Məhkəmə qərarları › İş №2(105)-359/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-359/2022

25.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-359/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X12) qarşı cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC ondan apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsinin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə bununla bağlı qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC-nin direktoru X12 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın ümumi dəyəri 150000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə görə müəyyən edilmiş məbləğ tam ödənilmiş və məbləğin tam şəkildə ödənilməsi barədə "xxxx" MMC-nin direktoru X12 tərəfindən 30 noyabr 2017-ci il tarixli maliyyə arayışı verilmişdir. "xxxx" MMC-nin maddi imkanı olmadığından ünvan 1 ünvanında yerləşən binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilmişdir. "xxxx" MMC tərəfindən isə İddiaçı "xxxx" MMC ilə bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin əsassız olduğu bildirilmişdir. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki X12 mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək, İddiaçı ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78.4 kv.metr olan 2 otaqlı, 86 saylı mənzili 62.720 manata, 2-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86.7 kv.metr olan 2 otaqlı mənzili 64.500 manata və 2ci giriş, 6-cı mərtəbədə yerləşən 96.4 kv.metr sahəsi olan 3 otaqlı, 36 saylı mənzili 72.300 manata satışını həyata keçirmişdir. Onun buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən ofisdə İddiaçı 8 avqust 2017-ci il tarixdə 62.700 manat, 31 avqust 2017-ci il tarixdə 136.800 manat pul vəsaitini almışdır. Faktiki olaraq, yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, "xxxx" MTK-nın möhürünü bir başa olaraq sənədlərə vurub kooperativin möhürü ilə həmin sənədləri 14 iyul və 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı Mərcanə Qürbətovanın adına rəsmiləşdirib İddiaçı təqdim etməklə ondan aldığı 199.520 manatı öz şəxsi ehtiyacları üçün xərcləmişdir. İddiaçı aldadıldığını başa düşərək, verdiyi pul vəsaitini tələb etdikdə o, ifşa olunmasının qarşısını almaq məqsədi ilə 30 noyabr 2017-ci ildə özünün direktor olduğu "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi, 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini pul vasaiti almadan saxta sənədlərlə iddiaçının adına rəsmiləşdirməklə verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvanda yerləşən Cəmiyyətin ofisində qeyri-yaşayış sahəsinin guya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı vermiş, bununla da təkrarən vəzifə saxtakarlığı etmişdir. 24.10.2011-ci il tarixdə, ********** sayla qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Qanuni təmsilçilik funksiyasına malik direktor Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır. X12 isə "xxxx" MMC-də 04.07.2018-ci il tarixdən qanuni təmsilçi olmuşdur. Həmçinin 23 yanvar 2019-cu il tarixdə 100% payını "xxxx" MMC-nin təsisçisi X1. Göründüyü kimi, 2017-ci ilin noyabr ayının 30-da X6 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyəti olmamışdır. 300 kv.metr qeyri-yaşayış sahəsinin pul vəsaiti alınmadan səlahiyyətsiz şəxs, yəni H.Əsgərov tərəfindən İddiaçı vəzifə saxtakarlığı ilə, yəni rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə satılması ilə bağlı X9 ********* saylı cinayət işi üzrə ittiham elan edilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Mülki Məcəllənin 358.1-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bununla da maddi hüquq normaları pozulmuşdur. Bundan başqa, 2019-cu ilin avqust ayında "xxxx" MMC-nin nümayəndəsi və təsisçisi, qanuni təmsilçisi MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyərək prosessual hüquq normaları da pozulmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X13 apellyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X11 şikayətlə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. İddiaçı bildirdi ki, müqavilənin şərtləri cavabdeh MMC tərəfindən pozulub. O, əmlakın dəyərini cavabdehə tam ödəmişdir, lakin hələ də öz əmlakından istifadə edə bilmir, çünki cavabdeh onu inşa edib təqdim etmir. O, müqavilə bağlayanda binanın iki mərtəbəsi tikilmişdi, hazırda tikinti başa çatıb, sonradan iki blok da tikilib. Bakı şəhəri, Xətai rayonunda tikilən binadan 3 mənzil almışdılar. Orada da rəhbər kimi müqavilə bağlayan Hüseyn Əsgərov olmuşdur. Lakin sonradan məlum oldu ki, onları aldadıblar, başqasının mənzilini onlara satıblar. Həmin binada bir çox adama qarşı anoloji cinayətə yol verilmişdir. O, məhz həmin üç mənzilə görə zərərçəkmiş kimi tanınmışdır. Həmin məsələnin hazırki mübahisəyə aidiyyatı yoxdur. Bacısı qızının yoldaşı Şamil Omarov yeni tikilən binalarda kərpic işlərini görür. Mənzilləri də onun vasitəsilə əldə etmişdi. Eləcə də, hazırki qeyri-yaşayış sahəsini də Şamil vasitəsilə əldə etmişdir. Belə ki, Şamil "xxxx" MMC-nin inşa etdiyi binada da kərpic işləri görmüş, bu məqsədlə 180000 manat pul xərcləmişdir. Yəni binanın tikintisinin bir hissəsi həmin vəsait hesabına aparılmışdır. Həmin vəsaitin əsas hissəsi onun puludur. Hüseyn Əsgərov bu pulu qaytara bilməmişdir. O, mübahisəli qeyri-yaşayış sahəsini "xxxx" MMC-dən əvəzli əldə etmiş, dəyərini ödəmişdir. Hazırda MMC-nin keçmiş və indiki sahibləri arasındakı mübahisənin ona aidiyyatı yoxdur. Təsisçilər dəyişsə də, MMC-nin öhdəlikləri qalır və Cəmiyyət onun qarşısında olan öhdəliyi icra etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Digər üçüncü şəxs X6 hazırda barəsində həbs qətimkan tədbirinin seçildiyi, Bakı İstintaq Təcridxanasında saxlanıldığı barədə məlumat var. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, dəyəri ödənildikdən sonra əmlakın alıcıya heç bir qeyd-şərt irəli sürmədən təqdim edilməsi öhdəliyi götürülmüşdür. Yenə iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Yenə də iş materiallarında olan X6 notarial qaydada təsdiqlənmiş 10.12.2017-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının A girişi, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.metr olan qeyriyaşayış sahəsinin pay hüququnun İddiaçı adına keçirilməsinə və onunla müqavilə bağlanmasına etiraz etmir. İşə əlavə edilmiş X6 Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevaya ünvanlanmış ərizəsindən görünür ki, o, İddiaçı qeyri-yaşayış sahəsinin satılmasını və onun tərəfindən dəyərinin tam ödənilməsini təsdiq edir. Yenə işə əlavə edilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan məlum olur ki, "xxxx" MMC-nin 04.07.2018-ci il tarixinə qanuni təmsilçisi X10r. Yenə də işə əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və AR Vergilər Nazirliyi Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişiklikdən görünür ki, Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibi X10r. İşdə olan "xxxx" MMC-nin direktoru X12 ilə "xxxx" MMC-nin direktoru X14 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X12 MMC-də ona məxsus 100% payını X3. Yenə işdə olan Bakı Ağır Cinayətlə Məhkəməsinin 03.09.2021-ci il tarixli, 1(101)- 132/2021 saylı hökmündən görünür ki, X12 AR CM-nin 29,178.3.2, 178.3.2, 308.2, 32.5.308.2, 32.4.312.1, 313 və 32.5.313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə tqəsirli bilinmiş və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məlum olur ki, o, ünvan 4 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binada mənzillərin satışı zamanı rəhbər vəzifəli şəxsi kimi qulluq mövqeyindən istifadə edərək bir qrup şəxsə qarşı sadalanan maddələrdə nəzərədə tutulmuş cinayət hərəkətlərinə yol verdiyi üçün məhkum olunmuşdur. Həmin iş üzrə İddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, bu məbləğ MMC-yə iddiaçı tərəfindən tam ödənilmiş və ona bu barədə 30 noyabr 2017-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. Həmin vaxt binanın tikintisi başa çatmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X12 MMC-də ona məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin direktoru X1. Mübahisə birinci instansiya məhkəməsində araşdırılarkən yerli baxış zamanı binanın tikintisinin getdiyi, birinci mərtəbənin isə yan divarlarının hörülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı binanın tikintisinin başa çatdığını bildirdi. Hazırda İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Lakin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əmlakın dəyəri alıcı tərəfindən tam ödənildiyi tarixdə, sahə alıcıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməlidir. İşdən isə görünür ki, müqavilə bağlanan zaman bina tam hazır olmamışdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, binada qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da, 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 5 ilə yaxın zaman keçsə də, qeyri-yaşayış sahəsi hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır. İşin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, mübahisəli sahəni əldə etmək istəyən İddiaçı müavilə bağlanan zaman əmlakın dəyərini tam şəkildə MMC-yə ödəmişdir. Tərəflə arasında bağlanmış müqavilə bu və ya digər şəkildə mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Sifarişçi müqavilədən imtina etməmişdir. Lakin işdən görünür ki, "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Daha öncə qeyd edildiyi kimi "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli sahənin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da "xxxx" MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. İşdən göründüyü kimi, İddiaçı tərəfindən müqavilə öhdəliyi tam olaraq yerinə yetirilmiş, cavabdeh isə təsisçinin dəyişməsi əsası ilə müqavilənin icrasından boyun qaçırmışdır. İşdən görünür ki, qeyri-yaşayış sahəsinin alınması ilə bağlı iddiaçı ilə "xxxx" MMC arasında 30 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru X12 ilə "xxxx" MMC-nin direktoru X14 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən isə görünür ki, X12 MMC-də ona məxsus 100% payını X1. İş materialları ilə müəyyən edilir ki, 30.11.2017-ci il tarixdə "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru H.K.Əsgərov olmuş və öz səlahiyyətlərindən istifadə edərək həmin tarixli müqaviləni imzlamışdır. Hazırda bu MMC-nin təsisçisinin dəyişməsi, öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məlum qeyri-yaşayış sahəsilə bağlı tərəflərin bağladıqları müqavilə hazırda qüvvədədir və əmlakın dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Belə olan halda isə, "xxxx" MMC bu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməli, dəyəri ödənilmiş qeyri-yaşayış sahəsini heç bir qeyd-şərt irəli sürmədən iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd edildiyi kimi tərəflər arasındakı müqavilə ləğv edilməmişdir, qüvvədədir. Belə olan halda həmin müqavilədən irəli gələn öhdəliklər də qüvvədədir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən faktiki halları ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. MMC isə müavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişilməsilə bağlı əsas gətirərək müqavilənin icrasından imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydad icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır. Buna görə də məhkəmə kollegiyası ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları əsasən sübut edə bilmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, X12 "xxxx" MMC-də 04.07.2018-ci il tarixdən qanuni təmsilçi olmuşdur. 23 yanvar 2019-cu il tarixdə 100% payını "xxxx" MMCnin təsisçisi X1. 2017-ci ilin noyabr ayının 30-da X6 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini tam əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və AR Vergilər Nazirliyi Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişiklikdən görünür ki, Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibi X12 olmuşdur. O, MMC-də olan öz payını 23 yanvar 2019-cu il tarixdə özgəninkiləşdirmişdir. Başqa sözlə, 2017-ci ilin noyabr ayının 30-da X2 Şəmsiyyə Ağaxan qızı ilə əqd (müqavilə) bağlayarkən səlahiyyətli şəxs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar