Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3530/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X5 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Məlahət Abbasova). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsini tələb etsə də icra qeydinin etibarsız hesab edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi “İcra haqqında” Qanununda nəzərdə tutulan tələblərə uyğun tərtib edilmiş, notarius tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, notariat ofisi tərəfindən icraya yönəldilmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tələblərə uyğun olduğundan icra məmuru icra qeydini qəbul etmiş, icraata başlama haqqında qərar qəbul etmiş və qərarı bildirişlə birlikdə borcluya göndərmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələndirilən icra qeydinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş tələblərə də uyğundur. Belə ki, mübahisələndirilən icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatları özündə əks etdirmiş və icra olunması üçün icraya yönəldilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən və əsassız olduğundan ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsi iddia ərizəsinin heç bir dəlilinə münasibət bildirməmiş, 22 saylı Notariat Kontorunun ləğv edilməmiş (qüvvədən düşmüş və ya etibarsız sayılmamış) 10.01,2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydi olduğu halda, eyni iş üzrə Abşeron Rayon 1 saylı Notariat Kontorunun 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədi verməsinin hüquqi əsasının olub-olmaması ilə bağlı bir cümlə belə qeyd etməmişdir. Məhkəmənin icra qeydinin etibarsız hesab edilməsi üçün hər hansı sübutları məhkəməyə təqdim edə bilməməyi barədə göstərdikləri məhkəmənin nüfuzunu salmaqdan başqa bir şey deyildir. İddia ərizəsində açıq-aşkar göstərmişdir ki, 10.01,2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli kredit müqaviləsinə əsasında Bakı şəhəri 22 saylı Notariat Kontoru (notarius Ş.F.Gülməmmədova) tərəfindən 10.01.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydi verilmiş, Abşeron Rayon icra Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən 31.08.2015-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, eyni iş üzrə Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədi verilmiş, Abşeron Rayon icra və Probasiya Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən yenidən 09.03.2021-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Nəticədə bir iş üzrə ayrı-ayrı nömrə ilə iki icra qeydi mövcuddur. Bundan başqa, 10.01.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydi ilə tələb etmək hüququnun yarandığı gündən üç il keçdiyindən 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin aparılmasının hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X10 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, icra qeydi təlimata və bütün normalara uyğun olaraq tərtib olunub. İcra qeydi aparılanda əlavə araşdırılmanın aparılması yaxud borclunun dəvət olunması kimi öhdəliyi yoxdur. Müddətin bitmiş olduğu halda niyə ikinci dəfə icra qeydi verilməsinə dair suala cavab verə bilmir. 2 icra qeydi eyni anda icra oluna bilməz. Birinci icra qeydinə dair məlumatı olmayıb. Çünki birinci icra qeydi aparılan zaman elektron sistem mövcud olmayıb və bunu bilə bilməzdilər. Qazi olduğu üçün üçüncü şəxsi növbədənkənar qəbul etmiş, ona tanınan tək üstünlük bu olmuşdur. Müqavilələri oxuyub, müqavilədə icra mərhələsinin Bakı şəhərində baş tutacağı qeyd oluna bilər. Amma müqavlə qanundan üstün ola bilməz. İcra qeydi borclunun olduğu yer üzrə verilməlidir. Əvvəlki icra qeydi haqqında ona məlumat verilməyib. Əlavə nəyisə araşdırmaq səlahiyyəti yoxdur. Üçüncü şəxsin baş idarədə olan zaman birinci icra qeyd barədə məlumat verib-verməməsi barədə məlumatı yoxdur. Axırıncı icra qeydi Abşeron rayonunda verilib. Düzgün olan və icra olunmalı olan icra qeydi də həmin icra qeydidir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 şəxsiyyət vəsiqəsi və əlillik haqqında arayış alnmış, lakin qeyri-adekvat hərəkətlərinə görə məhkəmə iclasını üçüncü şəxs X3 iştirakı ilə davam etdirmək mümkün olmadığından məhkəmə kollegiyası məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iş üzrə tərəfləri dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 09 mart 2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan X3 (AA1543162, 20.12.2019 00:00-Asan 1) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, 05.02.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx, d/t: xx.xx.1984) vaxtında ödənilməmiş 9144 manat tutulmalıdır. Bundan əlavə, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun (haqq) olmaqla, cəmi 9164 manat pulun tutulması təklif edilmişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin 09.03.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və icraata başlamaq haqqında məlumatın surətindən görünür ki, Abşeron rayonu 1 saylı notariat kontorunun 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsini tələb etsə də, icra qeydinin etibarsız hesab edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən əsasla iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə X8 arasında 10.01.2015-ci il tarixli, 3-M-1-17 saylı kredit müqaviləsi bağlanmış, hər ay 381 manat olmaqla, 9144 manat pul verilmişdir. Müqavilə Bakı şəhəri, 22 saylı Notariat Kontorunda təsdiqlənmiş, müqavilə icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Abşeron rayon İcra Şöbəsinin 23.06.2017-ci il tarixli “İcra sənədinin digər orqana (Notariat Kontoruna) qaytarılması barədə Qərarından görünür ki, tələbin məcburi qaydada icrasını təmin etmək məqsədilə borculuya məxsus əmlakın axtarılması barədə qərar qəbul edilmiş, icra üçün aidiyyarı orqanlara göndərilmiş, borcluların yaşadığı mənzilə baxış keçirilmiş, borclunun siyahıya alınası əmlakı aşkar edilməmiş, borclunun banklarda olan hesabı, daşınar və daşınmaz əmalakları barədə sorğu göndərilmiş, borcluya məxsus bank hesabında pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbədən icra sənədi üzrə tələbi təmin etmək mümkün olmamış, bu barədə akt tərtib edilmiş, “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadığından icra sənədi Bakı şəhəri 22 saylı Notariat Kontoruna geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(006)-4681/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdehlər Bakı şəhəri 22 saylı Notariat Kontoruna və İddiaçı qarşı kredit müqaviləsinə dair qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 22 saylı Notariat Kontorunda 3-M-1-7 nömrəsi ilə bağlanmış kredit müqaviləsinə dair 19.05.2019cu il tarixli, 7E-2640 saylı qeydin ləğv edilməsini xahiş etmiş, iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2016-cı il tarixli, 2(102)-3980/2016 saylı qərarından görünür ki, iddiaçı X11 İddiaçı Adil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli, 2(012)5028/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.04.2016-cı il tarixli, 2(105)917/2016 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli, 2(012)5028/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12.04.2016-cı il tarixli, 2(105)917/2016 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2(105)332/20217 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli, 2(012)5028/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, iddiaçı X6 icra qeydinin icrası ilə əlaqədar Abşeron rayon İcra Şöbəsinə müraciət etməsi izah edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarından göründüyü kimi, notariat orqanı tərəfindən müqavilə üzrə icra qeydi icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmiş, iş üzrə icraata başlanılmış, daha sonra isə icrası mümkün olmadığından notariat kontoruna geri qaytarılmışdır. Bundan sonra borcverən X8 pul tələbinə dair ərizə ilə məhkəməyə mürciət etmiş, məhkəmə qərardadına əsasən müqaviləyə dair icra qeydi verilməsi əsası ilə iddia ərizəsi üzrə icraata xitam verilmiş, bundan sonra X8 icra qeydinin ləğvi barədə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə verilmiş icra qeydi hazırki gündə də qanunu qüvvəsindədir və onun ləğvinə dair məhkəmə qərarı mövcud deyildir. Belə olan halda müqavilə üzrə verilmiş icra qeydi qanuni qüvvədə olduğu halda həmin müqavilə üzrə təkrar icra qeydinin verilməsi qanunvericiliyə uyğun deyildir və qanunvericilikdə bir müqavilə üzrə birdən artıq icra qeydinin verilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş icra qeydi Abşeron rayon İcra Şöbəsinin 23.06.2017-ci il tarixli “İcra sənədinin digər orqana (Notariat Kontoruna) qaytarılması barədə Qərarı ilə geri qaytarılmışdır. İş materiallarından müəyyən edilir ki, hazırki mübahisənin predmeti olan Abşeron rayon 1 saylı Notariat ofisinin icra qeydi 09.03.2021-ci il tarixdə tərtib edilərək icra edilməsi üçün icra orqanına göndərilmişdir. Hazırki işdən görünür ki, tərəflər arasında müqavilə 10.01.2015-ci il tarixdə bağlanmış, ilk dəfə icra qeydi 10.01.2015-ci il tarixdə verilmiş və icra edilməsi üçün icra orqanına verilmiş, icra sənədi üzrə 31.08.2015-ci il tarixdə icraata başlanılmış, müəyyən sorğular verilmiş, Abşeron rayon İcra Şöbəsinin 23.06.2017-ci il qərarı ilə icrası mümkünsüz olduğundan geri qaytarılmışdır. Bundan sonra isə borcverənin müraciəti əsasında müqavilənin bağlandığı notariat kontorunda deyil, 09.03.2021-ci il tarixdə, müqavilə bağlandığı tarixdən 6 ildən çox müddət keçəndən sonra Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən yenidən icra qeydi verilmişdir. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, icra qeydi üzrə verilmiş icra sənədinin geri qaytarılmasına əsas olan hallar aradan qalxdıqdan sonra həmin icra sənədini yenidən icraya yönəldilməsi qanunvericiliklə tənzimlənir və borcverənin yenidən belə bir ərizə ilə müraciət etmək hüququ vardır. Həmçinin icra sənədinin geri qaytarılması barədə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuş, qərarın nəticə hissəsində bu hal qeyd edilmişdir. Belə olan halda borcverən icra qeydi üzrə verilmiş icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarından da şikayət vermək hüququna malik olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işi tam araşdırmamış, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra qeydinin verilməsini, həmin icra qeydinin icra edilməsi üçün icra orqanına göndərilməsini, icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmasını, tərəflər arasında müqavilə üzrə pulun tələb edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmasını, həmin mübahisə üzrə icra qeydinin olması əsası ilə icraata xitam verilməsini, müqavilə üzrə borcverənin həmin icra qeydinin ləğvinə dair məhkəməyə müraciət etməsini, iddia tələbinin təmin edilməməsini, icra qeydinin qanuni qüvvəsində qalmasını, müqavilə bağlanmasından 6 il müddət keçdikdən sonra müqavilənin bağlandığı notariat kontoru tərəfindən deyil, başqa bir notariat ofisi tərəfindən müqavilə üzrə təkrar icra qeydinin verilməsini nəzərə almamış, yekunda maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ- 1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, müqavilə üzrə borcverən Kərimov Əmrah Firuddin oğlunun geri qaytarılmış icra sənədinin təkrar icraya yönəlməsi üçün icra sənədi verən orqana müraciət etmək, eləcə də icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarından şikayət vermək hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etdiyi üçün apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 385.1.1, 372.1, 372.6, 372.7, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3530/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3530/2021
28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver