Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-363/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X2 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: X1 iştirakları ilə, İddiaçı Cavabdehşah qızına qarşı qeyri yaşayış və yaşayış binasının sökülməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun İddiaçı tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməsi, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehşah qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 nömrəli ünvanda cavabdeh tərəfindən yeni tikilən qeyri-yaşayış və yaşayış binasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 A ünvanında yaşayır. Cavabdeh isə ünvan 1 saylı evdə uzun müddətdir ki, onunla qonşuluqda yaşayır. Bu vaxta qədər aralarında heç bir münaqişələri olmamışdır. Əvvəllər onun həyətindən su arxı axmış, cavabdeh öz çirkab sularını həyətinə axıtmışdır. Su arxı çirkab suları yuyub aparmışdır. Dövlət tərəfindən kanalizasiya çəkildiyi üçün su arxı bağlandıqdan sonra cavabdeh öz çirkab sularını kanalizasiyaya qoşmamış və həmin suları onun həyətinə axıtmaqda davam edir. Çay suyu olmadığına görə cavabdehin axıtdığı çirkab sularının üfunətindən mülkdə oturmaq mümkün olmur. Qonşuların əksəriyyəti çirkab suları kanalizasiyaya axıtmağa başlasalar da, cavabdeh öz çirkab sularını kanalizasiyaya qoşmur. Dəfələrlə ona müraciət etsə də müsbət nəticəsi olmamışdır. Bu səbəbdən o, məcbur olub Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə ərizə yazaraq tədbir görülməsini xahiş etmişdir. Müraciəti əsasında həmin təşkilatın, Xaçmaz bələdiyyəsinin, X5 işçiləri gəlib ərazini yoxlamış və qeyd olunan fakt öz təsdiqini tapdıqdan sonra cavabdehə bu barədə xəbərdarlıq etmişlər. Cavabdeh vəd vermişdir ki, 7 gün ərzində həyətində quyu qazdıracaq və suları həmin quyuya axıdacaqdır. Lakin cavabdeh hakimiyyət nümayəndələrinin də tələbinə baxmamış, öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. O, cavabdehdən çirkab sularını mülkiyyətinə axıtmasına son qoymasını tələb etdikcə o, həyətində əlavə tikintilər apararaq çirkab sularının axıdılmasını daha da çoxaltmışdır. Həyətində evi olmasına baxmayaraq əlavə ticarət obyekti (bərbərxana) inşa etdirərək çirkab sularını onun həyətinə axıtmağa başlamışdır. Onun inşa etdirdiyi obyektlər tikinti norma və tələb qaydalarına ziddir. Bu tikililərin layihə və smeta sənədləri yoxdur. Tikintilər arasında onun evi ilə ara məsafəsi saxlanılmamış, tikintiyə icazə verilməsi barədə qərarın olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilən (9-cu bənd) ara məsəfəsi ilə bağlı müfəssəl qaydaların tələbinə ziddir. Məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən onun iddia tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırması zamanı öz təstiqini tapmamış, o, cavabdehin mülkiyyətinə qəsd edən hərəkətlərə yol verməsinin əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəyi ilə Cavabdeh tərəfindən yaşadığı ünvanda yerləşən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun olmadan tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Məhkəmə iddia tələbini rədd edərkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 4078 saylı rəyini əsas tutmuşdur. Həmin rəy tamamilə əsassızdır. İşdə olan ərazinin fotoşəklərindən də görünür ki, həqiqətən də cavabdehin çirkab suları həyətinə axıdılır. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-147/2020 saylı qətnaməsini ləğv edib yerində iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus olan torpaqda olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan MA seriyalı, ******* nömrəli, **********11-10301 reyestr nömrəli, xx xxxxxxx 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 A saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olan may 1998-ci il tarixli, 3741 inventar nömrəli, 4423a reyestr nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh əri X4 adına qeydə alınmışdır. İşdə olan «ARCHİPLANS» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanaraq təsdiq edilmiş layihə-planlaşdırma sənədinin surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən E.H.Osmanovun həyətyanı torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi layihələndirilmişdir. Məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayaraq ekspert rəyinə istinad edib, iddianı rədd edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasmib Kərimovun xx xxxx 2020-ci il tarixli, 4078 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 saylı ünvanda həyətyanı torpaq sahəsində tikdiyi kommersiya məqsədləri üçün olan qeyri-yaşayış sahəsi və yaşayış sahəsi lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur. Tikinti işləri aparılmış ərazi 4m x 10m ölçüdə olmaqla 40 kv.m sahəni əhatə edir və cavabdehin həyətinə giriş qapısının sol tərəfində, iddiaçıya məxsus olan fərdi yaşayış evindən 1-1,5 m aralıda inşa edilmişdir. Eyni zamanda sözügedən tikilinin arxa hissəsində 2,6m x 2,4m ölçüdə kanalizasiya quyusu inşa edilmişdir. Cavabdeh yaşadığı ünvan 1 saylı ünvanda, həyətyanı torpaq sahəsində tikdiyi kommersiya məqsədləri üçün olan qeyri-yaşayış sahəsi və yaşayış sahəsinin çirkab suları kanalizasiya boruları vasitəsilə həmin tikilinin arxasında inşa edilmiş 2,6m x 2,4m ölçüdə olan kanalizasiya quyusuna axıdıldığı müəyyən olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Hazırkı məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz tikintilər aparmış, cavabdeh bu tikintilərin, eləcə də yaşayış evinin çirkab sularını onun həyətinə axıtmaqla onun mülkiyyətinə qəsd edən hərəkətlərə yol verir. Bu səbəbdən iddiaçı cavabdehin yaşadığı evin və evin yerləşdiyi həyətyanı sahəsində apardığı tikililərin sökülməsini xahiş edir. Göründüyü kimi, bu zaman iddiaçının üzərinə Cavabdeh yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz tikintilər aparmasını, cavabdehin bu tikintilərin, eləcə də yaşayış evinin çirkab sularını onun həyətinə axıtmaqla onun mülkiyyətinə qəsd edən hərəkətlərə yol verməsini sübutetmə yükü düşür. Əksinə olaraq, Cavabdeh üzərinə yaşadığı ünvan 1 saylı evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində olan tikililərin çirkab sularının tərəfindən İddiaçı yaşadığı evin həyətinə axıdılmamasını, onun yaşadığı evin və evin həyətində olan tikililərin yağış və çirkab suları borular vasitəsilə həyətindəki tikililərin arxasında qazıtdırdığı kanalizasiya quyusuna axıtdığını və iddiaçıya heç bir maneçiliyi və zərəri toxunmadığını, həyətyanı torpaq sahəsində apardığı tikililərin müvafiq qaydada layihələndirildiyini sübutetmə yükü düşür. Odur ki, məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsi tərəfindən təkrar ekspertizasının keçirilməməsi barədə dəlili qəbul etmir. Aparılmış məhkəmə araşdırması zamanı iş materialları ilə Cavabdehşah qızının yaşadığı ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində olan tikililərin yağış və çirkab sularının cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 A saylı ünvanda yerləşən evin həyətinə axıdılmadığı, cavabdehin yaşadığı evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində mövcud olan tikililərin yağış və çirkab sularının kanalizasiya boruları vasitəsilə həyətində qazdırmış olduğu kanalizasiya quyusuna axıdıldığı öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının sökülməsini mübahisələndirdiyi ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi qanunsuz tikinti deyildir, həmin fərdi yaşayış evinə dair 1998-ci ildə cavabdehin əri E.H.Osmanovun adına texniki pasport işlənmiş, həmin texniki pasport həmin vaxt fəaliyyət göstərmiş Xaçmaz rayon Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət X3 tərəfindən müvafiq qaydada inventarlaşdırılmaqla qeydə alınmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-147/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-363/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-363/2021
25.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver