1 faktiki qəbul etdiyi miras payını satıb öz məqsədləri üçün istifadə etmişdir. Belə olduğu halda, Cavabdeh1 digər vərəsələrə məxsus miras payı üzərində sərəncam vermək hüquqlarının saxlanılması qanunsuzdur və digər vərəsələrə məxsus əmlak payının övladları arasında özbaşına bölüşdürməsi ciddi qanun pozuntusudur. Digər tərəfdən, Cavabdeh1 fəaliyyət qabiliyyətli olmadığı nəzərə alınsa, maraqlı şəxslərin tamamilə saxta sənədlərlə məhkəməni aldatmaları müəyyən olunur. Cavabdehin vəkili məhkəmə araşdırmasında miras əmlaka dair vəsiyyətnamənin olduğunu bəyan etsə də, qətnamədə bununla bağlı sənədə istinad olunmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X23 şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2018-ci il tarixli arayışdan görünür ki, X16 ilə X11 birgə nikahlarından 13 noyabr 1950-ci ildə Savatxanım adlı uşaqları olmuşdur. Yenə işə əlavə edilmiş ИE 076017 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X11 birgə nikahlarından 05 iyun 1948-ci ildə Vahidə adlı uşaqları olmuşdur. Yenə də işə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2018-ci il tarixli arayışdan görünür ki, X6 01 sentyabr 1991-ci ildə ölmüşdür. İş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2018-ci il tarixli arayışdan görünür ki, X16 05 mart 1989-cu ildə ölmüşdür. Yenə iş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 aprel 2018-ci il tarixli çıxarışdan görünür ki, X27 ilə X7 10 aprel 2018-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Yenə də iş materiallarında olan Şabran rayon Dövlət arxivi tərəfindən verilmiş 31 may 2018-ci il tarixli, 100 saylı arxiv çıxarışından görünür ki, Dəvəçi şəhəri, Kommunist küçəsi, 9 saylı evdə yaşayan X12 794,5 kv.metr həyətyanı sahəsində yerləşən evinin yaşayışa yararsızlaşdığı, habelə həmin evin sökülüb tikilməyə icazə verilməsi barədəki Dəvəçi şəhər XDS İK-nin 22 avqust 1988-ci il tarixli, 09 saylı qərarı nəzərə alınmış, ona yaşayış sahəsi 48 kv.metr, ümumi sahəsi 84 kv.metr olan iki otaq, mətbəx və eyvandan ibarət yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2018-ci il tarixli, 5678 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak həqiqətən də X12 məxsus olmuşdur. Həmin şəxs 1989-cu ildə vəfat etmişdir. Yenə işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2018-ci il tarixli məktubdan görünür ki, mərhum X8 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi qeydə alınmış və həmin fərdi yaşayış evi 05 yanvar 1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1 miras qalmışdır. Yenə də işdə olan Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Dəvəçi şəhəri, Azadlıq küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 31,8 kv.metr, ümumi sahəsi 95,6 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına 05 yanvar 1993-cü ildən qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı, 01.11.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanda yerləşən yaşayış evinə tam, 0,0795 ha həyətyanı torpaq sahəsinə X20, Cavabdeh1, X25 və X3 olmaqla ümumi birgə mülkiyyət hüququ əldə etmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı, 30.12.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanda yerləşən yaşayış evinə tam, 0,0795 ha həyətyanı torpaq sahəsinə isə X25 və X3 ilə ümumi birgə mülkiyyət hüququna malikdir. Yenə işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı, 04.07.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış evi tam, həyətyanı torpaq sahəsi isə 0,023 ha Cavabdeh1 adına, 0,0265 ha həyətyanı torpaq sahəsi isə X17 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşə əlavə edilmiş reyestr nömrəsi **********45-10301 olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. Yenə işə əlavə edilmiş və Sumqayıt ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1, Namik İdrisov və Allahverdiyeva Xəyalə 18.02.2010-cu ildə vəfat etmiş X9 miras qalmış ümumi birgə pay olan 0,0795 ha torpaq sahəsindən miras payı almışlar. Yenə də işə əlavə edilmiş və Sumqayıt ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, Cavabdeh1 ilə X3 arasında daşınmaz əmlakın bağışlanması haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında Xəyalə Allahverdiyevaya 0,0035 ha torpaq сащяси bağışlanmışdır. Yenə iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1969/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, X4 və Cavadova Vahidə İdris qızının apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 18 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən görünür ki, Şabran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsilə iddiaçılar X4 və Cavadova Vahidə İdris qızının cavabdehlər Cavabdeh1, X21, X2 və Şabran rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 05.01.1993-cü il tarixli, 1/3 saylı şəhadətnamənin, həmin şəhadətnamə əsasında 1993-cü ildə verilmiş qeydiyyat vəsiqəsinin, 01.11.2014, 30.12.2014, 04.07.2017-ci il tarixli reyestrdən çıxarışların, 17.01.2015-ci il tarixli bağışlama müqaviləsinin və 24.06.2017-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Yenə də iş materiasllarında olan AR Ali Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(102)-1353/2020 saylı qərarından görünür ki, iddiaçılar X4 və Cavadova Vahidə İdris qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1969/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirtak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçılar cavabdehin bacılarıdırlar və onlar arasında əsas mübahisə mərhum atalarından miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakda miras paylarının müəyyən edilərək bölüşdürülməsi barədədir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən mübahisəli yaşayış evi tərəflərin atası X12 məxsus olmuş, o isə 05 mart 1989-cu ildə vəfat etmişdir. Bu evə dair Cavabdeh1 05 yanvar 1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, bundan sonra isə mülkiyyət hüququna dair eyni ildə qeydiyyat vəsiqəsi əldə etmişdir. Torpaq islahatı ilə əlaqədar vətəndaşlara qanuni istifadələrində olan torpaqlar əvəzsiz olaraq mülkiyyətə verildiyi üçün Cavabdeh1 evə dair qeydiyyat vəsiqəsindən və atasına məxsus torpaq sahəsinə dair sənədlərdən istifadə edərək həmin torpaq sahəsinə 4 nəfər ailə üzvü ilə birlikdə mülkiyyət sənədi almışdır. Həyat yoldaşı X20 vəfat etdikdən sonra, həmin torpağa dair 3 nəfər ailə üzvünün mülkiyyət hüququ barədə yeni reyestrdən çıxarış alınmış, daha sonra isə Cavabdeh1 özünə məxsus torpaq payının 35 kv.metr hissəsini 17 yanvar 2015-ci il tarixdə qızı X2 bağışlamışdır. İşdəki sənədlərlə müəyyən olunur ki, iddiaçılar X13 və Cavadova Vahidə İdris qızı cavabdehlər Cavabdeh1, X21, X2 və Şabran rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 05.01.1993-cü il tarixli, 1/3 saylı şəhadətnamənin, həmin şəhadətnamə əsasında 1993-cü ildə verilmiş qeydiyyat vəsiqəsinin, 01.11.2014, 30.12.2014, 04.07.2017-ci il tarixli reyestrdən çıxarışların, 17.01.2015-ci il tarixli bağışlama müqaviləsinin və 24.06.2017-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırsalar da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə bu iddia təmin edilməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kolegiyası nəzərə alır ki, AR MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə iddiaçıların hazırda pay tələb etdikləri miras əmlakın mövcud olmaması faktı təsdiq edilmişdir. Hazırki iş üzrə tərəflər isə həmin işdə iştirak edən şəxslər olmuşlar. Başqa sözlə, artıq mövcud olmayan miras əmlakdan pay tələbi əsaslı sayıla bilməz. Yuxarıda göstərildiyi kimi, hazırda İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, 1989-cu ildə vəfat etmiş atalarından miras qalmış ünvan 4 ünvanda yerləşən əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). Məhkəmə kollegiyası tərəflər arasında mübahisə predmeti təşkil edən miras əmlakla bağlı hüquq münasibətinin 2000-ci il tarixdən əvvəl (İdris İdrisovun vəfat tarixi) yarandığından hesab edir ki, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Mirasın açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açlır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeyidlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd etmək lazımdır ki, iddiaçılar birinci növbəli vərəsələrin dairəsinə daxil olsalar da, onlar bu hüquqlarını reallaşdıraraq miras qalmış əmlakı vaxtında istər yuridik, istərsə də faktiki olaraq qəbul etməmişlər. İşin tədqiq olunan faktii hallarından göründüyü kimi iddiaçıların qardaşı Cavabdeh1 tərəfindən miras kimi qəbul edilmiş evi 1995-ci ildə keçmiş Dəvəçi şəhərində yağan leysan yağış nəticəsində sel suları yuyub aparmışdır. Bundan sonra, Cavabdeh1 dövlət vəsaiti hesabına başqa yerdə ev inşa edilmiş və o, dövlətin inşa etdiyi evə köçmüşdür. Daha sonra isə o, həmin evi sataraq ata yurdunda özü yeni birmərtəbəli ev inşa etmişdir. Göründüyü kimi, Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyi miras ev hazırda mövcud deyildir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən miras kimi qəbul edilən daşınmaz əmlak məhv olunduğuna görə ona münasibətdə mülkiyyət hüququ itirilmiş, Cavabdeh1 tərəfindən inşa edilmiş yeni ev isə miras əmlak olmadığına görə onun iddiaçılar arasında bölünməsi mümkün deyildir. Bundan başqa, işdən görünür ki, iddiaçılar V.İ.Cavadova və S.İ.Orucova hazırkı iddianı qaldırarkən tələb etmə müddətini də ötürmüşlər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunduğu kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 1989-cu il tarixdə yarandığından, həmin vaxt qüvvədə olan (1964-cü il redaksiyası) Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilir. Yenə həmin Məcəllənin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni Məcəllənin 82-cı maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianın rədd etmək üçün əsasdır. Göründüyü kimi, mübahisələndirilən miras əmlakla bağlı iddiaçıların vərəsəlik hüququ 1989-cu ildə atalarının ölümü ilə yaransa da, bu hüquqla bağlı əmlaka dair onlar məhkəmədə 2018-ci ildə (29 il sonra) iddia qaldırmış, bununla da iddia müddətini keçirmişlər və iddia tələbi bu əsasla da təmin edilə bilməz. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, iddiaçılar məhkəmə iclasında Cavabdeh1 onların hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçıların tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçıların apelyasiya şikayətində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlinmiş qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı və Orucova (İdrisova) Savatxanım İdris qızı qızının apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-845/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar