Məhkəmə qərarları › İş №2(105)-3569/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3569/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3569/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlundan və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə aid yazılmış cərimə borclarının ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(060)-7515/2021-001 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) İddiaçı Cavabdeh qarşı «avtomobilə aid cərimə borclarının ödənilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı avtomobilə aid cərimə borclarının ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməməsini iddiaçının öz ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair heç bir sənəd əlavə etməməsi, Cavabdeh hal-hazırda harada rəsmi olaraq qeydiyyatda olmasını təsdiq edən Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin müvafiq arayışını iddia ərizəsinə əlavə etməməsi və cavabdehin poçt ünvanını tam şəkildə göstərməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (MPM-nin 149.2. 149.2.1., 149.2.2., 149.2.3. 149.2.4. və 149.2.5. maddələri). Mülki Prosessual Məcəllənin 152.1.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsinin iddiaçıya geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli və onunla bağlı 30 sentyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar