Məhkəmə qərarları › İş №2(105)-3552/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3552/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3552/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1130/2021 saylı, 20.08.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Mehdiyev X1 Nizami Hümbət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulması və yayılmış məlumatların təkzib olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona vurulmuş maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı, 20.08.2020-ci il tarixli qətnaməsilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə mənəvi zərərin əvəzi olaraq 500 (beş) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia isə tamamilə rədd edilmişdir. (hakim A.Süleymanova) İlk iddia üzrə Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Onun apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, mübahisə araşdırılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, bununla da mübahisə üzrə qanunsuz nəticəyə gəlinmişdir. Buna görə də qətnamə ləğv edilməli, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apelyasiyanın mümkünlüyü ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə digər tərəf məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda üzrə iddia ərizələri üzrə 30 manat dövlət rüsumu tutulur. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı ilk iddia ərizəsini verərkən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verdikdə dövlət rüsumunu ödəməmişdir. Apelyasiya şikayətində o, qeyd etmişdir ki, müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddırlar. Normanın məzmunundan da görünür ki, müharibə veteranları yalnız məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azaddırlar və Cavabdeh qarşılıqlı iddia qaldırarkən bu hüququndan istifadə etmişdir. Lakin qətnamədən apellyasiya şikayəti verilərkən bu kateqoriyadan olan şəxslərin hər hansı rüsumu ödəməkdən azad olunması barədə norma mövcud deyildir. Buna görə də Cavabdeh hazırkı apellyasiya şikayəti verərkən adi qaydada 15 manat məbləğində dövlət rüsumu ödəməli idi. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı, 20.08.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilib-edilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1130/2021 saylı, 20.08.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar