Məhkəmə qərarları › İş №2(105)-356/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-356/2025

16.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-356/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı̇ qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi, mülkiyyətə qarşı maneələrə son qoyulması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı "özbaşına tiklilərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbi dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində qanunsuz sahibliyində olan torpaq sahəsində inşa edilmiş özbaşına tiklilərin onun hesabına sökülməsi, Cavabdeh tərəfindən mülkiyyətinə qarşı etdiyi qəsd və başqa maneələrə son qoyulması, cavabdehin mülkiyyətinə cürbəcür hədsiz (qanunsuz) təsirlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bununla yanaşı İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək, Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərinin yaxınlığında inşa edilmiş özbaşına tiklilərin onun hesabına sökülməsi, Cavabdeh tərəfindən mülkiyyətinə qarşı etdiyi qəsd və başqa maneələrə son qoyulması, cavabdehin mülkiyyətinə cürbəcür hədsiz (qanunsuz) təsirlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə onun və anası X5 ümumi birgə mülkiyyətinə Şabran şəhəri ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onlara torpağın mülkiyyətə verilməsinə dair JN-573F, kod 30401004 saylı şəhadətnamə verilmişdir. Onların həmin torpaq sahəsində fərdi yaşayış evləri mövcuddur. X2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsini, həmçinin onlara məxsus torpaq sahəsinin bir hissəsini özbaşına olaraq zəbt etməklə evlərinin pəncərəsinin altında tikinti işləri aparmaqdadır. Cavabdehin tikinti işlərini apardığı torpaq sahəsi onun mülkiyyətində deyil, onun qanunsuz sahibliyindədir. Cavabdeh tikinti işlərini heç bir layihə olmadan və lazımi icazə almadan aparmaqdadır. Göründüyü kimi həmin tikili özbaşına tikinti sayılır. O, ondan tikinti işlərini dayandırmasını və özbaşına olaraq inşa etdiyi tikililəri söküb yığışdırmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Həmçinin qeyd edir ki, vaxtı ilə cavabdehin yaşadığı evdə yanğın baş vermiş, onun zəngindən və müdaxiləsindən sonra həmin yanğın söndürülmüşdür. Əgər o, vaxtında yanğının söndürülməsi üçün zəng vurmasaydı evləri də yanıb kül olacaqdı. Göründüyü kimi həm də təhlükəsizliyi baxımından həmin özbaşına tikililər sökülməlidir. O, qeyd olunan məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət etsə də, ona tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Şabran RPŞ-nin TQ- nun 20 noyabr 2021-ci il tarixli “cinayət təqibinin başlanılmasımn rədd edilməsi haqqında” qərarında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yaşayan X8 istifadəsində olan 600 m2 torpaq sahəsində heç bir rəsmi sənəd olmadan, qeyri-qanuni fərdi yaşayış evi və köməkçi otaqlar tikmişdir. Beləliklə, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsinin tərkib hissəsinin olması izahatlarda tam sübuta yetirilmişdir. Göründüyü kimi Şabran RPŞ-nin TQ-nun qərarı ilə də bir daha cavabdehin özbaşına tikililər inşa etdiyi öz təsdiqini tapmışdır. O, uzun illər Azərbaycan Dəmir Yolları QSC-də müxtəlif vəzifələrdə işləmişdir. Səhhətində bir sıra problemlər var və bununla əlaqədar müalicələr alır. Cavabdeh bunu bilə-bilə tikinti işləri aparmaqla qəsdən səs-küy yaradaraq ona acıq verir, bu da müalicəsinə mənfi təsir göstərən narahatçılığa səbəb olur. Cavabdeh həmçinin müxtəlif formalarda mülkiyyətinə qarşı qəsd və başqa maneələr etməkdədir. Qeyd olunan məsələlərlə bağlı dəfələrlə aidiyyatı orqanlara (Şabran rayon İcra Hakimiyyətinə, Şabran şəhər İƏD üzrə nümayəndəliyə, Şabran şəhər bələdiyyəsinə) rəsmi qaydada müraciətlər etsə də, müraciətlərinin heç bir müsbət nəticəsi olmamış, üstəlik cavabdeh onu hədələyir və nə istəsə onu da edəcəyəm deyir. Ona görə də cavabdeh tərəfindən özbaşına tikililərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz (qanunsuz) təsirlərin qadağan edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

4. Bundan sonra, 08 avqust 2025-ci il tarixdə iddiaçı dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evinin yaxınlığında inşa edilmiş özbaşına tiklilərin onun hesabına sökülməsi, Cavabdeh tərəfindən zəbt edilmiş 2 sot torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması, Cavabdeh tərəfindən mülkiyyətinə qarşı etdiyi qəsd və başqa maneələrə son qoyulması, cavabdehin mülkiyyətinə cürbəcür hədsiz (qanunsuz) təsirlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçı iddia ərizəsinə etiraz edir və bildirir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini o, 1974-cü ildə mərhumə Muradova Ruqiyyədən alqı-satqı yolu ilə almışdır. İddiaçı öz ərizəsində göstərir ki, guya o, ona məxsus torpaq sahəsinin bir hissəsini özbaşna olaraq zəbt etmiş, evinin pəncərəsinin altında tikinti işləri aparır. O, qətiyyətlə iddiaçının bu iddiasını rədd edir. Şikayətdə qeyd edilən dəlillər, heç biri həqiqəti əks etdirmir, heç bir sənəd və sübutla təsdiq olunmayan cəfəngiyatdır, şikayət yalnız faktiki məsələlər ilə bağlıdır ki, qeyd edilən faktlar isə mövcud deyil, iddiaçının öz subyektiv mülahizəsinin nəticəsidir ki, belə əsassız mülahizələr məhkəməni əsas məsələdən yayındırmağa xidmət edir. İddiaçının iddia tələbində yazılanlar yalan və böhtandır. Yalnız onun iddia ərizəsində yanğınla bağlı qeyd etdiyi, yazdığı düzdür. İddiaçı X1 ona 370 (üç yüz yetmiş) AZN borcu var. Məhz o, bütün böhtan xarakterli iddia ərizəsini yazmaqla, ona olan borcunu ört-basdır etmək məqsədi güdür. İddiaçı dəfələrlə, təkrar-təkrar ailə üzvlərinin, gəlininin, nəvələrinin gözləri önündə insan ləyaqətini, mənliyini, şərəfini, vijdanını, şəxsiyyətini alçaldan ifadələrlə onu təhqir edib. Hansı ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şərəf və ləyaqətin müdafiəsi bir çox beynəlxalq aktlarda öz əksini tapmışdır. İddiaçı X1 iddiası qanunsuz və əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-6592/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-30/2023-016 saylı, xx.xx.2023-cü il tarixli qərarda əsasında 1-ci sual üzrə Cavabdeh tərəfindən X4 (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səs küyün yaradılıb yaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilmiş, 3-cü sual üzrə isə Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlandığı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş xəritə məlumatlarına əsasən Cavabdeh istifadəsində olan torpaq sahəsinin 0.01016 ha hissəsi JN-573F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmə ilə X1 və anası X5 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin cizgilərinin üzərində yerləşdiyi, Cavabdeh ilə JN-573F saylı şəhadətnaməyə məxsus torpaq sahəsinin sərhədinin bir hissəsinin çay daşı ilə, bir hissəsinin metal torla hasarlandığı və çay daşı ilə hasarlanmış hissənin uzun illər öncə inşa edildiyinin müəyyən olunduğu qeyd edilərək, mübahisələndirilən sahəyə yenidən komissiya şəklində müvafiq nümayənələr ilə yerində baxış keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir.

8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/7034 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Mircavad Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, yerində baxış keçirilməklə JN-574A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin üzərində mişar daşından fərdi yaşayış evi və saman kərpicdən inşa edilmiş həyət tikilisi (mübahisələndirilən tikili) mövcuddur. Həmin tikililər JN-574 A saylı şəhadətnamənin cizgiləri daxilindədir. Sahənin üzərində bu tikililərdən başqa tikili yoxdur. Cavabdeh tərəfindən X4 (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səs-küyün yaradılıb-yaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publim hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyələri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilir. Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında (evlərinin pəncərəsinin altında) inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus JN- 574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cizgiləri daxilindədir. Cavabdeh zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olan torpaq sahəsinin 0.01016 ha hissəsi JN573F saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X1 və anası X5 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin cizgilərinin üzərində yerləşir. Cavabdeh JN-573F şəhadətnaməyə məxsus torpaq sahəsinin sərhədinin bir hissəsi çay daşı ilə, bir hissəsi metal torla hasarlanıb. Çay daşı ilə hasarlanmış hissənin uzun illər öncə inşa edildiyi müəyyən olundu (hasar fiziki olaraq aşınıb, köhnəlib, üzəri mamır bitkisi ilə bağlanıb). Bu səbəbdən mübahisələndirilən sahəyə yenidən komissiya şəklində müvafiq nümayəndələrilə birlikdə baxış keçirilməsi məqsədə uyğun hesab edilir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-13973/2025 nömrəli mütəxəssis rəyinə əsasən araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 3-16- 16/2-10/7034 nömrəli ekspert rəyində (mütəxəssis rəyinə istinadən) göstərilmiş, 0.01016 ha torpaq sahəsi şəhadətnamələrin cizgilərinə əsasən İddiaçı mülkiyyətinə aiddir. Həmin 0.01016 ha torpaq sahəsi faktiki Cavabdeh istifadəsindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) İddiaçı Cavabdeh qarşı "özbaşına tiklilərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.2, 216-220, 227, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-34/2024 saylı qətnaməsini əsassız və qeyri obyektiv hesab edir. Çünki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, qətnamədə heç bir hüquq normasına istinad olunmamış, bununla da, maddi hüquq normaları da pozulmuşdur. Qeyd edir ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə onun və anası X5 ümumi birgə mülkiyyətinə Şabran şəhəri ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onlara torpağın mülkiyyətə verilməsinə dair JN-573F, kod 30401004 saylı şəhadətnamə verilmişdir. Onların həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Qeyd edir ki, qonşusu Cavabdeh evin pəncərəsinin altında, işıq dirəyinin yaxınlığında qeyri-qanuni şəkildə tikinti işləri aparmaqdadır. Cavabdeh tikinti işlərini heç bir layihə olmadan və lazımi icazə almadan aparmaqdadır. Göründüyü kimi həmin tikili özbaşına tikinti sayılır. Şabran RPŞ-nin TQ-nun 20 noyabr 2021-ci il tarixli “cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərarında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadəsində olan 600 m2 torpaq sahəsində heç bir rəsmi sənəd olmadan, qeyri-qanuni fərdi yaşayış evi və köməkçi otaqlar tikmişdir. Beləliklə, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsinin tərkib hissəsinin olması izahatlarda tam sübuta yetirilmişdir. Göründüyü kimi Şabran RPŞ-nin TQ-nun qərarı ilə də cavabdehin özbaşına tikililər inşa etdiyi öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X16 Xidməti Şimal Regional X16 İdarəsinə ünvanladığım şikayət əsasında ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Sizə məxsus fərdi yaşayış evinin 1.5 m. aralığında X7 tərəfindən layihə sənədləri Şabran rayon İcra Hakimiyyəti ilə razılaşdırılmadan tikili inşa edilmişdir”. Həmçinin qeyd olunan məsələlərlə bağlı dəfələrlə aidiyyatı orqanlara (Şabran rayon İcra Hakimiyyətinə, Şabran şəhər İƏD üzrə nümayəndəliyə, Şabran şəhər bələdiyyəsinə) rəsmi qaydada müraciətlər etmişdir. Həmin təşkilatlar cavabdehə öz iradlarını bildirsə də, ona evinin divarından 1.5 metr məsafədə heç bir tikinti işləri aparmağa icazə verilməsə də, yaşayış yeri üçün ayrılmış torpaq sahəsində emalatxana tikintisinin və işlədilməsinin qanunsuz olduğu qərara alınsa da, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmçinin qeyd edir ki, cavabdehin hazırkı tikinti işlərini apardığı yerdən təxminən 5 m.aralıda köhnə evi mövcud olmuş və bir neçə il bundan qabaq həmin evdə yanğın baş vermişdir. Onun zəngindən və müdaxiləsindən sonra həmin yanğın söndürülmüşdür. Əgər o, vaxtında yanğının söndürülməsi üçün zəng vurmasaydı evi də yanıb kül olacaqdı. Şabran şəhər nümayəndəliyindən gəlib həmin tikintiyə baxmışlar, qapısını bağlatdırıb o biri qapıdan istifadə etməsini ona bildirmişlər. Buna baxmayaraq cavabdeh yenidən tikinti işləri apararaq daha da narahatçılığına səbəb olur. Cavabdehin pəncərənin altına yığdığı taxtalar alışarsa onun evi də yanaraq kül olacaqdır. Bu həm onun evi həm də, güvənliyi üçün böyük təhlükədir. Göründüyü kimi həm də təhlükəsizliyi baxımından həmin özbaşına tikililər sökülməlidir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bildirir ki, o, uzun illərdir ki, Azərbaycan Dəmir Yolları QSC-də işləyir. Səhhətində bir sıra problemlər var və bununla əlaqədar müalicələr alır. Cavabdeh bunu bilə-bilə tikinti işləri aparmaqla qəsdən səs-küy yaradaraq ona acıq verir, bu da müalicəsinə mənfi təsir göstərən narahatçılığa səbəb olur. Cavabdeh 40 ildir ki, ustadır, qanunsuz olaraq həyətində emalatxana da işlədir. Cavabdeh müxtəlif formalarda mülkiyyətinə qarşı qəsd və başqa maneələr, cürbəcür hədsiz (qanunsuz) təsirlər etməkdədir. Qeyd olunan məsələlərlə bağlı dəfələrlə aidiyyatı orqanlara (rəsmi qaydada müraciətlər etmişdir. Həmin təşkilatlar cavabdehə öz iradlarını bildirsə də, ona evinin divarından 1.5 metr məsafədə heç bir tikinti işləri aparmağa icazə verilməsə də, yaşayış yeri üçün ayrılmış torpaq sahəsində emalatxana tikintisinin və işlədilməsinin qanunsuz olduğu qərara alınsa da, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirir, üstəlik onu hədələyir və nə istəsə onu da tikəcəyini deyir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli ekspert rəyində qeyd olunur ki,” Cavabdeh tərəfindən X4 (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səs-küyün yaradılıbyaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publim hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyələri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilir. O da məhkəməyə vəsatət təqdim edərək Cavabdeh tərəfindən ona hədsiz (qanunsuz) təsirlərin, səs-küyün yaradılıb-yaradılmamasının müəyyən edilməsi üçün işi aidiyyatı üzrə məhkəmə ekspertizası mərkəzinə göndərilməsini və mübahisələndirilən sahəyə komissiya şəklində müvafiq nümayəndələr ilə yerində baxış keçirilməsini xahiş etsə də, məhkəmə tərəfindən hərəkətsizlik edilərək qeyd etdiklərinin heç biri təmin edilməmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə istinad edilməmiş, qeyd olunan maddənin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli sonuncu ekspert rəyində qeyd olunur ki, ”Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Mircavad Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, yerində baxış keçirilməklə JN-574A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin üzərində mişar daşından fərdi yaşayış evi və saman kərpicdən inşa edilmiş həyət tikilisi (mübahisələndirilən tikili) mövcuddur. Həmin tikililər JN- 574 A saylı şəhadətnamənin cizgiləri daxilindədir. Sahənin üzərində bu tikililərdən başqa tikili yoxdur. Cavabdeh tərəfindən İddiaçı (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səsküyün yaradılıb-yaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publim hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyələri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilir. Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında (evlərinin pəncərəsinin altında) inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus JN-574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cizgiləri daxilindədir. Cavabdeh zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olan torpaq sahəsinin 0.01016 ha hissəsi JN- 573F saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və anası X5 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin cizgilərinin üzərində yerləşir. Cavabdeh JN-573F şəhadətnaməyə məxsus torpaq sahəsinin sərhədinin bir hissəsi çay daşı ilə, bir hissəsi metal torla hasarlanıb. Çay daşı ilə hasarlanmış hissənin uzun illər öncə inşa edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən mübahisələndirilən sahəyə yenidən komissiya şəklində müvafiq nümayəndələrlə birlikdə baxış keçirilməsi məqsədəuyğun hesab edilir”. Qeyd edir ki, həmin rəydən əvvəl də iş üzrə mütəxəsssis və ekspert rəyləri verilmiş, həmin rəylər ziddiyyətlidir. Göründüyü kimi qoyduğu suallara ilkin olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 mütəxəssisləri tərəfindən obyektiv rəylər verilməmiş, ekspert də, mütəxəssis rəylərində qeyd olunanları öz rəyinə köçürərək ekspert rəyləri vermişdir. Əslində cavabdeh ona məxsus 2 sot torpaq sahəsini zəbt edərək hasara almış, onun həmin torpaq sahəsinə giriş-çıxışının qarşısını almışdır. Özü üçün həmin torpaq sahəsinə giriş üçün qapı da qoymuşdur. Ümumiyyətlə rəylər “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə verilməmişdir. Sonuncu ekspert rəyində göstərilən 0.01016 ha zəbt məsələsinə qətnamədə ümumiyyətlə toxunulmamışdır. İş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənov tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisələndirilən sahəyə yenidən komissiya şəklində müvafiq nümayəndələr ilə yerində baxış keçirilməsi məqsədəuyğun hesab edilir. Ona görə də o, məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət təqdim edərək xahiş etmişdir ki, Cavabdeh tərəfindən ona hədsiz (qanunsuz) təsirlərin, səs-küyün yaradılıb-yaradılmamasının müəyyən edilməsi üçün iş aidiyyatı üzrə məhkəmə ekspertizası mərkəzinə göndərilsin və mübahisələndirilən sahəyə komissiya şəklində müvafiq nümayəndələr ilə yerində baxış keçirilməsi təmin edilsin. Lakin, torpaq sahəsinə nə məhkəmə tərəfindən, nə də, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssiləri tərəfindən baxış keçirilməmiş, yerindəcə cavabdeh tərəfindən ona qanunsuz təsirlərinin, səs-küyün, hər hansı maneənin edilib-edilmədiyi aydınlaşdırılmamışdır. Ümumiyyətlə Şabran Rayon Məhkəməsində işə baxan hakim öz vəzifəsinin öhdəsindən gələ bilməmiş, bir dəfə də olsun Fövqəladə Hallar Nazirliyinə və Şabran rayon İcra Hakimiyyətinə sorğular verərək qanunsuz tikililərə dair məsələyə aydınlıq gətirməmişdir. Şabran RPŞ-nin TQ-nun 20 noyabr 2021-ci il tarixli “cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərarında qeyd olunanlara, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X16 Xidməti Şimal Regional X16 İdarəsindən ona ünvanlanmış cavab məktubunda qeyd olunanlara, rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsinə hakim ümumiyyətlə hüquqi əhəmiyyət verməmişdir. Şabran Rayon Məhkəməsində sadəcə olaraq süründürməçiliyə məruz qalmış və işinə 3 ildən artıq müddətə baxılmış, heç bir ciddi araşdırılma aparılmadan nəticədə onun əleyhinə qətnamə qəbul olunmuşdur. Cavabdehin yaşadığı ev üzərində mülkiyyət hüquqları qanunsuz tikililərinə görə daşınmaz əmlakın dövlət reyetrində belə dövlət qeydiyyatına alınmamışdır. Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar obyektiv şəkildə araşdırılsa idi, iş müsbət sonluqla nəticələnəcəkdi və iddiası təmin ediləcəkdi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

16. Etiraz onunla əsaslandırılmışdır ki, yaşadığı bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evini o, 1974-cü ildə mərhumə Muradova Ruqiyyədən almışdır. Həmin həyətyanı sahə ona hazırkı vəziyyətdə təhvil verilib. İddiaçı əsassız və qanunsuz olaraq, 2018-ci ildə inşa etdiyi yardımçı otaqların sökülməsini tələb edir. Məhkəmə iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

19. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsi qismən ləğv olunaraq həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmamalıdır.

25. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında (evlərinin pəncərəsinin altında) inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus JN- 574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cizgiləri daxilindədir. Cavabdeh zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır.

26. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir.

27. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməlidir.

29. Qeyd olunmalıdır ki, araşdırılan iddia tələbindən də göründüyü kimi mübahisə mülkiyyət hüququnun qorunması ilə bağlıdır.

30. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-13973/2025 nömrəli mütəxəssis rəyinə əsasən araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 3-16- 16/2-10/7034 nömrəli ekspert rəyində (mütəxəssis rəyinə istinadən) göstərilmiş, 0.01016 ha torpaq sahəsi şəhadətnamələrin cizgilərinə əsasən İddiaçı mülkiyyətinə aiddir. Həmin 0.01016 ha torpaq sahəsi faktiki Cavabdeh istifadəsindədir.

34. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya məxsus 0,01016 ha torpaq sahəsindən faktiki olaraq Cavabdeh istifdə edir.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı mülkiyyətinə aid olan, cavabdeh tərəfindən istifadə olunan 0,01016 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı Samaya Qasımovaya qaytarılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

37. Kollegiya qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır.

38. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

39. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş, mübahisələndirilən tikilinin onun hüququnu nə kimi əhəmiyyətli dərəcədə pozması, həmçinin mülkiyyətinə yönəlmiş təsirlərin və maneələrin nədə ifadə olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

41. Odur ki, məhkəmə kollegiyası həmin hissədə iddia tələbini əsaslı hesab etmir. Kollegiyanın qənatincə bu hissədə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarallarına uyğun olmaqla əsaslıdır.

42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(031)-34/2024 nömrəli qətnaməsi qismən ləğv olunsun və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. JN573F saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı X4 məxsus, Cavabdeh faktiki istifadəsində olan 0,01016ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq X4 qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmadır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar